17 FEVRAL 2021
RUSİYA
Bir ilədək məhkəməyədək həbsdə və ev dustaqlığında olan iki bacının işi üzrə qərar veriləcək
YENİLƏNİB | İki bacının apelyasiya şikayəti təmin edilmədi
15 sentyabr 2021-ci il tarixində Smolensk Vilayət Məhkəməsi Nataliya Sorokina və Mariya Troşinanın apelyasiya şikayətini təmin etmədi. Onlar barədə çıxarılmış qərar qüvvədə qaldı. Bacılar həbs olunmayacaq.
22 aprel 2021-ci il tarixində Smolensk Vilayətinin Sıçyovski Rayon Məhkəməsi bacılarımız Nataliya Sorokina və Mariya Troşinanı altı il müddətinə şərti həbs cəzasına məhkum etdi.
Bacılar barədə məlumat
Nataliya Sorokina
Doğulduğu il: 1975 (Almaniya, Drezden şəhəri)
Bioqrafiya. Almaniyadan Sankt-Peterburq, oradan isə Smolensk vilayətinin Sıçyovka şəhərinə köçmüşdü. Tibb bacısı işləyir. Əl işləri ilə məşğul olur, daha çox insana təbliğ etmək üçün müxtəlif dillər öyrənməyi sevir. Müqəddəs Kitabı Yehovanın Şahidləri ilə öyrənib. Allahın yaratdıqları və gələcəyə ümid haqda öyrəndikləri ona böyük təsir bağışlayıb və onda Allaha xidmət etmək istəyi yaradıb. 1994-cü ilin avqust ayında vəftiz olunub.
Mariya Troşina
Doğulduğu il: 1977 (Sankt-Peterburq şəhəri)
Bioqrafiya. Uşaqlıqdan tarixə böyük marağı var. Bələdçi işləyib. Xidmətini genişləndirmək üçün xarici dilləri öyrənir.
Müqəddəs Kitabı Yehovanın Şahidləri ilə öyrənib. Onun tarixi və elmi cəhətdən dəqiq olması Mariyaya böyük təəssürat bağışladı. 1991-ci ilin iyul ayında həyatını Yehova Allaha həsr etdi. Anası da vəfat etməzdən əvvəl Müqəddəs Kitabı öyrənmiş və vəftiz olunmuşdu.
Cinayət işi haqda məlumat
7 oktyabr 2018-ci il tarixində Federal Təhlükəsizlik Xidmətinin (FTX) və yerli polis şöbəsinin əməkdaşları Sıçyovka şəhərində Yehovanın Şahidlərinin yaşadığı dörd evə basqın etdilər. FTX, azyaşlılar da daxil olmaqla, 17 bacı-qardaşın şəxsi əşyalarını müsadirə etdi. Sorokina Nataliyanı və Troşina Mariyanı həbsə aldılar.
Axtarış barədə Mariya deyir ki, imanlarına görə həbs olunmuş digər bacı-qardaşların həyat hekayələrini oxuması onu bu sınağa hazırlamışdı. Bacı deyir: «Axtarış aparılan və həbs olunduğum gün qəlb rahatlığı hiss edirdim. Heç ağlıma gəlməzdi ki, adamda belə qəlb rahatlığı ola bilər. Bu yalnız Allahın ruhu sayəsində idi».
Reyddən iki gün sonra Smolensk şəhərinin Leninski Rayon Məhkəməsi hər iki bacı barədə həbs qətimkan tədbiri seçdi. Onlar 191 gün məhkəməyədək həbsdə oldular. Bundan sonra onları altı aydan çox ev dustaqlığında saxladılar.
Bacılarımız deyir ki, sınaqları başlamazdan əvvəl Yehova ilə sıx münasibət qurmaları onlara dözməyə kömək etdi. Nataliya deyir ki, hər şeyə Yehovanın gözü ilə baxmaq və sınaqların əslində kimdən olduğunu yadda saxlamaq çox vacibdir. Nataliya sözünə belə yekun vurur: «Allahın xalqının üzləşdiyi təqiblərin arxasında həmişə Şeytan durub və hər birimizin Allaha sadiq olduğumuzu sübut etmək imkanı var».
Mariya əlavə edir: «Yehova ilə münasibətlərimizi möhkəmləndirmək üçün hər gün nəsə etməliyik. Həmçinin həyatımızda Yehovanın əlini və qayğısını görmək çox vacibdir. Ona hər şeydə etibar etməyi öyrənin. Müqəddəs Kitabı hər gün oxumağı sevin, hadisələrin ardıcıllığını yadda saxlayın və sevimli ayələrinizi əzbərləyin».
Sınaqlara dözən bu bacılarımız hər birimiz üçün böyük nümunədir. Bəli, gəlin Yehovaya güvənək, Odur köməyimiz, Odur qalxanımız (Zəbur 115:11).