18 MART 2021 | YENİLƏNİB: 20 DEKABR 2022
RUSİYA
Birobicanda dörd qardaş həbsə məhkum edilə bilər | YENİLƏNİB. QARDAŞLAR MƏHKUM OLUNDU
Yəhudi Muxtar Vilayətinin Birobican Rayon Məhkəməsi Alam Aliyev, Valeri Kriqer, Sergey Şulyarenko və Dmitri Zaqulinin. Alam Aliyev altı il yarım müddətinə, Dmitri Zaqulin üç il yarım müddətinə həbs olunmuşdu. Valeri Kriqer və Serqey Şulyarenko isə yeddi il müddətinə həbs olunmuşdu. Qardaşların dördü də məhkəmə zalından birbaşa həbsə aparılmışdı.
Qardaşlar barədə məlumat
Alam Aliyev
Doğulduğu il: 1963 (Azərbaycan, Ləki kəndi)
Bioqrafiya. Sovet İttifaqı dövründə Almaniyada hərbi xidmət keçib. Sonra balıq tutan gəmidə işləyib. 1989-cu ildə Xabarovska (Rusiya) köçüb. Hal-hazırda maşinist işləyir.
Müqəddəs Kitabı Rusiyaya köçəndən bir qədər sonra araşdırmağa başladı. 1991-ci ildə vəftiz olundu. 2015-ci ildə Svetlana ilə evləndi. Onlar təbiət qoynunda vaxt keçirməyi sevir.
Valeri Kriqer
Doğulduğu il: 1968 (Yəhudi Muxtar Vilayəti)
Bioqrafiya. Qeyri-dindar ailədə böyüyüb. Uşaqlıqda akrobatika ilə məşğul olub. Masaj kurslarını bitirib. Hal-hazırda bu sahədə özəl biznesi var. 1994-cü ildə vəftiz olunub. 2017-ci ildə Nataliya ilə ailə həyatı qurub. Voleybol oynamağı və təbiət qoynunda birgə vaxt keçirməyi sevirlər.
Sergey Şulyarenko
Doğulduğu il: 1984 (Xabarovsk)
Bioqrafiya. Uşaqlıqda Türkmənistanda yaşayıb. Atası orada hərbidə xidmət edirdi. Maşinist köməkçisidir. Portret çəkməyi və xarici dillər öyrənməyi sevir. Yehova haqqında anasından öyrənib. 1997-ci ildə 13 yaşında vəftiz olunub.
Dmitri Zaqulin
Doğulduğu il: 1973 (Xabarovsk)
Bioqrafiya. Uşaqlıqda hərbçi olmaq istəyirdi. Döyüş sənətlərinə yiyələnib və paraşütlə tullanmaq üzrə təlim keçib. Hal-hazırda Rusiya Dəmir Yolları şirkətində işləyir. Müqəddəs Kitabı 1991-ci ildə araşdırmağa başlayıb. 1992-ci ildə vəftiz olunub. 2012-ci ildə Tatyana ilə evlənib.
Cinayət işi haqda məlumat
17 may 2018-ci il tarixində güc strukturlarının 150 əməkdaşının iştirakı ilə Birobicanda «Qiyamət günü» əməliyyatı keçirildi. Alam Aliyev «ekstremist təşkilatın fəaliyyətini təşkil etməkdə» ittiham edildi və səkkiz gün istintaq təcridxanasında saxlanıldı. Valeri Kriqer, Sergey Şulyarenko və Dmitri Zaqulinə qarşı da ittihamlar irəli sürüldü. Qardaşların dördündən də başqa yerə getməmək barədə iltizam götürülüb. Alamın, Valerinin və Dmitrinin həyat yoldaşları barədə də ayrıca cinayət işləri açılıb.
Həbsdən əvvəl Alam təqiblər mövzusunu araşdırırdı. Qardaş öyrəndiklərini yığıncaqdakı bacı-qardaşlarla bölüşürdü. O deyir: «Mən onlara ürək-dirək verərək deyirdim ki, təqiblər zamanı qorxuya düşməsinlər. Bu lap vaxtında idi, çünki cəmi bir həftədən sonra yığıncağımızdan olan 21 ailənin evində axtarışlar aparıldı».
Valeri və onun həyat yoldaşı Nataliya onlardan alınmış iltizama görə Cənubi Koreyanın Seul şəhərində keçirilmiş beynəlxalq toplantımıza gedə bilmədilər. Onlara İsraildə yaşayan valideynlərinə də baş çəkməyə icazə verilmədi. Əfsuslar olsun ki, 2019-cu ilin fevral ayında Valerinin atası vəfat etdi. Bir neçə aydan sonra isə anası onurğasında əməliyyat keçirdi və ona günün 24 saatı qulluq lazım idi. Valeri əmindir ki, Yehova onları darda qoymadı. Valideynləri imanlarına şərik olmasa da, onun anasına İsraildəki dindaşları baxdılar. Valeri deyir: «Anamın vəziyyəti barədə Yehovaya dua etdik və O, dualarımıza cavab verdi. İsraildəki dindaşlarımız anamı tək qoymadılar. Onlar ona baş çəkir, onunla söhbət edir və yığıncaq görüşlərinə dəvət edirdilər. Anamın yanında ola bilməsək də, Yehovanın əlini aydın gördük. O, beynəlxalq qardaşlıq vasitəsilə kömək etməyə qadirdir».
Dmitri qardaşı isə təqiblər bildiyi bir şeyə daha da əmin etdi. O deyir: «Həyatda hər şey yaxşı gedəndə və ibadətimiz üçün heç bir əngəl olmayanda asanlıqla ruhani sərvətimizə adi gözlə baxmağa və ona qarşı biganə yanaşmağa başlaya bilərik. Ancaq hakimiyyət orqanları Allaha sərbəst ibadət etmək imkanından məhrum edəndə dərk edirsən ki, indiki şəraitdə əlindən gələni etmək və gələcəkdə baş verə biləcək təqiblərə hazırlaşmaq olduqca vacibdir. Ona görə indiki azadlıqdan göydə xəzinə toplamaq üçün istifadə etmək ağıllı hərəkətdir. Onda biz sonadək dözə biləcəyik və imanımız möhkəm qalacaq» (Mətta 6:20).
Şübhə yoxdur ki, Yehova Rusiyadakı əziz bacı-qardaşlarımıza «insan gücündən üstün olan» güc verir (2 Korinflilərə 4:7).