Kontentə keç

Svetlana Monis həyat yoldaşı Alam Aliyev ilə

3 FEVRAL 2021
RUSİYA

Cinayət təqibinə rəğmən, Svetlana Monis nikbinliyi qoruyur | YENİLƏNİB. BACI MƏHKUM OLUNDU

Cinayət təqibinə rəğmən, Svetlana Monis nikbinliyi qoruyur | YENİLƏNİB. BACI MƏHKUM OLUNDU

31 oktyabr 2022-ci il tarixində Yəhudi Muxtar Vilayətinin Birobican Rayon Məhkəməsi Svetlana Monis bacını təqsirli bilərək iki il yarım müddətinə şərti həbs cəzasına məhkum etdi. Cəza şərti olduğu üçün bacı həbsə salınmayacaq.

9 mart 2022-ci il tarixində Yəhudi Muxtar Vilayət Məhkəməsi Svetlana bacı barədə çıxarılmış hökmü ləğv etdi. Bacının işi yenidən baxılması üçün Yəhudi Muxtar Vilayətinin Birobican Rayon Məhkəməsinə qaytarıldı.

15 fevral 2021-ci il tarixində Yəhudi Muxtar Vilayətinin Birobican Rayon Məhkəməsi Svetlana bacını qadağan olunmuş təşkilatın fəaliyyətində iştirak etməkdə təqsirli bilərək 10 000 rubl (135 ABŞ dolları) məbləğində cərimə etdi.

Bacı barədə məlumat

Svetlana Monis

  • Doğulduğu il: 1977 (Lesozavodsk şəhəri)

  • Bioqrafiya. Görmə qabiliyyətinin zəifləməsindən əziyyət çəkir. Yeni dil öyrənməyi sevir. Çin, ingilis və alman dillərini öyrənib. Oğlunu, demək olar, tək böyüdüb. Ailəsini dolandırmaq üçün kiçik çin restoranı açıb.

    Dünyada hökm sürən ədalətsizlik onu bərk narahat edirdi, ona görə Müqəddəs Kitabı araşdırmağa başladı. 2005-ci ildə vəftiz olundu. 2015-ci ildə Alam Aliyev ilə ailə həyatı qurdu. Yoldaşı barədə də ayrı cinayət işi açılıb.

Cinayət işi haqda məlumat

26 sentyabr 2019-cı il tarixində Federal Təhlükəsizlik Xidmətinin (FTX) baş müstəntiqi, leytenant D. Yankin Svetlana Monis bacı barədə cinayət işi açdı. Məhkəmənin qərarı ilə təxminən iki ay ona öz maşınından istifadə etmək qadağan edilmişdi, baxmayaraq ki maşın ona 91 yaşlı nənəsinə kömək etmək üçün lazım idi.

İlkin istintaq 2019-cu ilin dekabr ayında başa çatdı. Bir qədər sonra cinayət işinin materialları Birobican Rayon Məhkəməsinə ötürüldü.

Svetlana istintaq barədə xatırlayır: «Axtarışı sakit qarşıladım. Məhz o vaxt ilk dəfə “salehlik yolunda təqib olunanlar xoşbəxtdir” sözlərinin məğzini dərk etdim» (Mətta 5:10).

Axtarışdan sonra Svetlananın yoldaşı Alamı da tutub səkkiz gün müddətinə məhkəməyədək həbsə saldılar. Bacı xatırlayır: «Alama görə bərk narahat idim. Bunu etməmək mənim üçün ən çətin sınaq idi. Çünki ərimin xroniki bel ağrıları şiddətlənmişdi. Axtarışdan cəmi bir həftə əvvəl o, xəstəxanada müalicə almışdı. Onunla heç cür əlaqə saxlamaq mümkün deyildi və vəziyyəti barədə məlumatım yox idi. Hisslərimi Yehovaya danışdım, dedim ki, bütün qayğılarımı Ona tapşırıram və əminəm ki, O ən yaxşı tərzdə Alamın qayğısına qalacaq».

Svetlana Yehovanın onunla olduğuna heç vaxt şübhə etmirdi. Bacı deyir: «Mən Onun qayğısını həm görür, həm də hiss edirdim. Başa düşürdüm ki, indi təlaşa düşməyin vaxtı deyil... Çalışırdım özüm barədə həddən artıq çox fikirləşməyim. Yehovaya sadiq qalmaq barədə düşünürdüm».

Nikbinliyi qorumaq üçün Svetlana və Alam var gücləri ilə imanlarını möhkəmləndirir. Svetlana deyir: «Hər gün bir yerdə gündəlik ayəni və Müqəddəs Kitabdan bir fəsil oxuyub müzakirə edirik. Yehovada təsəlli tapmağa və Ona güvənməyə təşviq edən ayələrə həmişə xüsusi diqqət yetiririk». Əşiya 41:10 ayəsində deyilir: «Təlaşa düşmə, sənin Allahın Mənəm». 2019-cu ilin illik ayəsi olan bu ayə Svetlana və Alama Yehovanın sevgisini xatırladır və Onun məhəbbətinə əmin edir. O deyir: «Biz bu ayəni çap edib çərçivəyə saldıq».

Svetlananın dözüm göstərməsi imanına şərik olmayan qohumlarına müsbət təsir göstərir. Bacı izah edir: «Bir vaxtlar imanıma görə mənə qarşı çıxan anama gözəl şahidlik verə bildim. İndi o, imanımıza hörmətlə yanaşır, həmişə bizə dəstək olur və şəfqət göstərir... Pravoslav dininə etiqad edən 91 yaşlı nənəm də bizə görə narahat olduğunu deyir. İndi o, Müqəddəs Kitaba maraq göstərir».

Biz Svetlana və Alam barədə dua edirik. Əminik ki, Yehovanın köməyilə onlar həmişə nikbin qalacaq, çünki onları ürəkləndirən Yehovadır (Zəbur 10:17).