19 İYUN 2024
RUSİYA
Denis Antonov və Aleksandr Korolyov Rusiya həbsxanasından azad edildi
14 iyun 2024-cü il tarixində Rusiyanın Moloçnitsa kəndində həbsdə olan Denis Antonov və Aleksandr Korolyov həbsxanadan azad edilib. Qardaşların hər ikisi 25 avqust 2022-ci il tarixində təqsirli bilinərək iki il müddətinə həbsə məhkum edilmişdi. Məhkum olunmazdan əvvəl bir müddət istintaq təcridxanasında saxlanıldıqları üçün onların həbs müddəti artıq başa çatıb.
Denisin həyat yoldaşı Olqa ayrı qaldıqları bu vaxt ərzində onlara nəyin kömək etdiyi ilə bağlı belə deyir: «Biz məktublarımızda bir-birimizə ayələr yazırdıq. Beləcə, ruhlanırdıq. Xüsusilə də, Vaiz 8:12 ayəsinin bizə çox köməyi olub. Bu ayədə Süleyman padşah demişdi: “Bilirəm ki,.. yenə Allahdan qorxanlar xeyir tapacaq”. Bunu oxuyanda əmin olduq ki, Yehovaya xidmət etməyə davam etsək və təslim olmasaq, O bizə dözməyə güc verəcək».
Aleksandr məhkum edilməzdən qabaq məhkəməyə verdiyi son ifadəsində öz vəziyyətini Dənyal peyğəmbərin vəziyyəti ilə müqayisə etmişdi. O demişdi: «Ölümlə üz-üzə qaldığı vəziyyətdə belə, Dənyalın imanı onu təşviq etdi ki, Yehova Allaha durmadan dua etsin. Mən də Yehovadan xahiş edirəm ki, mənə bu cür iman versin, heç bir təqib imanımı sarsıda bilməsin».
Çox şadıq ki, Denis və Aleksandr yenidən ailələrinə qovuşdu. Onların hadisəsi bizi Zəbur 4:3 ayəsində verilən sözün gerçəkliyinə əmin edir: «Bilin ki, Yehova Öz sadiq bəndəsini ucaldar; [biz] çağıranda Yehova eşidər».