24 İYUL 2020
RUSİYA
Dennis Kristensen ikinci dəfə cəza kamerasına salınıb
2020-ci il iyulun 15-i Dennis Kristensen ikinci dəfə xüsusi cəza kamerasına (ŞİZO) salınıb. O, orada ən azı iyulun 27-ə qədər qalacaq. Qardaş birinci dəfə ŞİZO-dan çıxdıqdan cəmi dörd gün sonra yenə də ora qaytarılıb. Əgər o, üçüncü dəfə ora göndərilərsə, həbsxana müdiriyyəti onu «həbsxana qaydalarını qəsdən pozan məhbus» adı ilə altı ayadək müddətə daha sərt cəza kamerasına (EPKT) göndərə bilər. Dennisin vəkilləri bu qərardan şikayət vermək niyyətindədir.
Dennisin səhhəti həbsxanada ona tapşırılan işi görməyə imkan vermədiyi üçün müdiriyyət onu cəzalandırır. Belə ki, müdiriyyətin tələbinə görə o, həbsxananın tikiş fabrikasında işləməlidir. Lakin həbsxanaya düşəndən onun sağlamlığı xeyli pozulub. Həbsxana həkimlərinin rəyinə əsasən, o, kifayət qədər sağlamdır və istirahət və idman hərəkətləri üçün fasilələr etmək şərtilə işləyə bilər. Bundan əvvəl ona baxmış müstəqil həkim isə bildirmişdi ki, Dennisin sağlamlığı həbsxanada ona tapşırılmış işi görməyə imkan vermir.
ŞİZO-ya göndərilən məhbuslara ərzaq almağa, telefon zəngləri etməyə, başqalarının onlara baş çəkməsinə, bağlama almağa icazə verilmir. Bununla belə, din xadimləri onlara baş çəkə bilər. Lakin Dennis qardaşa icazə verilmir ki, ağsaqqallar ona baş çəksin, çünki Yehovanın Şahidlərinin ölkədə rəsmi qeydiyyatı yoxdur.
Bundan əvvəl məlumat verildiyi kimi, iyunun 23-ü Lqov Rayon Məhkəməsi Dennis Kristensenin vaxtından əvvəl azad edilməsinə və həbs cəzasının yerdə qalan hissəsinin cərimə ilə əvəz edilməsinə qərar vermişdi. Bir neçə gündən sonra prokuror bu qərardan şikayət verdi. Görünür, prokurorla əlbir olan həbsxana müdiriyyəti Dennisin adına xələl gətirərək onun vaxtından əvvəl azadlığa çıxmasına mane olmağa çalışır.
Nə Dennis, nə də onun həyat yoldaşı İrina müsbət əhval-ruhiyyəni itirmir. Yehovanın sadiq xidmətçilərinə ən şiddətli sınaqlardan belə həmişə sevinclə və səbirlə çıxmağa kömək etdiyini görəndə ürəyimiz dağa dönür (Koloslulara 1:11).