11 İYUN 2019
RUSİYA
Dennis Kristensenin mayın 23-ü məhkəmədəki çıxışının stenoqramı
23 may 2019-cu il tarixində apellyasiya məhkəməsində Dennis Kristensen məhkəmə qarşısında son çıxışını edib. Aşağıda onun məhkəmədəki çıxışının stenoqramı (rus dilindən tərcümə olunub) gətirilib.
Bu cinayət işinin getdiyi son iki il ərzində mənə kömək edən və dəstək olan hər kəsə öz minnətdarlığımı bildirmək istəyirəm.
İlk öncə birinci gündən mənə kömək etmək və dəstək olmaq üçün əlindən gələni edən həyat yoldaşım İrinaya minnətdaram. O, mənim qeydimə qalıb, geyim, ərzaq, dərman və təcridxanada lazım olan digər əşyaları gətirib. O, yanıma gəlməklə və hər gün yazdığı məktublarla mənə mənəvi və ruhani dəstək olub.
Əziz həyat yoldaşım, sənin möhkəm imanın, böyük səbrin, təmkinliyin, mənə və həqiqətə olan məhəbbətin, həmçinin nikbinliyin mənim üçün böyük örnəkdir. Bil ki, səni çox sevirəm və səninlə fəxr edirəm!
Həmçinin Danimarkadakı ailəmə, xüsusilə də yaşlı atama və bacıma minnətdarlığımı bildirirəm. Bilin ki, sizin üçün çox darıxıram. Sizi sevirəm və mənim üçün etdiklərinizi çox dəyərləndirirəm. Təcridxanada olduğum müddətdə çoxsaylı məktublarınız və zənglərinizlə mənə dəstək oldunuz. Əminəm ki, heç vaxt təslim olmayacaqsınız və bir gün yenidən ailə kimi bir yerdə olacağımıza ümidinizi itirməyəcəksiniz.
Mən həmçinin bütün dünyadakı çoxsaylı dostlarıma da öz minnətdarlığımı bildirmək istərdim. Siz məktublarınız, ruhlandırıcı sözləriniz, gözəl rəsmləriniz və hədiyyələrinizlə mənə çox dəstək olmusunuz. Bütün bunların sayəsində bir daha əmin oldum ki, tək deyiləm və mənim böyük beynəlxalq ailəm var.
Əziz dostlar, siz bilməlisiniz ki, böyük və ya kiçik olmasından asılı olmayaraq, hər məktubunuz məni ruhlandırdı və möhkəmləndirdi. Məktublarınıza cavab verə bilməsəm, xahiş edirəm, ruhdan düşməyin. Söz verirəm, gələcəkdə sizi tapacağam, «çox sağ ol» deyəcəyəm və bağrıma basacağam!
Bundan əlavə, Danimarkanın Moskvadakı səfirliyinə və onun əməkdaşlarına da minnətdaram. Siz bir çox iclaslara gəldiniz və bir neçə dəfə mənə təcridxanada baş çəkdiniz. Sizin faydalı məsləhətləriniz, göstərişləriniz və mənə verdiyiniz ürək-dirək mənim üçün çox dəyərlidir. Sizin dəstəyinizi və köməyinizi çox qiymətləndirirəm.
Bu iclasda şəxsən iştirak etdiyimə görə apellyasiya məhkəməsinə təşəkkürümü bildirirəm. Digər apellyasiya iclaslarında təcridxanadan videokonfrans vasitəsilə qoşulanda deyilənləri eşitmək çətin idi. Baş verənlərin yarısını başa düşmürdüm. Bu, müdafiəmi zəiflədirdi. Bundan əlavə, təcridxanadan videokonfrans vasitəsilə qoşulanda qəfəsdə oturursan, sanki zooparkda olan heyvansan. 21-ci əsrdə bunu nalayiq və qeyri-insani rəftar hesab edirəm.
Mən iki ilə yaxındır ki həbsdəyəm. Bu məhkəmə işi isə artıq 15 aydır gedir. Bütün bunlara dözmək, təslim olmamaq və ruhdan düşməmək üçün müəyyən daxili gücə sahib olmaq önəmlidir. Müqəddəs Kitabda Filippililərə 4-cü fəslin 13-cü ayəsində deyilir: «Çünki mənə qüvvət verənin sayəsində hər şeyə gücüm çatır» a. Əşiya 12-ci fəslin 2-ci ayəsində isə deyilir: «Allah nicatımdır. Ona güvənərəm, heç bir qorxum olmaz. Çünki Yah, Yehova gücüm, qüvvətimdir, O, mənim nicatımdır!»
Bütün bu vaxt ərzində Allahım Yehovanın yanında olduğunu, bütün bunlara dözmək, təslim olmamaq, ruh düşkünlüyünə qarşı mübarizə aparmaq, sevincimi, xoşbəxtliyimi qorumaq və daima gülümsəmək üçün mənə güc verdiyini hiss etmişəm. Mən buna görə Ona çox minnətdaram və Onun şahidi kimi — Yehovanın Şahidi kimi xidmət etməkdən qürur duyuram.
Çoxları cinayət təqibinin mənə necə təsir etdiyini soruşur. Təbii ki, uzun müddət həbsdə, həyat yoldaşımdan, ailəm və dostlarımdan uzaqda olmaq asan deyil. Son iki ildə mən tək-tənha yaşamışam. Demək olar ki, sadəcə mövcud olmuşam. Günün 24 saatının 23-ü ölçüsü 3 metrənin 6 metrəyə olan həbsxana kamerasında keçib. Gündə bir saat həbsxana həyətində gəzirdim, oranın da ölçüsü 3 metrənin 6 metrəyə idi, amma heç olmasa həyət idi. Bu müddət ərzində müxtəlif insanlarla tanış oldum və çoxlu maraqlı söhbətlərimiz oldu. Fikir verdim ki, onların çoxu işlərinin ədalətlə həll olunmasına çalışır. Çoxuna elə gəlir ki, onları eşitmirlər. Bu son iki ildə mən də eyni hissləri keçirmişəm. Mən imkanım daxilində onlara dəstək olmağa və ruhlandırmağa çalışırdım, çünki əminəm ki, İsa Məsih də eyni şeyi edərdi.
Çoxlu yeni dostlara sahib oldum. Onlardan bəziləri bir neçə məhkəmə iclasımda iştirak edib, bəziləri isə məktublar yazıb. Bəzilərini şəxsən tanıyıram, bəzilərini isə hələ yox. Kimisə mənim dindaşımdır, kimisə yox. Lakin onların hamısı məni dəstəkləyir, burada baş verən bu ədalətsizliklə razılaşa bilmir, çünki Rusiyada bəziləri qonşularını özünü sevdiyi kimi sevən dinc Yehovanın Şahidlərinə cinayətkar damğası vurmağa çalışır və onları ekstremist adlandırır. Bu tamamilə məntiqsiz və gülüncdür. Çoxları bütün bunların Rusiyada 21-ci əsrdə baş verməsindən şokdadır.
Bəziləri cinayət təqibinin imanıma necə təsir etdiyini soruşur. Bu cinayət təqibinin sayəsində imanım daha da möhkəm olub. Mən Yaqubun məktubu 1-ci fəslinin 2—4 ayələrində yazılanları öz üzərimdə hiss etmişəm. Orada yazılıb: «Qardaşlar, üzləşdiyiniz müxtəlif sınaqları sevinclə qarşılayın. Bilin ki, sınanmış imanınız sizdə dözüm hasil edir. Qoy dözüm öz işini tamamlasın ki, siz kamil və hər cəhətdən sağlam olasınız, heç nədə əskiyiniz olmasın».
Mən kamillikdən uzağam, lakin sınaqlar zamanı dözməyi və sevincimi itirməməyi öyrənmişəm. Ən vacibi isə odur ki, Allahım Yehovaya daha da yaxın olmuşam. Başqalarına Allah və Onun niyyəti barədə danışmağı indi daha çox istəyirəm. İnsanların problemlərinin yeganə həlli olan Allahın Padşahlığı barədə xoş xəbəri danışmağı indi daha da çox istəyirəm. Başqalarına Müqəddəs Kitabdan yer üzündə olacaq sülh və əbədi həyat barədə xoş xəbəri çatdırmağı, onlara Yaradana yaxınlaşmağa, Ona və Onun vədlərinə güclü iman etmələrinə kömək etməyi daha da çox istəyirəm.
Bu çıxışa rəsmi dildə «təqsirləndirilən şəxsin son sözü» deyilir və yəqin ki, bu, məndən bu gün eşidəcəyiniz son sözlər olacaq. Yəqin ki, bu, mənə qarşı cinayət işi üzrə son məhkəmə iclası olacaq və həyatımın bu son iki ilinə bir nöqtə qoyacaq. Lakin sizi əmin edirəm ki, bu, mənim bu cinayət işi və Rusiyada dinc və tamamilə günahsız insanlara qarşı baş verən ədalətsizliklə bağlı son sözlərim deyil. Mən hələ təzə başlamışam və ictimaiyyətə deyəcək çox sözüm var. Mən təqsirli və ya nəyisə gizlətmək istəyən biri kimi sakit durmayacağam. Mənim vicdanım təmizdir, mən heç bir səhv iş tutmamışam, mən Rusiyanın heç bir qanununu pozmamışam və utanacaq heç nə etməmişəm.
Rusiyada Yehovanın Şahidləri ilə baş verənlərdən — ekstremizmdə yalan ittihamlar, dindirilmə, həbs, axtarış, müsadirə, istintaq, hədə-qorxu və — biri də əlavə olundu — işgəncələrdən utanmaq lazımdır. Bu, biabırçılıqdır. Həqiqət həmişə üzə çıxır və gec-tez ədalət bərqərar olacaq. Müqəddəs Kitabda Qalatiyalılara 6-cı fəslin 7-ci ayəsində deyilir: «Aldanmayın, Allaha istehza edilməz; insan nə əkərsə, onu da biçəcək».
Birinci instansiya məhkəməsi məni altıillik həbs cəzasına məhkum edib, lakin nəyə görə? Heç nəyə görə! Mənim səhv bir iş tutduğuma heç bir sübut yoxdur. Lakin Rusiya Konstitusiyasının 28-ci maddəsiylə zəmanət verilən hüquqlardan istifadə etdiyimin sübutu çoxdur. Mən Rusiya hökumətinin qanunlarına itaət edən dürüst insanam. Mən məsihiyəm, dindaram, Yehovanın Şahidiyəm və rus xalqını sevirəm. Məni nəyə görə cəzalandırırlar? Nəyə görə altıillik həbs olunmalıyam? Heç nəyə görə! Bu, ədalətsizlikdir.
Mən səmimi-qəlbdən ümid edirəm ki, apellyasiya məhkəməsi qanunu rəhbər tutacaq və ədalət bərqərar olacaq. Ümid edirəm ki, Rusiyada dini təqiblərə məhz bu məhkəmə son qoyacaq. Səmimi-qəlbdən ümid edirəm ki, məhz bu məhkəmə bütün dünyaya Rusiyada hamının din azadlığına sahib olduğunu göstərəcək.
Yaxın gələcəkdə Mikə 4-cü fəslin 3 və 4-cü ayələrində yazılan bu sözlər yerinə yetəcək: «O, çox ümmətlər arasında hakim olacaq... Onlar qılınclarından gavahın, nizələrindən oraq düzəldəcək. Xalq xalqın üstünə qılınc qaldırmayacaq, artıq müharibə etməyi öyrənməyəcəklər. Hər kəs öz meynəsinin, öz əncir ağacının altında oturacaq, onları qorxudan olmayacaq».
Allahın hökmü həmişə ədalətlidir və Onun hökmranlığı altında artıq mübahisələr, zorakılıq və müharibə olmayacaq. Əksinə, dinclik olacaq və narahatçılıqlar olmayacaq. Başqa sözlə, bütün insanlar üçün əsl xoşbəxtlik olacaq.
Möhtərəm hakim, öz qərarınızla Siz bu istiqamətdə, ədalət və dincliyin hökm sürdüyü, qorxu, kədər və ədalətsizliyin isə olmayacağı dünya istiqamətində böyük addım ata bilərsiniz. Ümid edirəm ki, Siz bu addımı atacaqsınız. Öncədən Sizə təşəkkürümü bildirirəm!
a Dennis Kristensen rus sinodal tərcüməsindən sitat gətirirdi. Lakin tərcümədə bütün ayələr Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»ndən götürülüb