22 APREL 2021
RUSİYA
Dua və mütaliə aylarla həbsdə olan qardaşlara güc verir | YENİLƏNİB. ŞİKAYƏT RƏDD EDİLDİ
4 oktyabr 2022-ci il tarixində Kirov Vilayət Məhkəməsi Maksim Xalturin, Vladimir Korobeynikov, Ancey Onişşuk, Andrey Suvorkov, Yevgeni Suvorkov və Vladimir Vasilyevin apelyasiya şikayətini təmin etmədi. Cəza şərti olduğu üçün qardaşlar həbsə salınmayacaq.
Kirov Şəhərinin Pervomayski Rayon Məhkəməsinin 3 iyun 2022-ci il tarixli qərarı ilə Maksim Xalturin, Vladimir Korobeynikov, Ancey Onişşuk, Andrey Suvorkov, Yevgeni Suvorkov və Vladimir Vasilyev iki il yarımdan altı il yarımadək müddətə şərti həbs cəzasına məhkum edildilər. Yuri Geraskovun məhkəmə araşdırması bitməzdən əvvəl vəfat etməsinə baxmayaraq, məhkəmə onu da təqsirli bildi.
Qardaşlar barədə məlumat
Yuri Geraskov
Doğulduğu il: 1956 (Azərbaycan)
Vəfat edib: 24 aprel 2020-ci il
Bioqrafiya. Uşaqlıqda futbol oynamağı və şəkil çəkməyi sevirdi. Filarmoniyada işləyib. Azərbaycandakı siyasi vəziyyətə görə 1993-cü ildə Rusiyaya köçdü. 2011-ci ildə Alevtina ilə evləndi. Həmin il Yehovanın Şahidi kimi vəftiz olundu. Onlar təbiət qoynunda gəzintiyə çıxmağı və dostları ilə vaxt keçirməyi sevirdilər.
Maksim Xalturin
Doğulduğu il: 1974 (Kirov vilayəti, Kirov şəhəri)
Bioqrafiya. Uşaqlıqdan kitab oxumağı sevir. Müqəddəs Kitabla ilk dəfə 1993-cü ildə maraqlanmağa başladı. 1995-ci ildə Yehovanın Şahidi kimi vəftiz olundu. Yaşlı valideynlərinə baxır. Valideynləri başqa dinə etiqad etsələr də, onun dininə hörmətlə yanaşırlar.
Vladimir Korobeynikov
Doğulduğu il: 1952 (Krasnoyarsk vilayəti, Dikson adası)
Bioqrafiya. Atası qütbçü-okeanoqraf olub. Uşaqlıqda Vladimir konstruktor yığmağı sevirdi. Xarrat və maşinist işləyib. Pensiyadadır, balıq tutmağı sevir.
1990-cı illərin əvvəlində həyat yoldaşı Olqa ilə birgə Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı araşdırmağa başladılar. Ona ən çox Müqəddəs Kitab peyğəmbərlikləri təsir etdi. 1996-cı ildə vəftiz olundu. Bir böyük oğlu və qızı var. Müqəddəs Kitab prinsipləri sayəsində ailəsi daha möhkəm oldu.
Ancey Onişşuk
Doğulduğu il: 1968 (Polşa, Belostok şəhəri)
Bioqrafiya. Gənclikdə futbol oynamağı və ağırlıq qaldırmağı sevirdi. 1990-cı ildə vəftiz olundu. 1997-ci ildə Kirova köçdü. Rus ədəbiyyatını sevir. 2002-ci ildə Anna ilə evləndi. Təbiət qoynunda birgə vaxt keçirməyi, göbələk yığmağı və futbol oynamağı sevirlər.
Andrey Suvorkov
Doğulduğu il: 1993 (Kirov vilayəti, Kirov şəhəri)
Bioqrafiya. Anası həqiqəti ona uşaqlıqdan öyrədib. Uşaqlıqda dəqiq elmləri, idman oyunlarını, xüsusilə də voleybol oynamağı sevirdi. 2007-ci ildə Yehovanın Şahidi kimi vəftiz olundu. Narkoloji dispanserdə alternativ mülki xidməti icra edib. 2016-cı ildə Svetlana ilə evləndi. İkisi də idmanla məşğul olmağı sevir.
Yevgeni Suvorkov
Doğulduğu il: 1978 (Kirov vilayəti, Kumyonı qəsəbəsi)
Bioqrafiya. Uşaqlıqdan şahmat və xokkey oynamağı, musiqiyə qulaq asmağı sevir. Elektrik işləyir. 16 yaşı olanda Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyə başladı. 1995-ci ildə vəftiz olundu. 18 yaşında alternativ mülki xidmət keçmək üçün ərizə verdi. Altı məhkəmədən sonra ona, nəhayət, mülki xidmət keçməyə icazə verildi. 2000-ci ildə Svetlana ilə evləndi və onun oğlu Andreyi (yuxarıya baxın) böyütməyə kömək etdi.
Vladimir Vasilyev
Doğulduğu il: 1956 (Perm şəhəri)
Bioqrafiya. Uşaqlıqda futbol oynamağı sevirdi. Çilingər və sürücü işləyib. Pensiyaya çıxıb. Həyat yoldaşı Nadejda ilə 1990-cı illərin əvvəlində Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyə başladı. 1994-cü ildə vəftiz olundu.
Cinayət işi haqda məlumat
9 oktyabr 2018-ci il tarixində hüquq-mühafizə orqanlarının əməkdaşları Kirovda Yehovanın Şahidlərinin yaşadığı 14 evə reyd keçirdi. Reyddən sonra Maksim Xalturin, Vladimir Korobeynikov, Ancey Onişşuk, Andrey Suvorkov və Yevgeni Suvorkov tutuldular. Daha sonra onları istintaq təcridxanasına saldılar. 2019-cu ilin yanvar ayında Vladimir Vasilyevə, iyul ayında isə Yuri Geraskova qarşı da ittihamlar irəli sürüldü.
Vladimir Korobeynikov iki aydan çox müddət ərzində məhkəməyədək həbsdə oldu. Bundan sonra onu ev dustaqlığına keçirdilər ki, xəstə həyat yoldaşına və qızına baxa bilsin. Maksimlə Andrey istintaq təcridxanasında üç aydan çox, Yevgeni təxminən beş ay, Ancey isə 327 gün keçirdi. Sonra onların bəziləri ev dustaqlığına keçirildi. Hal-hazırda qardaşlar azadlıqdadır, amma onlardan başqa yerə getməmək barədə iltizam götürülüb.
Təcridxanada olarkən qardaşlar üçün ən çətini ailələrindən uzaqda olmaq idi. Ancaq onlar əmin idi ki, Yehova doğmalarının qeydinə qalacaq.
Məsələn, Vladimir Korobeynikovun həyat yoldaşı Olqa əlildir. Vladimir deyir: «Köməyə ehtiyacı olan həyat yoldaşımı evdə tək qoymaq mənim üçün ən çətini idi». Axtarış zamanı Olqanın mobil telefonu müsadirə edilmişdi. Yığıncaqdan bir bacı ona məktub yazıb xəbər verdi ki, dindaşları Olqanın qeydinə qalır. Bundan sonra Vladimirin ürəyi yerinə gəldi. Bir müddət sonra Olqa da ona məktub yazdı və hər şeyin yaxşı olduğuna əmin etdi.
Başqa yerə getməmək barədə iltizam və «ekstremist» damğası qardaşlar üçün əlavə problemlər yaradıb. Məsələn, qardaşlar yaxşı iş tapmaqda çətinlik çəkirlər. Üstəlik, bank hesablarındakı puldan istifadə edə bilmirlər.
Yevgeni deyir: «Yehova bütün ehtiyaclarımızın qayğısına bol-bol qalır. Səhrada dolaşan israillilər kimi, biz heç nədən korluq çəkmirik. Yehovanın ailəsinin maddi, emosional və ruhani qayğısını üzərimizdə tam hiss etdik».
Qardaşların sözlərinə görə, dua, mütaliə, Müqəddəs Kitabı oxumaları sayəsində onlar mətin və cəsarətli qalır. Məsələn, Vladimir Vasilyev deyir: «Müqəddəs Kitabda yazılan hadisələrdən bilirik ki, hər şey Yehovanın nəzarəti altındadır. Bu, Allaha imanımızı möhkəmləndirir və əlbəttə ki, Ona olan etibarımızı daha da artırır».
Bu sınaqlar ucbatından qardaşların və ailələrinin həyatı daha da çətinləşsə də, biz əminik ki, onlar Yehovaya güvənməyə davam edəcək. Onlar bu sınaqlara dözürlər, çünki bilirlər ki, fani insan düzəlməz zərər vurmağa qadir deyil (Zəbur 56:4).