Kontentə keç

Gənc dindaşlarımız Yeqor Baranov və Darya Dulova

8 SENTYABR 2020
RUSİYA

Gənc dindaşlarımız Yeqor Baranov və Darya Dulova sınaqlara cəsarət və imanla sinə gərir

Gənc dindaşlarımız Yeqor Baranov və Darya Dulova sınaqlara cəsarət və imanla sinə gərir

Rusiyadan olan iki gənc dindaşımız Yeqor Baranov və Darya Dulova məhkum oluna və uzun müddətə həbsə salına bilər. Buna baxmayaraq, onlar bu sınağa cəsarətlə dözür. Hal-hazırda məhkəməyədək həbsdə olan Yeqor qardaşımızın 19 yaşı var. Daryanın isə onların evinə reyd keçiriləndə 18 yaşı var idi. Onlar Rusiyada əqidələrinə görə məhkum olunmaq təhlükəsi ilə üzləşən 380-dən çox bacı-qardaşdan yaşca ən kiçiyidir.

Yeqor 27 may 2020-ci il tarixindən həbsdədir. Darya bacı isə onun barəsində iki müxtəlif cinayət işi üzrə qərarın verilməsini gözləyir. Uzun müddət çətinliklərlə üzləşmələrinə baxmayaraq, hər ikisi Yehovaya sadiq qalmaqda əzmlidir.

May ayının 27-si Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları Yeqorun anası ilə birgə yaşadığı evə reyd keçirdi. Həmin gün hakim Aleksey Şatilov onun barəsində həbs qətimkan tədbiri seçdi. Buna əsas olaraq Yeqorun həmin ərazidə Yehovanın Şahidlərinin «başçılarından biri» olduğunu gətirdi.

Yeqor deyir ki, reyd dəhşətli olsa da, Yehovaya dua etdikdən sonra ürəyində rahatlıq yarandı. O deyib: «Axtarış aparanlardan biri qeyd etmişdi ki, mən özümü sanki onların gəlişini gözləyirmiş kimi aparırdım».

Yeqor qardaş daima özünə xatırladır: «Əgər Yehova bu vəziyyətin baş verməsinə yol veribsə, deməli, mən ona dözə bilərəm... Yehovadan duada kömək və müqəddəs ruh istəyirəm, ona görə qorxmuram. Mən cinayətkar deyiləm, buna əminəm. Vicdanım təmizdir. Mən imanıma görə təqib olunuram».

Yeqor qardaşın sözlərinə görə, təcridxanada olsa da, qorxmur. Onunla eyni təcridxanada olanlar onunla kiçik qardaşları kimi və hörmətlə rəftar edirlər. Yeqor deyir: «Onlar başa düşür ki, mən burda olmamalıyam».

1 avqust 2018-ci il tarixində Daryanın və onun anasının yaşadığı evə reyd keçirilmişdi. Bacının sözlərinə görə, axtarış və həbs onun üçün böyük emosional stres olsa da, imanda möhkəmdir. Darya deyir: «Yehovaya sadiq qalmaq qətiyyətim möhkəmdir. Nə olur-olsun, Yehovaya sonadək xidmət edəcəyəm».

Darya bacının cinayət işi üzrə məhkəmə araşdırması 2019-cu ilin sentyabr ayında Sverdlovsk vilayətinin Karpinsk Şəhər Məhkəməsində başladı. Son məhkəmə iclaslarının birində Darya dedi ki, insanlar üçün həyatlarında baş verən gözəl hadisələr barədə məlumatları digərləri ilə bölüşmək normal haldır. O həmçinin əlavə etdi: «Məsələn, mən bilirəm ki, Allah tezliklə yer üzündə cənnət yaradacaq, o vaxt insanlar yalnız sevincdən ağlayacaq. Məgər bunu ətrafımda yaşayanlara danışmamalıyam?»

Bacının özünü cəsarətlə və məntiqli dəlillər gətirərək müdafiə etməsinə baxmayaraq, 27 yanvar 2020-ci il tarixində o məhkum edildi. Ona bir il şərti həbs cəzası təyin edildi. Vəkil hökmdən şikayət verdi.

6 avqust 2020-ci il tarixində Sverdlovsk Vilayət Məhkəməsi Daryaya çıxarılmış hökmü ləğv etdi. İş Karpinsk Şəhər Məhkəməsinə başqa hakim tərəfindən baxılması üçün geri göndərildi. Məhkəmə iclası hələ təyin olunmayıb. Darya barədə ikinci cinayət işi üzrə də istintaq gedir. Həmin işin digər iştirakçıları onun anası və başqa üç Yehovanın Şahididir.

Yeqor və Darya sınaqlarından çox şey öyrənib.

Darya ona nə kömək etdiyindən danışıb: «Müqəddəs Kitabı oxumaqla, yığıncaq görüşlərinə hazırlaşmaqla və nəğmələrimizi əzbərləməklə ruhaniliyinizi möhkəmləndirin. Müqəddəs Kitabda yazılanlar barədə daim düşünün. Bu, narahatçılığı azaltmağa və naməlumluq qorxusundan azad olmağa kömək edir».

Yeqor deyib: «Belə vəziyyətə dözmək üçün gərək insanın Allahla sıx münasibəti olsun. Vaxt itirmədən Yehova Allahla dostluğunuzu möhkəmləndirin».

Yehova qədim zamanlarda da sadiq gəncləri darda qoymurdu, onlara cəsarət verirdi. Müqəddəs Kitabda belə nümunələr çoxdur. Biz əminik ki, Yehova istər Rusiyada, istər digər ölkələrdə sınaqlarla üzləşən dəyərli gənc bacı-qardaşlarımıza həmişə dayaq olacaq, onlara kömək edəcək (1 İşmuil 1:20; 16:18; 2 Padşahlar 5:1—3; Dənyal 1:14—17; 3:17—27).