Kontentə keç

Soldan sağa: Aleksandr Pryanikov, Venera Dulova və onun qızı Darya, məhkəmədən əvvəl

24 YANVAR 2020
RUSİYA

Karpinsk şəhərində bir qardaş və iki bacının cinayət işi üzrə qərar verilməsi gözlənilir

Karpinsk şəhərində bir qardaş və iki bacının cinayət işi üzrə qərar verilməsi gözlənilir

Bazar ertəsi, 27 yanvar 2020-ci il tarixində Aleksandr Pryanikov, eləcə də Venera və Darya Dulovaların işi üzrə Karpinsk Şəhər Məhkəməsinin qərar verməsi gözlənilir. Prokuror Aleksandr Pryanikov və Venera Dulova üçün üç il şərti həbs, Darya Dulova üçün isə iki il şərti həbs cəzası istəyib.

19 aprel 2016-cı il tarixində Aleksandr və Venera bir kişi ilə Müqəddəs Kitab haqqında söhbət etmişdilər. Kişinin qohumu onları oğurluqda ittiham etdi və polis çağırdı. Hər ikisini də polis şöbəsinə apardılar. Onların barmaq izlərini götürdülər və nəşrlərini müsadirə etdilər.

Həmin hadisənin üstündən iki ildən çox vaxt keçdikdən sonra onları yenə də həmin hadisə ilə əlaqədar tutub sorğu-sual etdilər. Onların mobil telefonlarını, eləcə də şəxsi sənədlərini müsadirə etdilər. Polis rəisi dinşünaslıq üzrə bir professora Aleksandrın və Veneranın telefonlarındakı məlumatları araşdırmağı tapşırdı. Professorun 15 səhifəlik rəyində deyilirdi ki, telefonlardakı məlumat Yehovanın Şahidlərinin təlimləri ilə bağlıdır. Bunun əsasında prokuror cinayət işi açdı. Karpinsk Şəhər Məhkəməsinin qərarı ilə onların evində axtarış aparıldı.

Veneranın evində aparılmış axtarış nəticəsində polis elektron cihazlar, kitablar və şəkillər müsadirə etdi. Venera bacının 18 yaşlı qızı Darya da sorğu-sual edildi. Daha sonra axtarış onların qohumlarının evində və Aleksandr qardaşın mənzilində aparıldı.

Sonra, 16 aprel 2019-cu il tarixində Federal Təhlükəsizlik Xidmətinin (FSB) üç əməkdaşının, müstəntiqin və iki digər əməkdaşın iştirakı ilə Aleksandr qardaşın evində daha bir axtarış aparıldı. Onlar elektron cihazları və digər şəxsi əşyaları müsadirə etdilər.

23 iyul 2019-cu il tarixində Darya Dulova anası və Aleksandr qardaşın cinayət işi üzrə şübhəli şəxs qismində sorğu-sual üçün şöbəyə çağırıldı. Onların üçü də cinayət törətməkdə ittiham olundu və 2019-cu ilin sentyabr ayında işləri üzrə ilkin məhkəmə araşdırılması başladı.

Rusiyada cinayət təqibinə məruz qalan bu üç və digər 300-ə yaxın bacı-qardaşımız üçün tam əminliklə dua edirik: «Qoy ümid mənbəyi olan Allah Ona olan etibarınız sayəsində ürəyinizi sevinc və sülhlə doldursun və ümidiniz müqəddəs ruhun qüvvəti ilə dolub-daşsın» (Romalılara 15:13).