23 İYUN 2021
RUSİYA
Konkret dualar sayəsində Olqa Qanuşa sınaqlara sinə gərir
YENİLƏNİB | Olqa Qanuşanın apelyasiya şikayəti təmin olunmadı
30 sentyabr 2021-ci il tarixində Rostov Vilayət Məhkəməsi Olqa Qanuşanın apelyasiya şikayətini təmin etmədi. Birinci instansiya məhkəməsinin qərarı qüvvədə qaldı. Cəza şərti olduğu üçün bacı həbsə salınmayacaq.
13 iyul 2021-ci il tarixində Rostov-Don Şəhərinin Voroşilovski Rayon Məhkəməsi Olqa Qanuşanı iki il müddətinə şərti həbs cəzasına məhkum etdi.
Bacı barədə məlumat
Olqa Qanuşa
Doğulduğu il: 1961 (Rostov vilayəti, Rostov-Don şəhəri)
Bioqrafiya. Oğlunu tək böyüdüb. Pensiyadadır. Əl işi ilə məşğul olmağı, klassik musiqiyə qulaq asmağı, kitab oxumağı sevir.
Cənnətdə diriləcək ailə üzləri və dostları ilə yaşamaq ümidi haqda öyrənəndə Müqəddəs Kitabı araşdırmaq qərarına gəldi. 1995-ci ildə Yehovanın Şahidi kimi vəftiz olundu.
Cinayət işi haqda məlumat
2019-cu ilin əvvəlində Olqa Qanuşa bacının evində gizlicə audio- və videoyazı avadanlığı quraşdırılmışdı. Yetərli «sübut» toplandıqdan sonra 2019-cu ilin iyun ayında onun evinə reyd keçirildi. Onun şəxsi qeyd və xatirə kitabçaları, broşürləri müsadirə edildi. 17 avqust 2020-ci il tarixində Olqaya qarşı rəsmi ittiham irəli sürüldü. 4 mart 2021-ci il tarixində işi üzrə məhkəmə araşdırması başladı. Onu mənzilini dini yığıncaqlar üçün təqdim etməkdə, dini yığıncaqlarda iştirak etməkdə və başqaları ilə imanı barədə danışmaqda ittiham edirlər. Başlanğıcda Olqa bacının işi Lyudmila Ponomarenko və Qalina Parkovanın işi ilə birləşdirilmişdi, lakin sonradan onları ayırdılar.
Olqa bacının işi üzrə istintaq və məhkəmə araşdırması təxminən iki ildir davam edir. Bu müddət ərzində etdiyi konkret və hərarətli dualar ona güc verir. Olqa deyir: «Hər gün dua edirəm ki, Yehovanın adı barədə daha çox insan bilsin və onu müqəddəs tutsun, istintaq təcridxanasında, həbsxanalarda və ev dustaqlığında olan bacı-qardaşlar gözəl şahidlik versin, qəlb rahatlıqlarını qorusunlar, Yehovaya və Onun dar gündə bizi heç vaxt atmayacağına imanları sarsılmasın». Görün bacı öz vəziyyəti haqda nə düşünür: «Yehovadan xahiş edirəm ki, mənə qorxularıma üstün gəlməyə, Ona arxalanmağa kömək etsin və Ərəmya kimi, məni də dəmir dirək, mis divar etsin. Arzum odur ki, üç ibrani kimi, mən də bütün odlu sınaqlara tab gətirim və düşmənləri qarşısında duran Məsih kimi, özümü ləyaqətli aparım».
Biz əminik ki, Yehova möhkəm sağ əli ilə Olqaya və imanlarına görə təqib olunan bacı-qardaşlara bundan sonra da dayaq olacaq (Əşiya 41:10).