Kontentə keç

Sergey İqoreviç İvanenko, dinşünas və Rusiya Federasiyasının dövlət müşaviri

18 OKTYABR 2019
RUSİYA

Məşhur Rusiya dinşünası Saratovda keçirilmiş məhkəmədə Yehovanın Şahidlərini müdafiə edib

Məşhur Rusiya dinşünası Saratovda keçirilmiş məhkəmədə Yehovanın Şahidlərini müdafiə edib

4 oktyabr 2019-cu il tarixində məşhur Rusiya dinşünası, Rusiya Federasiyasının dövlət müşaviri və fəlsəfə elmləri doktoru Sergey İqoreviç İvanenko Saratov şəhərində altı Yehovanın Şahidinin işi üzrə ifadə vermək üçün dəvət olunmuşdu. Sergey İvanenko Rusiyadakı Yehovanın Şahidləri barədə iki elmi əsərin müəllifidir. Aşağıda onun and içərək verdiyi ifadəsindən çıxarışlar gətirilib.

Yehovanın Şahidlərinin dini həyatı və praktikası. «Yehovanın Şahidlərinin bir səciyyəvi cəhəti var: onlar sərt nizam-intizam qaydalarına, yaxud hansısa liderin nüfuzuna arxalanmır, Yehovanın Şahidləri öz davamçılarına vicdanlarını Müqəddəs Kitab əsasında tərbiyələndirməyə kömək edirlər ki, hər insan Müqəddəs Kitabı əldə rəhbər tutaraq könüllü şəkildə özü qərarlar versin.

Yehovanın Şahidləri İsa Məsihin və davamçılarının birinci əsrdə qoyduqları prinsiplərə uyğun olaraq Müqəddəs Kitabda yazılanlara əməl etməyə çalışırlar.

Başqaları ilə birgə dinə etiqad etmək, yəni Müqəddəs Kitabı araşdırmaq, Müqəddəs Kitab mövzularına dair müzakirələr aparmaq, Müqəddəs Kitaba əsaslanan nəğmələr ifa etmək məsələsinə gəldikdə, Yehovanın Şahidlərinin hər şeyi Müqəddəs Kitaba əsaslandırmağa çalışdıqları aydın görünür.

Onlar həmçinin inanırlar ki, yığıncağın fəaliyyətində iştirak etmək məsihinin dini həyatının ayrılmaz hissəsidir. Bu sahədə də onlar İncili təhlil edirlər — İsa Məsih, onun şagirdləri və davamçıları, eləcə də məsihi yığıncağının ilkin yaranma mərhələləri haqda deyilənləri oxuyub araşdırırlar... Yehovanın Şahidləri əmindirlər ki, onlar Allaha yığıncaqla birgə ibadət etməlidir.

Onlar İsa Məsihin şagirdlərinin aralarındakı məhəbbətdən tanındığına xüsusi önəm verirlər».

Yehovanın Şahidlərinin təbliğ fəaliyyəti. «Yehovanın Şahidləri təbliğdə fəal iştirak etmələri ilə fərqlənirlər. Təbliğdə fəallıq və canfəşanlıq göstərməkdə Yehovanın Şahidlərini birinci yerə qoyardım. Hər dindar təbliğ etməli və təbliğə müəyyən vaxt ayırmalıdır.

Onlar adətən belə deyirlər: “Baxın, Müqəddəs Kitabda filan şey deyilir”. İnsan Müqəddəs Kitabı əlinə alıb yoxlaya bilər. Əgər insan razılaşırsa, onlara qoşulur, razılaşmırsa — qoşulmur. Məcburiyyət yoxdur».

Yehovanın Şahidlərinin ekstremizmdə ittiham olunması. «Əvvəl-əvvəl Yehovanın Şahidlərinin bəzi nəşrləri ekstremist elan edilmişdi və buna səbəb, ekspertlərin təbirincə, həmin nəşrlərdə yalnız Yehovanın Şahidlərinin etiqad etdiyi dinin həqiqət, qalanlarının isə yalan olduğu iddiası idi və bu, dini üstünlüyün təbliğatı kimi qiymətləndirilmişdi. Digər məzhəblər də onların dininin həqiqi, qalanlarının isə yalan olduğunu iddia edir, lakin ekstremizmdə ittiham olunan yalnız Yehovanın Şahidləridir.

Bir dinşünas kimi, fikrim odur ki, [məhkəmənin qərarında] boşluq var, çünki lazım olarsa, istənilən məzhəbdə yalnız həmin məzhəbin həqiqət, qalanlarının isə yalan olduğu, yaxud əhəmiyyətli dərəcədə yanıldığı iddiasını tapmaq olar.

Şübhə yoxdur ki, istənilən dindar öz dininin mütləq mənada həqiqi, qalanlarının isə mütləq mənada yalan, yaxud əhəmiyyətli dərəcədə yanıldığını hesab edir. Əslinə qalsa, belə də olmalıdır, əks halda, sizi ikiüzlülükdə ittiham edəcəklər.

Bununla belə, Yehovanın Şahidləri Allahın qanunlarına zidd getməyən insan qanunlarına həmişə və cidd-cəhdlə əməl etməyə çalışırlar. Bu səbəbdən məhz Yehovanın Şahidlərinin itmiş pul kisələrini qaytardıqları, cərimə və vergiləri ödədikləri barədə xəbərlər az deyil, halbuki bunlardan yayına da bilərdilər. Bu, onların şüurlu seçimidir və mən deməzdim ki, onlar özlərini üzdən yaxşı göstərib gizli ekstremist niyyətlər güdürlər».

Yehovanın Şahidlərinin Müqəddəs Kitaba münasibəti. «Yehovanın Şahidlərinin səciyyəvi cəhəti odur ki, onlar istər təbliğdə, istərsə də mütaliə zamanı müxtəlif Müqəddəs Kitab tərcümələrindən istifadə edirlər. Onlar Müqəddəs Kitabın müxtəlif dillərdə əlçatan olmasına böyük maraq göstərir. Müqəddəs Kitaba bu qədər önəm vermələri onları digər dinlərdən fərqləndirir. Onların Müqəddəs Kitab tərcüməsi ölkəmizdə ekstremist elan edilib... Ola bilsin, bu qərarı verənlər düşünürdülər ki, Yehovanın Şahidləri sırf bu tərcüməyə bağlıdır və onu oyundan çıxartsalar, Yehovanın Şahidləri əllərini yanlarına salacaq. Lakin bu, yanlış fikirdir. Yehovanın Şahidləri Müqəddəs Kitabın hər tərcüməsinə dəyər verir».

Hüququ şəxslər və dinə etiqad etmə. «Rusiya Federasiyasının Ali Məhkəməsinin qərarı göstərir ki... Yehovanın Şahidlərinin yığıncaqlarının böyük qisminin hüquqi şəxsi olmayıb. Buna görə də hansısa ərazidə hər Yehovanın Şahidinin hüquqi şəxsin üzvü olduğunu demək səhvdir.

Hüquqi şəxslərə gəldikdə... mən onların nizamnamələrini diqqətlə araşdırmışam və orada nə nəzarətçi, nə ağsaqqal, nə də öncül kimi terminlərə rast gəlinmir. Orada adətən təsisçilərdən — təxminən on nəfərdən ibarət kiçik qrupdan söhbət gedir. Sırf kanonik fəaliyyətə gəldikdə, bu insanlar Yehovanın Şahidlərinin fəaliyyətinin hüquqi deyil, kanonik cəhətini təmsil edir... Müxtəlif ölkə və bölgələrdə onların fəaliyyəti eyni qayda üzrə həyata keçirilir.

Yehovanın Şahidləri [Ali Məhkəmənin yalnız hüquqi şəxslərin ləğv edilməsi barədə qərarını] nəzərə alıblar və öz fəaliyyətində onu pozmamağa çalışırlar. Eyni zamanda onlar hakimiyyət orqanlarının qadağan etmədiyi dini məzhəb qismində fəaliyyətlərini davam etdirir. Onlar fəaliyyətlərini öz dininə etiqad edən fiziki şəxslər kimi davam etdirir. Yəni onların nöqteyi-nəzərincə, eləcə də dinşünaslıq baxımından bu fəaliyyət Ali Məhkəmənin qərarını pozmur».

Yehovanın Şahidlərinin qanköçürməyə münasibəti. «Müqəddəs Kitabda deyilir ki, “can qandadır”, buna görə də ondan istifadə etmək olmaz. Kontekstdə söhbət qandan qida kimi istifadə edilməsinə qoyulmuş qadağadan gedir, lakin Yehovanın Şahidləri ona daha geniş izahat verirlər. Onlar hesab edirlər ki, qandan heç bir vəchlə istifadə etmək olmaz: istər qida (onlar tərkibində qan olan kolbasa yemir), istərsə də qanköçürmə olsun. Lakin onlar kiçik qan fraksiyalarına qarşı deyillər. Bu fraksiyaları qəbul edib-etməmək hər dindarın öz öhdəsinə buraxılır... Onların qanköçürmədən imtina edərək ölmək niyyətləri yoxdur, əksinə, onlar yüksəkkeyfiyyətli müalicə almağın tərəfdarıdır. Qanköçürmə həm onların təbirincə, həm də bir çox tibbi amillər baxımından təhlükəlidir, çünki insan İİV virusuna və başqa xəstəliklərə yoluxa bilər. Qanköçürmə edilmədən əməliyyat olunmaq daha təhlükəsizdir və həqiqətən də (mən statistikaya baxmışam) imkanlı insanlar qan köçürülmədən müalicə olunmağa üstünlük verirlər, çünki infeksiyaya yoluxma və ağırlaşma təhlükəsi azdır».

Yehovanın Şahidləri və ianələr. «İnsan ümumiyyətlə ianə etməyə bilər. O, belə desək, ömrü boyu Yehovanın Şahidlərinin yığıncaqlarına gəlib-gedə və bir dəfə olsun qutuya bir rubl, yaxud bir dollar atmaya bilər. Amma ata da bilər — bu, onun şəxsi seçimidir».

Sergey İvanenko, bir mütəxəssis kimi, Yehovanın Şahidlərinin qanunlara əməl edən dürüst məsihi olmalarına dəlalət edən xeyli dəlillər gətirsə də, məhkəmə onun ifadəsinə məhəl qoymadı və qardaşlarımızın altısını da müxtəlif müddətlərə həbsə məhkum etdi.

Rusiya hakimiyyət orqanları qardaşlarımızı yalan ittihamlarla məhkum edib həbsə saldığı bir vaxtda, Yehovaya dua edirik ki, cəsur xidmətçilərinə dəstək olsun, sevinclərini qorumağa kömək etsin və Öz məhəbbətinə əmin etsin (Zəbur 109:2—4, 28).