8 APREL 2021
RUSİYA
Məhkəmə qərarını gözləyən Yekaterina Peqaşeva Yehovaya sadiq qalır
YENİLƏNİB| Yekaterina Peqaşevanın şikayəti təmin edilmədi
4 avqust 2021-ci il tarixində Mari Respublikasının Ali Məhkəməsi Yekaterina Peqaşevanın şikayətini təmin etmədi və ona təyin edilmiş altı il yarım müddətli şərti həbs cəzasını dəyişməz saxladı. Cəza şərti olduğu üçün bu dəfə bacı həbsə salınmayacaq.
31 may 2021-ci il tarixində Mari Respublikasının Qornomariyski Rayon Məhkəməsi Yekaterina Peqaşevanı altı il yarım müddətinə şərti həbs cəzasına məhkum etdi.
Bacı barədə məlumat
Yekaterina Peqaşeva
Doğulduğu il: 1989 (Kirov vilayəti, Qaintsı kəndi)
Bioqrafiya. Ailənin yeganə övladıdır. Kitab oxumağı, şeir yazmağı və mahnı oxumağı sevir. Ev qulluqçusu işləyir. Xidmətini genişləndirmək üçün Mari dilini öyrənib.
Cinayət işi haqda məlumat
3 oktyabr 2019-cu il tarixində Mari Respublikasının paytaxtı Yoşkar-Ola şəhərində Yekaterina bacı həbs edildi. Onun evində axtarış keçirildi: kitabları, elektron cihazları, şəxsi məktubları və sənədləri müsadirə edildi. Bacı Müqəddəs Kitabı dindaşları ilə müzakirə etdiyinə görə qadağan olunmuş təşkilatın fəaliyyətində iştirak etməkdə ittiham edildi.
Yekaterina xatırlayır: «Məni qəflətən küçədə tutdular, qollarımı arxadan burub ağaca dirədilər. Nəhəmya kimi Yehovaya qısaca dua edib kömək istədim». Tutulduqdan sonra bacını 100 gündən çox istintaq təcridxanasında saxladılar. Hal-hazırda o, ev dustaqlığındadır.
İstintaq təcridxanasında onu dəfələrlə sorğu-sual edirdilər. Müqəddəs Kitabdan aldığı təlimin ona xeyli köməyi oldu. Bacı xatırlayır: «Padşahlıq Müjdəçiləri Məktəbində oxuyarkən öyrəndiklərimi və tapşırıqlarımı yadıma salırdım. Bir fikir məni xüsusilə möhkəmləndirirdi: “Sorğu-sual zamanı düşmənlərə cavab verərkən unutmayın ki, siz həmçinin Ağamız İsanın da qarşısında durursunuz”. Bu mənə özümə hakim olmağa və məni haqsız ittiham edən hakimiyyət nümayəndələrinə hörmətlə yanaşmağa kömək etdi».
Bir ildən çox təcridxanada və ev dustaqlığında keçirdiyi müddət Yekaterina üçün təsirsiz ötüşmədi. Onun səhhəti pisləşdi və indi o işləyə bilmir. Anasından və nənəsindən ayrı düşməsi onun üçün xüsusilə çətin idi. Bütün bu çətinliklərə baxmayaraq, Yekaterina Yehovaya sadiq qalmağa qəti qərarlıdır. Bacı deyir: «Mənə təzyiq artdıqca ruhani yaraqlarıma bir o qədər çox bürünürəm... İndi heç nədən qorxmuram! Əvvəllər də məndə cəsarət var idi, amma indi — Yehovanın ruhunun köməyi sayəsində mən daha cəsarətliyəm».
Biz bilirik ki, məhkəmənin qərarını gözləyən Yekaterina bundan sonra da xidmətçilərinə güc verən Yehovaya arxalanacaq (Çıxış 15:2).