Kontentə keç

Soldan sağa: Dmitri Malevanı, Olqa Opaleva, Olqa Panyuta, Aleksey Trofimov

29 İYUN 2021 | YENİLƏNİB: 13 FEVRAL 2023
RUSİYA

Məhkəmələri gedən dindaşlarımız sevinclərini qoruyur və möhkəm dururlar | YENİLƏNİB. HƏBS CƏZASI

Məhkəmələri gedən dindaşlarımız sevinclərini qoruyur və möhkəm dururlar | YENİLƏNİB. HƏBS CƏZASI

10 fevral 2023-cü il tarixində Primorsk Vilayətinin Spassk Rayon Məhkəməsi Dmitri Malevanı, Aleksey Trofimov, Olqa Opaleva və Olqa Panyutanı təqsirli bildi. Dmitri yeddi il, Aleksey altı il altı ay, Olqa Panyuta isə dörd il həbs cəzası aldı. Üçü də məhkəmə zalında həbs olundu. Olqa Opaleya dörd il altı ay müddətinə şərti həbs cəzası aldı. Cəza şərti olduğu üçün o, həbsə salınmayacaq.

Dindaşlarımız barədə məlumat

Dmitri Malevanı

  • Doğulduğu il: 1990 (Spassk-Dalni şəhəri)

  • Bioqrafiya. Proqramlaşdırmadan dərs deyir. Həyat yoldaşı Ulyana rəssamdır. Müqəddəs Kitabı Yehovanın Şahidləri ilə yeniyetmə olanda öyrənməyə başladı. Əmin oldu ki, Müqəddəs Kitab etibaralayiq kitabdır və onun qayda-qanunları ilə yaşamaq insanı xoşbəxt edir. 2004-cü ildə vəftiz olundu.

Olqa Opaleva

  • Doğulduğu il: 1952 (Spassk-Dalni şəhəri)

  • Bioqrafiya. Cavanlıqdan Allaha inanırdı, amma Müqəddəs Kitab onu maraqlandırmırdı. 22 yaşlı qızı vəfat edəndən qısa müddət sonra Yehovanın Şahidləri ilə tanış oldu. Dirilmə ümidi haqda öyrənəndə çox sevindi. İmanı artdıqca bu ümid barədə başqaları ilə bölüşməyə başladı. 1995-ci ildə vəftiz olundu. Uşaqlıqdan musiqini və mahnı oxumağı sevir. Xüsusilə də bizim nəğmələrimizi sevir.

Olqa Panyuta

  • Doğulduğu il: 1959 (Nijnı Novqorod)

  • Bioqrafiya. Uşaq bağçasında tərbiyəçi və sosial işçi işləyib. İndi pensiyadadır. 1982-ci ildə Vladimir ilə evlənib. Üç böyük övladı var: iki qızı və bir oğlu. Müqəddəs Kitabı Yehovanın Şahidləri ilə öyrənib. Oradakı aydın təlimləri çox sevir. 1996-cı ildə vəftiz olunub.

Aleksey Trofimov

  • Doğulduğu il: 1959 (İrkutsk vilayəti, Mamakan qəsəbəsi)

  • Bioqrafiya. Yoldaşı Tamara ilə Vladivostokda texnikumda oxuyarkən tanış olub. Onların dörd uşağı və bir neçə nəvəsi var. Çilingər işləyib. Son vaxtlar qazanxana müdiri olub. 1990-cı illərin əvvəlində Müqəddəs Kitabı araşdırmağa başladı və xoşbəxtliyə aparan yolu tapdı. Bundan sonra Yehovaya xidmət etmək qərarına gəldi. 1996-cı ildə vəftiz olundu.

Cinayət işi haqda məlumat

25 noyabr 2018-ci il tarixində Spassk-Dalni şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları Yehovanın Şahidlərinin evlərinə reyd keçirdi və axtarış apardı. Onlar Olqa Opalevanın evinə daxil olmaq üçün qapını elektrik mişarla kəsdilər. Evə daxil olanda nəyə görə qapını açmadığını soruşdular. Bacı aydın cavab verə bilmədi. Onlar təcili yardım çağırdılar. Məlum oldu ki, o, infarkt keçirib. Elə həmin gün onu xəstəxanadan sorğu-suala apardılar. İnfarktdan sonra Olqanın sol qolu və ayağı yaxşı işləmir. Ona oğlu Vitali İlyinıx baxır. O da bizim dindaşımızdır və barəsində ayrı cinayət işi açılıb.

Onların dördünü də iki gün ərzində istintaq təcridxanasında saxladılar. 27 noyabr 2018-ci il tarixində onları ev dustaqlığına keçirdilər. Bir ildən sonra barələrindəki qətimkan tədbiri yumşaldıldı.

Bu bacı-qardaşlar «ekstremist» təşkilatın fəaliyyətini təşkil etməkdə və onda iştirak etməkdə ittiham olunur.

Onların dostları və ailə üzvləri, o cümlədən imanlarına şərik olmayanlar da dinc vətəndaşların nəyə görə təqib edildiyini başa düşə bilmirlər. Dmitrinin imanına şərik olmayan iş yoldaşları belə ona dəstək olurlar və təslim olmamağa təşviq edirlər.

Dmitri dərk edir ki, sınaqlara rəğmən sevincini itirməməsi Yehovanın onunla olduğunu göstərir. Qardaş deyir: «Musanın əsası Yehovanın onunla olduğunu göstərdiyi kimi, sevincimi itirməməyim Yehovanın mənə də dəstək olduğunu göstərir». O həmçinin deyir ki, istənilən şəraitdə sevincini itirməsə, bu, bütün məhkəmə işçiləri və istintaqı aparanlar üçün böyük şahidlik olacaq.

Olqa Opaleva deyir: «Bu qədər şeyə dözməyim məni əmin edir ki, Yehova hər işdə mənə dayaqdır. Mən hər şeydə, hətta xırda məsələlərdə belə Ona güvənməyə başlamışam. Çalışıram bütün işlərimi Onun üzərinə atım».

Aleksey istintaq təcridxanasında və ev dustaqlığında olarkən nəyin ona güc verdiyi haqda danışır: «Yehova mənə möhkəm olmağa kömək etdi. Bunu təcridxananın qapıları bağlanan kimi hiss etdim. Yehovadan cəsarət istədim. Əl-ayağım daha əsmirdi, səsim titrəmirdi. Özümü yeni şəraitdə yaşamağa köklədim».

Olqa Panyuta deyir: «Ortada Yehovanın adı var… Ona görə Ona etibar etməli, ürəkdən Ona xidmət etməli və Onunla münasibətimizi möhkəmləndirməliyik».

Dua edirik ki, bu bacı və qardaşlar bundan sonra da onların Qayası olan Yehova Allaha sığınsınlar, dözmək üçün gücü Ondan istəsinlər (Qanunun təkrarı 32:4).