18 DEKABR 2020
RUSİYA
Məhkəmənin qərarı ilə Nikolay Kuziçkin və Vyaçeslav Popov məhkum edilib
Hökm
18 dekabr 2020-ci il tarixində Soçi şəhərinin Xostinski Rayon Məhkəməsi Nikolay Kuziçkin and Vyacheslav Popovu təqsirli bilib. Məhkəmə Nikolay Kuziçkini bir il bir ay, Vyaçeslav Popovu isə bir il on ay müddətinə həbsə məhkum edib. Amma məhkəməyədək həbsdə keçirdikləri vaxt nəzərə alındığı üçün cəzaları çəkilmiş hesab edilib. Hələ də məhkəməyədək həbsdə olan Vyaçeslav qardaş qərar rəsmi qüvvəyə minəndə azadlığa buraxılmalıdır. Nikolay qardaş isə artıq azadlıqdadır.
Qardaşlar haqqında məlumat
Nikolay Kuziçkin
Doğulduğu il: 1951 (Kostroma vilayəti)
Bioqrafiya. Musiqi məktəbini bitirdikdən sonra piano kökləyicisi işləyib. Həyat yoldaşı Olqa ilə birgə üç oğul böyüdüb. Peşəkar arıçıdır.
1990-cı illərin əvvəlində Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyə başladı. Orada qələmə alınmış peyğəmbərliklərin yerinə yetdiyini öz gözləri ilə görməsi həyatını Yehovaya həsr etməyə təşviq etdi və 1993-cü ildə o vəftiz olundu.
Vyaçeslav Popov
Doğulduğu il: 1974 (Tomsk)
Bioqrafiya. Uşaqlıqdan rəssamlıqla məşğul olur, interyer dizaynerdir. Gələcək həyat yoldaşı Yuliya ilə eyni təhsil müəssisəsində oxuyub. 1998-ci ildə evləniblər. Onların bir qızı və iki oğlu var. 2010-cu ildə Soçiyə köçüblər. Ailəlikcə gəzintiyə çıxmağı və dəniz qırağında vaxt keçirməyi sevirlər.
Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı əvvəlcə Yuliya öyrənib. Atası vəfat edəndə Vyaçeslav təsəllini Müqəddəs Kitab həqiqətində tapdı. 2004-cü ildə vəftiz olundu.
Cinayət işi haqda məlumat
10 oktyabr 2019-cu il tarixində bir qrup silahlı məxfi xidmət əməkdaşı (bəziləri itlərlə) Rusiyanın Soçi şəhərində Yehovanın Şahidlərinin yaşadığı 36 evə reyd keçirdi.
Evlərində axtarış getdiyi bütün vaxt ərzində cavanlı-qocalı hamı üzüaşağı döşəməyə uzadıldı. Mobil telefonlar, planşetlər, kompüterlər, nəşrlər, notbuklar və hətta poçt açıqcaları — hamısı müsadirə edildi. Bəzi hallarda FTX əməkdaşları dindaşlarımızın evinə gizlicə qadağan edilmiş ədəbiyyat atmışdı. Nəticədə Nikolay Kuziçkini və Vyaçeslav Popovu tutdular. Səhərisi gün hər iki qardaşı məhkəməyədək həbsə aldılar.
Nikolay qardaş bir neçə ciddi xəstəlikdən əziyyət çəkir. Tibbi baxış barədə vəsatətləri dəfələrlə rədd edilmişdi, o əsasla ki, onun vəziyyəti «məhkəməyədək həbsə mane olan xəstəliklər siyahısına» uyğun deyil. Onu siqaret çəkən məhbuslarla birgə eyni kameraya salmışdılar. Kameradakıların sayı həddən artıq çox idi. Bunun ucbatından onun pisləşmiş səhhəti daha da ağırlaşdı.
Həbsxanada həyatı üçün təhlükə yarandığına baxmayaraq, Nikolay deyir: «Həbsxana rentgen kimidir, məsihinin xüsusiyyətlərini üzə çıxarır, həmin xüsusiyyətlərin onda olub-olmadığını göstərir». Nikolay diqqətini özünə cəmləmirdi. Onu təmkinli, xeyirxah, depressiyadan əziyyət çəkən və intihar haqda düşünən məhbuslara kömək edən insan kimi tanıyırdılar.
22 aprel 2020-ci il tarixində, məhkəməyədək həbs müddəti altı dəfə uzadıldıqdan sonra onu ev dustaqlığına keçirdilər. O çox zəif idi və ayaq üstə dura bilmirdi. Yalnız bundan sonra Nikolaya, nəhayət ki, tibbi yardım göstərildi.
Vyaçeslavın məhkəməyədək həbs müddəti 14 dəfə uzadılıb. O, bir ildən çoxdur ki, ailəsindən ayrıdır.
İmanda möhkəm qalaraq bizim üçün örnək olduqlarına və Yehovanın ali hökmranlığına sadiq qaldıqlarına görə hər iki qardaşa minnətdarıq. Onlar Zəbur 16:8 ayəsini yazan məzmurçu kimi davranıb: «Yehovanı daim gözümün önündə saxlayıram, sağımda durub, əsla sarsılmaram!»