5 APREL 2021
RUSİYA
Məhkəmənin qərarını gözləyən Andrey Qubin əzmkarlığını itirmir
YENİLƏNİB | Məhkəmə Andrey Qubinə çıxarılmış hökmü ləğv etdi
1 fevral 2022-ci il tarixində Yəhudi Muxtar Vilayət Məhkəməsi Andrey Qubinə çıxarılmış hökmü ləğv etdi. Onun işi aşağı instansiya məhkəməsinə təkrar baxış üçün göndərildi.
9 sentyabr 2021-ci il tarixində Yəhudi Muxtar Vilayətinin Birobican Rayon Məhkəməsi Andrey Qubini iki il yarım müddətinə şərti həbs cəzasına məhkum etdi. Cəza şərti olduğu üçün qardaş həbsə salınmayacaq.
Qardaş barədə məlumat
Andrey Qubin
Doğulduğu il: 1974 (Qazaxıstan, Saran şəhəri)
Bioqrafiya. Böyük qardaşı və bacısı var. Ailəsinə maddi cəhətdən kömək etmək üçün məktəbdən sonra şagird kimi çilingərin yanında işləyirdi. Sonradan xarrat və ağır texnika sürücüsü peşələrinə yiyələndi. İdmanı, şeir yazmağı və musiqi alətlərində çalmağı sevir.
Uşaqlıqdan dünyada hökm sürən haqsızlıq və pisliklər onu narahat edirdi. Müqəddəs Kitabı araşdırmağa başlayandan qəlb rahatlığı və həyatın mənasını tapdı. Allahın ədaləti və sülhü bərpa etmək vədi həyatını Ona həsr etməyə təşviq etdi. 1991-ci ildə 17 yaşında vəftiz olundu. 2007-ci ildə Tatyana ilə ailə həyatı qurdu. 2011-ci ildə Birobicana köçdü.
Cinayət işi haqda məlumat
12 fevral 2020-ci il tarixində Federal Təhlükəsizlik Xidməti (FTX) Andrey Qubin barəsində cinayət işi açdı. 17 sentyabr 2020-ci il tarixində məhkəmə araşdırması başladı.
Ondan başqa, Yəhudi Muxtar Vilayətində daha 18 qardaş və bacı barədə cinayət işi açılıb. Bütün bu cinayət işləri «Qiyamət günü» əməliyyatı zamanı keçirilən kütləvi reydlərdən sonra açılmışdı. 17 may 2018-ci il tarixində hüquq-mühafizə orqanlarının 150 əməkdaşı Yehovanın Şahidlərinin yaşadığı 22 evdə axtarış aparmışdı. Onlar bank kartlarını, pul, şəkil, kompüter və mobil cihazları müsadirə etmişdilər.
Andrey və Tatyananın bank hesabları dondurulub. O vaxtdan onların maddi vəziyyəti çox ağırlaşıb. Aylarla davam edən istintaq Tatyananın səhhətinə ciddi təsir edib. Bununla belə, Müqəddəs Kitabı müntəzəm oxumaq ər-arvada xeyli təskinlik verir. Müqəddəs Kitabın çətinliklərə sinə gərmək barədə məsləhətlərinin onlara xüsusi faydası olub.
Ruhani bacı-qardaşların onlara hərtərəfli dəstək olmaları Andreyin Yehovaya və Onun təşkilatına etibarını daha da möhkəmləndirdi. Məsələn, bir gün Andrey baş verənlərə görə özünü çox narahat hiss edirdi. O, bu barədə cinayət təqibi ilə üzləşən digər qardaşa danışdı. Qardaş Andreyi əmin etdi ki, bu kimi vəziyyətlərdə narahatçılıq hiss etmək normaldır. Sonra qardaş Andreyə xatırlatdı ki, İsa Yehovanın adına görə təqib olunmağı şərəf hesab edirdi. Andrey deyir: «Onun sözlərindən sonra ürəyim xeyli sakitləşdi. Mən bundan sonra da Atamın iradəsini yerinə yetirməyə əzmliyəm».
Dua edirik ki, Allahın Kəlamı və ruhani ailəmiz Andrey və Tatyana üçün həmişə təsəlli və güc mənbəyi olsun. Biz şübhə etmirik ki, «Allahdan qorxanlar xeyir tapacaq» (Vaiz 8:12).