25 FEVRAL 2021
RUSİYA
Nataliya Kriqer «Qiyamət günü» əməliyyatı çərçivəsində məhkum edilə bilər
YENİLƏNİB | Nataliya Kriqerin apelyasiya şikayəti təmin olunmadı
25 noyabr 2021-ci il tarixində Yəhudi Muxtar Vilayət Məhkəməsi Nataliya Kriqerin apelyasiya şikayətini təmin etmədi. Birinci instansiya məhkəməsinin qərarı qüvvədə qaldı. Cəza şərti olduğu üçün bu dəfə bacı həbsə salınmayacaq.
30 iyul 2021-ci il tarixində Yəhudi Muxtar Vilayətinin Birobican Rayon Məhkəməsi Nataliya Kriqeri iki il yarım müddətinə şərti həbs cəzasına məhkum etdi.
Bacı barədə məlumat
Nataliya Kriqer
Doğulduğu il: 1978 (Xabarovsk)
Bioqrafiya. Nataliya körpə olanda anası vəfat edib. Uşaq evində yaşayıb. Altı yaşı olanda oradan 400 kilometr aralıda yerləşən Amurzet (Rusiya) şəhərinə köçüb. Orada Yehovanın Şahidləri olan nənəsi və digər qohumları ilə yaşayıb. Yaşlı adamlara baxan sosial işçi işləyib.
1999-cu ildə Yehovanın Şahidi kimi vəftiz olunub. 2017-ci ildə Valeri ilə evlənib. Rəqs etməyi, raftinqi (kiçik qayıqla dağ çayında üzmə) və təbiət qoynunda gəzintiyə çıxmağı sevir.
Cinayət işi barədə məlumat
Kriqerlər ailəsinin evində 2018-ci ilin may ayında axtarış aparıldı. Axtarış dövlət orqanlarının «Qiyamət günü» adlandırdığı əməliyyat çərçivəsində keçirilmişdi. Əməliyyatdan sonra prokuror Valeri barədə cinayət işi açdı. 6 fevral 2020-ci il tarixində Nataliya barədə cinayət işi açıldı. Ondan başqa, həmin gün daha beş bacıya qarşı ittihamlar irəli sürüldü.
Lakin bununla bacının sınaqları bitmədi. 2020-ci ilin fevral ayında onun nənəsi vəfat etdi. Nataliya altı il ona qulluq etmişdi.
Yehova ilə sıx münasibətləri Nataliyaya bu sınaqlara tab gətirməyə kömək edir. Bacı deyir: «Başqaları üçün dua etmək fikrimi öz problemlərimdən yayındırır. Cinayət işi açılandan hiss edirəm ki, Yehova mənə daha yaxın olub və indi O mənim üçün daha realdır. O, dualarıma cavab verir və mənə dəstək olur».
Nataliya bilir ki, Yehova bundan sonra da ona dayaq olacaq və o, tez-tez nəyə görə buna əmin olduğunun çoxsaylı səbəbləri barədə düşünür. O deyir: «Zəbur 94:19 ayəsi mənə çoxlu güc verir. Orada deyilir: “Mənə təsəlli verib ovutdun”. Allahın bir çox cəsur qədim və müasir xidmətçilərinin nümunəsi göstərir ki, sınaqlara tab gətirmək mümkündür. Onların nümunəsi üzərində düşünmək də mənə güc verir».