Kontentə keç

1 İYUL 2020
RUSİYA

Prokuror Dennis Kristensenin vaxtından əvvəl azadlığa buraxılmasına mane olmağa çalışır

Prokuror Dennis Kristensenin vaxtından əvvəl azadlığa buraxılmasına mane olmağa çalışır

26 iyun 2020-ci il tarixində Lqov həbsxana rəhbərliyi qanunsuz olaraq Dennis Kristenseni həbsxana qaydalarını kobud şəkildə pozan məhbuslar üçün nəzərdə tutulmuş vahid hücrə tipli kameraya (EPKT) saldı. Qardaşımızın sağlamlığı son vaxtlar daha da pisləşib. Görünür, bütün bunlar onu sındırmaq məqsədilə edilir. Prokuror Dennis qardaşın vaxtından əvvəl azadlığa çıxmaması üçün növbəti əsassız ittihamlara əl ata bilər, halbuki bir neçə gün əvvəl hökmün yumşaldılması ilə bağlı qərarı dəstəkləmişdi.

Dennis qardaş altıillik həbs müddətinin yarısından çoxunu artıq çəkib və bir ildən çoxdur ki, onun vaxtından əvvəl azadlığa buraxılmaq və ya cəzanın yüngülləşdirilməsi hüququ var. Buna dair verdiyi üç ərizə rədd edilmişdi. Nəhayət, dördüncü ərizəsi məhkəməyə çatdı. 23 iyun 2020-ci il tarixində Lqov Rayon Məhkəməsi həbs müddətinin yerdə qalan hissəsinin cərimə ilə əvəz edilməsinə qərar verdi. İclasda iştirak edən prokuror Artyom Kofanov cəzanın yüngülləşdirilməsi barədə qərarı dəstəklədi.

İki gündən sonra başqa prokuror, Aleksey Şatunov, məhkəmənin qərarının qanunsuz olduğunu bildirdi və tələb etdi ki, qərar ləğv edilsin və iş həmin məhkəməyə, ancaq başqa hakimin icraatına göndərilsin. Tələbini əsaslandırmaq üçün prokuror Lqov həbsxanasının rəhbərliyinin məlumatını gətirdi. Belə ki, həmin məlumatda deyilirdi ki, Dennis qardaşın «islah müəssisəsindəki əmək fəaliyyətində və onun ictimai həyatında müsbət fəaliyyəti qeydə alınmayıb».

İyunun 23-ü vaxtından əvvəl azadlığa buraxılması ilə əlaqədar keçirilmiş məhkəmə iclasında həbsxana nümayəndələri eyni iddiaları irəli sürmüşdü, lakin hakim onların əsassız olduğu nəticəsinə gəlmişdi. Dennis qardaşın vəkili məhkəməyə həbsxana tibb sənədlərini təqdim etmişdi. Bu sənədlər təsdiq edirdi ki, Dennis qardaşın səhhətindəki problemlər ona həbsxanada fiziki işlə məşğul olmağa imkan vermir. Həbsxana nümayəndəsi də etiraf etməli olmuşdu ki, həbsxanada Dennis qardaşın vəziyyətinə uyğun iş yoxdur.

Prokuror bu qərara qarşı apellyasiya verməyə hazırlaşdığı bir vaxtda həbsxana rəhbərliyi Dennis barədə iki raport tərtib etdi. Birincisi onun icazə olmayan vaxtda yeməkxanada olması, ikincisi isə barakda qısaqol köynəkdə gödəkcəsiz olması barədə idi. Bu səbəblərə görə həbsxana müdiriyyəti onu on günə vahid hücrə tipli kameraya (EPKT) saldı. Rusiyanın qanunvericiliyinə əsasən, məhkum həbsxana qaydalarını kobud şəkildə dəfələrlə pozduğu hallarda həbsxana müdiriyyəti belə cəza tətbiq edə bilər, amma bunu məhkum yalnız tibbi müayinədən keçəndən sonra edə bilər. Lakin Dennis qardaş belə pozuntuya yol verməyib və onu bundan əvvəl tibbi müayinədən keçirməyiblər. Bu səbəbdən onu EPKT-ya salmağa əsas yox idi.

Dennis qardaş başqa bir məhbusla uzunluğu təxminən üç, eni təxminən iki metr olan kamerada saxlanılır. Kamerada ventilyasiya yaxşı işləmir və kif var, bu isə onsuz da səhhəti zəif olan qardaş üçün təhlükəlidir. Bundan bir neçə ay qabaq o, pnevmoniyaya tutulmuşdu, eləcə də onurğasında ciddi problem aşkar edilmişdi. Dennis qardaşın vəkili məlumat verib ki, «həbsxana müdiriyyətinin bundan xəbəri var, buna baxmayaraq, indi o, sərt taxtın üstündə yatmalı olur və bunun ucbatından şiddətli ağrılar hiss edir».

Dennis qardaş vəkilə məlumat verib ki, ittiham edildiyi pozuntular vaxtı yanında digər məhbuslar da vardı, lakin EPKT-ya yalnız onu göndərdilər. Onun vəkili deyir: «Bundan o nəticəyə gəlirik ki, qabaqcadan təşkil edilmiş bu aksiya Dennisin məhkəmənin qərarı ilə azadlığa çıxmasına mane olmaq üçün edilmişdi».

Rusiya hakimiyyət nümayəndələri bacı-qardaşlarımıza hücum çəkmək üçün yeni və daha sərt üsullar axtarıb tapsa da, biz əminik ki, Yehova onlar üçün təhlükəsiz qaladır. Dua edirik ki, Yehova xüsusilə bu ağır dövrdə Dennis qardaşa və yoldaşı İrinaya Ona sadiq qalmağa güc versin (Zəbur 94:13, 21, 22).