15 NOYABR 2021
RUSİYA
Qohumlarından nümunə götürən qardaşlar sadiq qalır
Oleq Danilov və Vladimir Yermolayev Rusiyada təqiblər zamanı dözüm göstərən çoxsaylı Yehovanın Şahidlərindən yalnız ikisidir. Bu cəsur qardaşlarımızın sözlərinə görə, onlara güc verən cəsur və imanlı qohumlarının nümunəsi ilə zəngin olan ruhani irsləridir.
OLEQ DANİLOV
Oleqin babası Rigel Fyodor və nənəsi Yekaterina 1958-ci ildə Yehovanın Şahidləri oldular. O illərdə dövlət Yehovanın Şahidlərini təqib edirdi. Hakimiyyət nümayəndələri Fyodorun evində axtarış apardılar, əmlakını müsadirə etdilər, onun özünü isə cərimələdilər. Buna baxmayaraq, nə Fyodor, nə də ailəsi ibadətdən qalmadılar.
Fyodorla Yekaterinanın övladları Alfred və Ellanı (Oleqin anası) uşaqlıqda həqiqətə görə ələ salır və təqib edirdilər. Lakin onlar da imanda möhkəm qaldılar. Alfredi hərbi xidmətə çağıranda o, qətiyyətlə imtina etdi və buna görə həbsdə üç il keçirdi.
Dayısı Alfred kimi, Oleq də üç il müddətinə həbsə məhkum edilib. O, 2021-ci ilin mart ayında həbs edilmişdi. Oleqin həyat yoldaşı Nataliya və oğulları İlya ilə Nikita onun üçün çox darıxırlar. Bununla belə, onlar inanırlar ki, Yehova Oleqin babasına, nənəsinə və dayısına kömək etdiyi kimi, onlara da kömək edəcək.
Oleq deyir: «Mən tez-tez Sovet İttifaqı dövründə yaşamış qohumlarım və digər bacı-qardaşlarımız haqda, onların sınaqlar zamanı nəinki dözüm göstərdikləri, hətta sevinclərini qoruduqları haqda düşünürəm... Mənim üçün bu, Yehovanın müqəddəs ruhunun gücünün danılmaz sübutudur. Əminəm ki, onlar bacardısa, ailəm və mən də bacaracağıq və sevincimizi qoruyacağıq».
VLADİMİR YERMOLAYEV
Vladimir Yermolayevin nənəsi Anna Yermolayeva həqiqəti 1953-cü ildə Serebrovo kəndində (İrkutsk vilayəti) öyrənib. Anna Yehovanın Şahidi kimi vəftiz olunmuş ilk kənd sakini idi. Qonşuları ona güclü müqavimət göstərirdilər, anası isə ömrünün sonuna qədər onu danışdırmadı.
Hakimiyyət nümayəndələri Annanın təbliğ etdiyi barədə xəbər tutanda onu oğlu Vladimir üçün təhlükə doğurmaqda ittiham etdilər və uşağını əlindən alacaqları ilə hədələdilər.
Annanın yığıncağından olan bacı-qardaşlar dövlət başçısı Nikita Xruşşova məktub yazdılar. Məktubda Annanın nə qədər gözəl ana olduğu deyilirdi. Bir qardaş məktubu Moskvaya apardı. Maraqlıdır ki, Xruşşov məsələni araşdırmağı əmr etdi və Annanı valideynlik hüququndan məhrum etmədilər.
Annanın Nadejda adında bir qızı var idi. 1970-ci ildə mədəsindəki bərk ağrılara görə onu xəstəxanaya apardılar. Həkimlər dəqiq diaqnoz qoymadan Nadejdanı əməliyyat etdilər. Tələsik əməliyyat zamanı həkimlər ona qan köçürmək istədilər. Həkimlərin təkidlərinə baxmayaraq, onların hər ikisi imanlarına zidd davranmaqdan imtina etdi. Ancaq həkimlər buna məhəl qoymadılar və Nadejdaya onun qan qrupuna uyğun olmayan qan köçürdülər. Əfsuslar olsun ki, çox keçməmiş Nadejda vəfat etdi. Səhvlərini ört-basdır etmək üçün hakimiyyət nümayəndələri məşhur qəzetdə məqalə dərc etdirərək Annanı haqsızcasına «övladını qurban gətirməkdə» ittiham etdilər.
Bu faciəvi hadisə Annanın həyat yoldaşı Valentinə gözlənilməz təsir göstərdi. Valentin Annaya Müqəddəs Kitab dəyərlərini uşaqlarına aşılamağı heç vaxt qadağan etmirdi, amma özü həmin dəyərləri həyatında tətbiq etmək istəmirdi. Ancaq Yehovanın Şahidlərinin ağır gündə ailəsinə necə dəstək olduğunu görəndə Valentin Müqəddəs Kitabı öyrənməyə başladı və Yehovanın Şahidi oldu.
Onlar oğulları Vladimiri Müqəddəs Kitab prinsipləri əsasında tərbiyə etməyə davam etdilər. Vladimir böyüyəndə Lyubov adlı sadiq bacı ilə ailə həyatı qurdu. Onların oğlu oldu, onun da adını Vladimir qoydular. Valideynləri Vladimirə Müqəddəs Kitab dəyərlərinə məhəbbət aşıladılar.
2020-ci ilin fevral ayında hüquq-mühafizə orqanlarının əməkdaşları Vladimir və onun həyat yoldaşı Valeriyanın evində axtarış apardılar. Vladimiri həbs etdilər. Sonra onu təxminən iki ay müddətinə ev dustaqlığına keçirdilər. O, qadağan olunmuş təşkilatın fəaliyyətini təşkil etməkdə ittiham olunur və məhkəmə qərarını gözləyir. Məhkəmə onu təqsirli bilərsə, o, 15 ilədək həbsə məhkum edilə bilər. Lakin Vladimir məhkəmənin hansı qərar verəcəyi barədə deyil, Yehovaya sadiq qalan valideynlərinin və babası ilə nənəsinin nümunəsi üzərində düşünür.
Vladimir deyir: «Atamızın adına görə əzab çəkmək şərəfdir... Valideynlərim, babam və nənəm çətinliklərə rəğmən sadiq qaldılar. Məndə də alınacaq».
Oleq və Vladimir kimi zəngin ruhani irsi olan Rusiyadakı bir çox bacı-qardaşlarımız da Yehovanın Şahidi olan sadiq qohumlarının nümunəsini dəyərləndirirlər. Gəlin onların və indi təqiblərə dözən bacı-qardaşlarımızın «imanını örnək [götürək]» (İbranilərə 13:7).