Kontentə keç

2023-cü ilin aprel ayında Rinat Kiramov məhkəmə iclası zamanı

20 İYUN 2024
RUSİYA

Rinat Kiramov dörd gün amansız işgəncələrə məruz qalıb

Rinat Kiramov dörd gün amansız işgəncələrə məruz qalıb

Rinat Kiramov qardaş 2023-cü ilin aprel ayında məhkum edildi. Hal-hazırda o, cəzaçəkmə müəssisəsində yeddiillik həbs cəzasını çəkir. Həbsindən bir il sonra 2024-cü il aprelin 18-də həbsxana rəhbərliyi gözlənilmədən Rinatı cəzaçəkmə müəssisəsindən yaxınlıqdakı tibb müəssisəsinə köçürdü. Onlar Rinatın vərəm ola biləcəyindən «şübhələnirdilər». Ora gedişindən iki gün sonra bir qrup məhbus Rinatı sorğu-suala tutdu. Onlar Rinatdan doğma şəhəri olan Axtubinskdəki Yehovanın Şahidləri haqda məlumat verməsini tələb etdilər. Rinat bundan imtina edəndə məhbuslar ona işgəncə verməyə başladılar. Növbəti dörd gün ərzində həmin məhbuslar ona müxtəlif cür fiziki zorakılıq tətbiq etdilər. Onlar hətta elektroşokerdən də istifadə etdilər. Bundan əlavə, onlar Rinatı gecə-gündüz ayaq üstə saxlayıb nə yatmağa, nə oturmağa, nə də yuyunmağa icazə verirdilər. Ona gündə cəmi bir dəfə yemək verirdilər.

Bu işgəncələrdən bir neçə gün sonra Rinatın həyat yoldaşı Qalina onu ziyarətə gəldi. O, Rinatın üz-gözünün göyərdiyini, çətinliklə gəzdiyini və əllərinin əsdiyini görəndə şoka düşdü. Rinat vəziyyəti izah edəndən sonra Qalina baş verənləri vəkilə bildirdi. Vəkil dərhal tələb etdi ki, Rinat tibbi müayinədən keçsin və hadisə ilə bağlı araşdırma aparılsın.

Prokurorluğa məlumat verilən kimi onlar Rinatla görüşdülər və onu tibbi müayinəyə göndərdilər. Rinatın işgəncələrə məruz qaldığına dair kifayət qədər sübutlar aşkarlanandan sonra iş Daxili İşlər Nazirliyinə göndərildi. Bundan əlavə, sübut olundu ki, qardaş vərəm deyil və 2024-cü il mayın 17-də onu tibb müəssisəsindən hazırda olduğu cəzaçəkmə müəssisəsinə qaytardılar.

Rinat və Qalina həbsdən əvvəl

Rinat bütün bunlara dözmək üçün ona nəyin kömək etdiyini Qalinaya danışdı: «Əlimdən gələn yeganə şey dua etmək və Müqəddəs Kitabdakı ayələrin üzərində düşünmək idi. Heç kəs bunları əlimdən ala bilməzdi. Çox sevinirəm ki, bütün bu şeylər baş verməmişdən əvvəl mən Müqəddəs Kitabı dərindən mütaliə etmişəm. Bunun sayəsində bir çox ayələri xatırlayırdım. Elə insanlar var ki, əqidələrinə görə məruz qaldıqları amansız işgəncələrə Yehovanın müqəddəs ruhunun köməyi olmadan dözüblər. Mənə dözməyə kömək edən isə Yehovanın sonsuz gücü idi. Öz-özümə düşündüm: “İndi Yehovaya olan məhəbbətimi sübut etməyin əsl vaxtıdır. Ona sadiq qalacağam!”»

Rinatın məruz qaldığı qeyri-insani rəftar bizi dəhşətə gətirsə də, Yehovanın bizə həmişə «insan gücündən üstün olan güc» verəcəyini bilmək qəlb rahatlığı verir (2 Korinflilərə 4:7).