Kontentə keç

Roman Baranovski və anası Valentina Baranovskaya

29 YANVAR 2021
RUSİYA

Roman Baranovski və anası Valentina Baranovskaya məhkum edilə bilərlər | YENİLƏNİB

Roman Baranovski və anası Valentina Baranovskaya məhkum edilə bilərlər | YENİLƏNİB

4 may 2022-ci il tarixində Xakas Respublikasının apelyasiya məhkəməsinin qərarı ilə 71 yaşlı Valentina Baranovskaya həbsdən azad edildi. Məhkəmə prokurorun onun şərti olaraq vaxtından əvvəl azadlığa buraxılması barədə qərardan verdiyi şikayəti rədd etdi. Valentina bir ildən çox həbsdə olub. Onun oğlu Roman imanına görə hələ də həbsdədir.

4 mart 2022-ci il tarixində prokurorluq Ust-Abakan Rayon Məhkəməsinin Valentinanı şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə qərarından şikayət verdi. Prokuror bildirdi ki, Valentina «cinayət əməlindən tövbə etmədiyinə görə» şərti olaraq vaxtından əvvəl azad edilməməlidir. Bacı ən azı prokurorun şikayətinə baxılana qədər həbsdə qalacaq.

24 may 2021-ci il tarixində Rusiya Federasiyasının Xakas Respublikasının Ali Məhkəməsi Roman Baranovski və onun 70 yaşlı anası Valentinanın şikayətini təmin etmədi. Onlar həbsdə qalacaq. Məhkəmə həmçinin bildirdi ki, həbs müddəti başa çatdıqdan sonra onlara müəyyən məhdudiyyətlər tətbiq ediləcək.

24 fevral 2021-ci il tarixində Xakas Respublikasının Abakan Şəhər Məhkəməsi Romanı altı il, anası Valentinanı isə iki il müddətinə həbsə məhkum etdi. Bu, Rusiyada dininə etiqad etdiyinə görə həbsə məhkum edilən ilk bacımızdır. 2021-ci ilin aprel ayında Valentinanın 70 yaşı tamam olacaq. Bacı 2020-ci ilin iyul ayında insult keçirib. Qərar elan edildikdən dərhal sonra onlar həbsə alındılar.

Qardaş və bacı barədə məlumat

Roman Baranovski

  • Doğulduğu il: 1974 (Saratov vilayəti, Balakovo şəhəri)

  • Bioqrafiya. Təmir işləri ilə məşğul olaraq özünü və anasını təmin edir. Gitara çalmağı, şahmat və futbol oynamağı sevir.

    Yeniyetməlik illərində həyatın mənası ilə maraqlanmağa başladı. Bəzən Allahdan xahiş edirdi ki, ona düz yolu göstərsin. 1993-cü ildə Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı araşdırmağa başladı. 1997-ci ildə vəftiz olundu.

Valentina Baranovskaya

  • Doğulduğu il: 1951 (Qazaxıstan, Vannovka kəndi)

  • Bioqrafiya. 2006-cı ildə pensiyaya çıxana qədər mühasib işləyib və maliyyə menecmenti üzrə mütəxəssis olub. Yemək bişirməyi, mahnı bəstələməyi və şeir yazmağı sevir.

    1995-ci ildən oğlu ilə birgə Müqəddəs Kitabı araşdırır. Allahın yalan danışmayan Allah olması ona xüsusi təsir bağışlamışdı. 1996-cı ildə vəftiz olundu.

Cinayət işi haqda məlumat

10 aprel 2019-cu il tarixində axşam saatlarında Abakan şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları, Roman Baranovski və anası Valentinanın yaşadığı ev də daxil olmaqla, dörd evə basqın etdilər. Onlar Müqəddəs Kitabları, elektron cihazları və şəxsi sənədləri müsadirə etdilər. Roman və Valentina barədə cinayət işi açdılar.

Roman xatırlayır: «Evimizə basqın ediləndə həftəiçi keçirilən yığıncaq görüşündə idik və 1 Korinflilərə 10:13 ayəsini təzəlikcə müzakirə edib qurtarmışdıq. Görüşdə vacib fikir səsləndi — Yehova hansı sınaqdan keçəcəyimizi müəyyən etmir... O, belə fikirləşmir: “Sən güclüsən, deməli, bu sınağa dözəcəksən. Sən isə zəifsən, ona görə sənə daha asan sınaq düşür”. Əgər belə olsaydı, hər şey insanın öz gücündən asılı olardı. Hamımızın başına istənilən sınaq gələ bilər. Və biz sınağa Yehovanın gücüylə dözə bilərik».

2020-ci ilin iyul ayında Valentina insult keçirdi. O xatırlayır: «Səhhətim getdikcə pisləşirdi, amma həmin vaxt mən daha çox hiss edirdim ki, Yehova yanımdadır və sanki məni əllərinə götürüb. Çünki heç vaxt dua etməyi dayandırmırdım. Sözlə ifadə edilməz qəlb rahatlığı hiss edirdim».

Bütün bunlardan Valentina vacib nəticə çıxardı: «Atamıza əbədiyyət boyu xidmət etməyə və hər vəziyyətdə Ona sadiq qalmağa qəti qərarlıyam».

Roman deyir ki, Allahın dözüm göstərmiş qədim və müasir xidmətçilərinin nümunəsi üzərində düşünmək imanını möhkəmləndirir. Onlar barədə düşünərkən o, özünə bu sualları verir: «Onlar hansı vəziyyətə düşmüşdülər və niyə? Onlara sadiq qalmağa nə kömək etdi? Yehova ruhu ilə onlara necə dəstək oldu?» Bu suallara verdiyi cavab Romanı əmin edirdi ki, sınaqdan asılı olmayaraq, «Yehova, lazım olsa, insan gücündən üstün olan güc verəcək».

Dua edirik ki, Roman, Valentina və Rusiyadakı bütün əziz bacı-qardaşlarımız Yehovaya həmişə onların güc mənbəyi və pənah yeri kimi baxsınlar (Zəbur 46:1).