Kontentə keç

Polis və Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Nijnı Novqorodda qardaşlarımızdan birinin evinə reyd keçirir (2019-cu il)

15 İYUL 2020
RUSİYA

Rusiya güc strukturları dindaşlarımıza qarşı ən genişmiqyaslı reyd keçirib

Rusiya güc strukturları dindaşlarımıza qarşı ən genişmiqyaslı reyd keçirib

Rəsmi məlumata əsasən, avtomatlarla silahlanmış Rusiya güc strukturları 13 iyul 2020-ci il tarixində Voronej vilayətində dindaşlarımızın yaşadığı 110 evə reydlər keçirib. Bu, fəaliyyətimizin qadağan edildiyi 2017-ci ildən etibarən bir gün ərzində Yehovanın Şahidlərinə qarşı keçirilən ən genişmiqyaslı əməliyyat olub. İki qardaş, Aleksandr Bokov və Dmitri Katırov mobil telefonlarının şifrəsini zabitlərə verməkdən imtina etdiklərinə görə döyülmüş və alçaldılmışdı.

Bu reydlərə Voronej şəhərinin Leninski Rayon Məhkəməsinin qərarı ilə icazə verilmişdi. Reydlər Voronej vilayətinin ən azı yeddi böyük və kiçik şəhər və kəndində keçirilib. Bəzi qardaşlar sorğu-sual üçün yerli İstintaq Komitəsinə aparılmışdı.

Növbəti gün, 14 iyul 2020-ci il tarixində Leninski Rayon Məhkəməsi on qardaşımızın 3 sentyabr 2020-ci il tarixinədək məhkəməyədək həbsdə saxlanılmasına qərar verdi: 44 yaşlı Aleksey Antyuxin, 47 yaşlı Sergey Bayev, 44 yaşlı Yuri Qalka, 56 yaşlı Valeri Qurski, 41 yaşlı Vitali Neruş, 24 yaşlı Stepan Pankratov, 54 yaşlı İqor Popov, 44 yaşlı Yevgeni Sokolov, 51 yaşlı Mixail Veselov və 51 yaşlı Anatoli Yaqupov.

Rəsmi məlumatda 110 evə reyd keçirildiyi deyilsə də, hələ ki 100 Yehovanın Şahidi olan ailə onların evlərində və digər əmlaklarında axtarış aparıldığını təsdiq edib. Bu say arta bilər. Çünki zərərçəkənlərin telefonları və kompüterləri müsadirə olunduğu üçün onların hamısı ilə əlaqə saxlamaq çətindir.

Əvvəlki ən genişmiqyaslı reyd 10 fevral 2020-ci il tarixində Zabaykalye ərazisində keçirilmişdi. O vaxt Rusiyanın güc strukturları bir gün ərzində Yehovanın Şahidlərinin yaşadığı 50 evdə axtarış aparmışdı. Ali Məhkəmənin 2017-ci ildə Yehovanın Şahidlərinə qarşı çıxardığı qərarından sonra Yehovanın Şahidlərinin yaşadığı 1000-dən çox evə reyd keçirilib.

Müqəddəs Kitabdakı peyğəmbərliklərdən bilirik ki, Yehovanın xidmətçiləri oda bənzər sınaqlarla üzləşəcək. Buna görə biz Rusiyada və digər ölkələrdə yaşayan bacı-qardaşlarımızın sınaqlarla üzləşməsinə təəccüblənmirik. Biz onlar üçün durmadan dua edirik və əminik ki, Yehova sadiq qalmaları üçün onlara müqəddəs ruh verəcək (1 Butrus 4:12—14, 19).