Kontentə keç

Dmitri Mixaylov son müsahibələrdən birində. O, 29 may 2018-ci il tarixində Rusiya hökumət nümayəndələri tərəfindən həbs edilmiş və həbsdə 171 gün keçirmişdi

18 İYUN 2019
RUSİYA

Rusiya hökuməti Dmitri Mixaylovu qanunsuz həbs edib — BMT mütəxəssislərinin rəyi

Rusiya hökuməti Dmitri Mixaylovu qanunsuz həbs edib — BMT mütəxəssislərinin rəyi

BMT-nin beynəlxalq hüquq üzrə mütəxəssislərindən ibarət kollegiya belə qənaətə gəlib ki, Rusiya hökumətinin Dmitri Mixaylovu həbs etməsi «dini zəmində ayrı-seçkilik» olduğu üçün beynəlxalq qanunları pozur. Onlar Rusiya hökumətinə ona qarşı olan bütün ittihamlara xitam verməyi israrla tövsiyə edib.

Özbaşına Həbs üzrə İşçi Qrupunun (ÖHİQ) 12 səhifəlik rəyinə əsasən, Dmitri Mixaylovun hərəkətləri «həmişə dinc xarakter» daşıyıb. Bundan əlavə, «onun və ya Rusiya Federasiyasında hər hansı Yehovanın Şahidinin zorakı olduğuna və zorakılığa təşviq etdiyinə dair heç bir sübut yoxdur».

ÖHİQ belə qənaətə gəlib ki, Dmitri Mixaylov sadəcə «din azadlığı hüququndan istifadə edirdi» və «həbs edilib istintaq təcridxanasında saxlanılmamalı idi». Bu səbəbdən qanunsuz həbsdə saxlanıldığı müddətdə işləyib pul qazanmaq imkanından və azadlığından məhrum olunduğuna görə ona təzminat ödənilməlidir.

ÖHİQ həmçinin tanımışdır ki, Dmitri Mixaylov imanına görə ədalətsiz rəftara məruz qalan yeganə şəxs deyil. O, Rusiyada beynəlxalq qanunvericiliklərlə zəmanət verilən din azadlığı hüququndan istifadə etdiyinə görə həbs olunan, tutulan və cinayət törətməkdə ittiham olunan sayı durmadan artan Yehovanın Şahidlərindən biridir. Rusiyada bütün Yehovanın Şahidlərinin təqibini mühakimə etmək məqsədi ilə ÖHİQ açıq-aydın bildirmişdir ki, onun çıxardığı rəy yalnız Dmitri Mixaylovun qanunsuz həbsinə deyil, onun kimi «eyni vəziyyətdə olan» bütün Yehovanın Şahidlərinə aiddir.

Dmitri Mixaylov yeniyetmə ikən Müqəddəs Kitabı öyrənməyə başlamış və 1993-cü ildə — 16 yaşında vəftiz olunmuşdu. 2003-cü ildə o, Yelena ilə evlənmiş və onlar Yehovaya birgə xidmətlərini davam etdirmişdilər.

2018-ci ildə Dmitri Mixaylov və onun həyat yoldaşı xəbər tutdular ki, dövlət bir neçə aydır onların telefon danışıqlarına qulaq asır və onların videomüşahidəsini aparır. 19 aprel 2018-ci il tarixində Rusiya Federasiyasının İstintaq Komitəsi İvanovo şəhərində Dmitri Mixaylova qarşı cinayət işi başlamış və silahlı polis əməkdaşları onun evində axtarış aparmışlar. Təxminən bir ay sonra onu «ekstremist» fəaliyyəti maliyyələşdirmə ittihamı ilə tutub həbsə salmışlar. Məhkəməyəqədər həbsdə təxminən yarım il — 171 gün saxlanıldıqdan sonra onu azadlığa buraxmışlar. Nə qədər ki cinayət işi açıqdır, onun səfərə çıxmaq və başqaları ilə əlaqə saxlamaq hüququna məhdudiyyət qoyulub.

ÖHİQ-nın rəyinə cavab vermək üçün Rusiya hökumətinin altı ay vaxtı var. Dövlət Dmitri Mixaylov barəsində cinayət işinin bağlanılması, ona təzminat ödənilməsi və onun hüquqlarını pozanların məsuliyyətə cəlb edilməsi barədə məlumat verməlidir.

Çox yəqin ki, ÖHİQ-nın bu kimi rəyi Qazaxıstanda Teymur Əhmədovun işi üzrə qərarın dəyişməsinə də təsir etmişdir. O, 2017-ci ildə tutulub, dinc şəkildə etiqadını başqaları ilə bölüşdüyünə görə beşillik həbs cəzası almışdı. Bütün daxili hüquq-müdafiə vasitələri tükənəndən sonra Teymur Əhmədovun vəkilləri ÖHİQ-ya şikayətlə müraciət etmişlər. 2 oktyabr 2017-ci il tarixli rəyi ilə ÖHİQ Qazaxıstan hökumətinin əməllərini mühakimə etmiş və Teymur Əhmədovu azadlığa buraxmağa çağırmışdır. Altı ay sonra Qazaxıstanın prezidenti Teymur Əhmədovu əfv etdi. 4 aprel 2018-ci il tarixində o, azadlığa buraxıldı.

Rusiya hökumətinin Dmitri Mixaylovun işi üzrə ÖHİQ-nın rəyinə cavabından asılı olmayaraq, biz bütün ürəkdən bu vədə inanırıq: «Ona sığınan nə bəxtiyardır!» Dua edirik ki, Yehova Rusiyada cinayət təqibi ilə üzləşən bacı-qardaşlarımızın qeydinə qalmağa davam etsin və onlar bir daha əmin olsun ki, Ona cəsarətlə güvənənlər «heç bir nemətdən korluq çəkməz» (Zəbur 34:8, 10).