Kontentə keç

19 FEVRAL 2019
RUSİYA

Rusiya məhkəməsi ədalətsiz hökm çıxararaq Dennis Kristensenə altı il həbs cəzası verib

Rusiya məhkəməsi ədalətsiz hökm çıxararaq Dennis Kristensenə altı il həbs cəzası verib

6 fevral 2019-cu il tarixində elan olunduğu kimi, Oryol Şəhər Jeleznodorojnı Rayon Məhkəməsi Dennis Kristenseni dinc ibadətdə iştirak etdiyinə görə altı il həbs cəzasına məhkum edib. Hökmdən apellyasiya şikayəti hazırlanır.

Dennis Kristensenin altı il həbs cəzası alması barədə xəbər dərhal beynəlxalq ictimaiyyətin reaksiyasına səbəb olub. Avropa Şurası orqanları, Avropa İttifaqı, ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyası, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının Ofisi və digər təşkilatlar Rusiya hökumətini Dennis Kristensenin ədalətsiz və əsassız cinayət təqibini mühakimə edib.

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçelet bəyanatla çıxış edib. Həmin bəyanatın bir hissəsində deyilir: «Kristensenə kəsilən sərt hökm təhlükəli presedent yaradır və faktiki olaraq Yehovanın Şahidlərinin Rusiyada din və əqidə azadlığı hüququndan istifadəsini cinayət əməlinə çevirir». O, Rusiya hökumətini «“Ekstremizmə qarşı mübarizə haqqında” Federal Qanuna yenidən baxmağa, qeyri-müəyyən və aydın olmayan “ekstremist fəaliyyəti” anlayışına aydınlıq gətirməyə və bu anlayışın özünə zorakılıq və nifrət elementlərinin daxil edilməsini təmin etməyə» səsləyib. Xanım Baçelet öz bəyanatını hakimiyyət nümayəndələrini «təqibə son qoyub din, əqidə, rəy, fikri ifadə etmək, dinc yığıncaqlar və birləşmək azadlığı hüquqlarını həyata keçirdiklərinə görə həbs edilənlərin hamısını azadlığa buraxmaq» çağırışı ilə bitirib.

Dennis Kristensen barədə hökmün elan olunmasından iki gün sonra Rusiyanın insan hüquqları üzrə tanınmış dörd mütəxəssisi Moskvada mətbuat konfransı təşkil edib. Konfransın keçirildiyi məkanda boş yer yox idi. Konfransın birsaatlıq canlı yayımına altı mindən çox adam baxıb. Mütəxəssislərin hamısı Yehovanın Şahidlərini müdafiə edərək onların cəmiyyət üçün heç bir təhlükə yaratmayan dinc insanlar olduqlarını bildirib.

8 fevral 2019-cu il tarixində Moskvada keçirilən mətbuat konfransı

Konfransda həmçinin Dennis Kristensenin həyat yoldaşı İrina, onun vəkili cənab Anton Boqdanov və Yehovanın Şahidlərinin Avropa Assosiasiyasının nümayəndəsi Yaroslav Sivulski iştirak edib. Onlar ədalətsiz hökmə dair bəyanatlarla çıxış edib və jurnalistlərin suallarına cavab veriblər.

İki ilə yaxın həbsdə olmasına baxmayaraq, Dennis Kristensen sevincini və Yehovaya etibarını itirmir. Hökmün elan olunmasından bir neçə gün əvvəl məhkəmə qarşısında son çıxışı zamanı Dennis Kristensen bildirib: «Gec-tez həqiqət üzə çıxır. Bu vəziyyətdə də belə olacaq». Vəhy 21:3—5 ayələrini oxuduqdan sonra o, tam əminliklə sözlərinə belə yekun vurub: «Bu ayələrdə Allahın bütün insanlar üçün ədalət və həqiqi azadlığı təmin edəcəyi vaxt təsvir olunub. Azadlıq və ədalət bir-biri ilə sıx bağlıdır. Allah bütün bunların yerinə yetməsinin qayğısına qalacaq».

Dennis Kristensen apellyasiya məhkəməsinin qərarını son iyirmi ay həbsdə saxlanıldığı 1 saylı Oryol Vilayət Təcridxanasında gözləməli olacaq.

Dua edirik ki, Yehova Dennis Kristensenə, onun həyat yoldaşına və Rusiyadakı bütün bacı-qardaşlara dayaq olmağa davam etsin (1 Butrus 3:12).

«“Din azadlığı üçün lakmus kağızı” adlı Rusiya məhkəməsi» videosu hökmün elan olunmasından bir neçə gün əvvəl beynəlxalq kütləvi informasiya agentliyi (RFE/RL) tərəfindən yayımlanıb.