Kontentə keç

Dəstə əllərində silah və gürzlə Nijnı Novqorodda reydə gedir. 2019-cu ilin iyul ayında həmin şəhərdə 31 evə reyd keçirilib

7 AVQUST 2019
RUSİYA

Rusiyada Yehovanın Şahidlərinin yaşadığı 600-dən çox evə reyd keçirilib

Rusiyada Yehovanın Şahidlərinin yaşadığı 600-dən çox evə reyd keçirilib

Son 18 ay ərzində yerli polis əməkdaşları və Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) qardaşlarımızın yaşadığı 613 evə reyd keçirib. Ötən 2018-ci ildə reydlərin sayı 281 olub. 2019-cu ilin yanvar ayından isə 332 evə reyd keçirilib.

Son aylarda hüquq-mühafizə orqanları Yehovanın Şahidlərinə qarşı təqiblərini şiddətləndirib. İyun ayında 71, iyul ayında isə 68 reyd keçirilib. 2018-ci ildə ayda orta hesabla 23,4 reyd keçirildiyini nəzərə alsaq, vəziyyət getdikcə pisləşir.

Nijnı Novqorod şəhərində reyd

Reyd zamanı adətən maskalı və ağır silahlanmış hüquq-mühafizə orqanlarının əməkdaşları evə və ya mənzilə daxil olurlar. Bəzən onlar, uşaqlar və yaşlılar da daxil olmaqla, Yehovanın Şahidlərinə silah tuşlayır, sanki onlar qatı və təhlükəli cinayətkardır. Bir sıra mütəxəssislər Beylor Universitetinin nəzdində fəaliyyət göstərən C. Douson adına Kilsə və Dövlət Tədqiqi İnstitutunun sabiq direktoru Dr. Derek Deyvisin fikrinə şərikdirlər. O deyib: «Rusiyanın Yehovanın Şahidləri kimi dinc qrupu amansızcasına təqib etməsi açıq-aydın “ekstremizmdir”».

Əfsuslar olsun ki, reydlərin sayı artdıqca, Yehovanın Şahidlərinə qarşı cinayət işlərinin də sayı artır. Rusiya və Krımda 244 bacı və qardaşımız cinayət törətməkdə ittiham olunur. Bu, 2018-ci ilin dekabr ayı ilə müqayisədə iki dəfədən də çoxdur, belə ki, həmin vaxt 110 cinayət işi açılmışdı. Cinayət təqibinə məruz qalan 244 bacı və qardaşımızdan 39 nəfəri həbsdə, 27 nəfəri isə ev dustaqlığında saxlanılır, 100-dən çox Yehovanın Şahidinə isə müxtəlif məhdudiyyətlər qoyulub.

Rusiya hakimiyyət orqanları bacı-qardaşlarımızı təqib etməyə davam etsə də, bu, imanımızı sarsıtmır. Əksinə, onların sadiq qalması və dözüm göstərməsi barədə xəbərlər bizi ruhlandırır. Bu bacı-qardaşlarımız üçün etdiyimiz çoxsaylı dualarımıza cavab verdiyinə görə Yehovaya ürəkdən minnətdarıq və əminik ki, O, bundan sonra da dualarımızı cavabsız qoymayacaq (1 Salonikililərə 3:3, 7).