Kontentə keç

Soldan sağa: Aleksey Budençuk, Konstantin Bajenov, Feliks Maxammadiyev, Aleksey Miretski, Roman Qridasov və Gennadi German həbs olunmalarından əvvəl

23 SENTYABR 2019
RUSİYA

Rusiyada daha altı qardaş həbsə məhkum edilib

Rusiyada daha altı qardaş həbsə məhkum edilib

Cümə axşamı, 19 sentyabr 2019-cu il tarixində Rusiyanın Saratov şəhərindən olan altı qardaş sadəcə Yehovanın Şahidləri olduqlarına görə həbsə məhkum edilib.

Saratov şəhəri Leninski Rayon Məhkəməsinin hakimi Dmitri Larin Konstantin Bajenovu və Aleksey Budençuku üç il altı ay, Feliks Maxammadiyevi üç il, Roman Qridasovu, Gennadi Germanı və Aleksey Miretskini isə iki il müddətinə həbsə məhkum edib. Üstəlik, hökmə əsasən, onların hamısına həbs müddətləri bitdikdən sonra beş il ərzində ictimai təşkilatlarda rəhbər vəzifə tutmaq qadağan edilib. Müdafiə hökmdən apellyasiya şikayəti verməyə hazırlaşır.

İlk dəfə bu altı qardaşa qarşı ittiham 12 iyun 2018-ci il tarixində Saratovda Yehovanın Şahidlərinin yaşadığı yeddi evə keçirilən reyddən sonra irəli sürülmüşdü. Qardaşların hamısı ailəlidir, Aleksey Budençukun isə iki məktəbli uşağı var. Aleksey Budençuk, Konstantin Bajenov və Feliks Maxammadiyev tutulandan sonra təxminən bir il məhkəməyəqədər həbsdə saxlanılıb.

Məhkəmədə son sözləri ilə çıxış edən zaman qardaşlar Müqəddəs Kitabdan bir neçə ayə sitat gətirib və onları təqib edənlərə qarşı kin saxlamadıqlarını deyib.

Rusiyada həbsə məhkum edilən qardaşların sayı artıq yeddi nəfərdir. 250-dən çox qardaş və bacıya qarşı ittihamlar irəli sürülüb: onlardan 41-i məhkəməyəqədər həbsdə və ya təcridxanada, 23-ü isə ev dustaqlığında saxlanılır.

Biz Rusiyadakı sadiq və cəsur bacı-qardaşlarımız üçün dua edirik. Allahdan diləyimiz odur ki, onlar hər şeyə sevinclə və səbirlə tab gətirmək üçün Yehovanın şanlı qüdrətindən böyük güc alsınlar (Koloslulara 1:11).