Kontentə keç

20 aprel 2017-ci il: Rusiya Federasiyası Ali Məhkəməsinin hakimi Yuri İvanenko Rusiya və Krımda Yehovanın Şahidlərinin hüquqi şəxslərinin ləğv edilməsi barədə qərarı səsləndirir

19 APREL 2022
RUSİYA

Rusiyada fəaliyyətimizin qadağan edilməsindən beş il keçsə də, təslim olmuruq, cəsarətlə irəli gedirik

Rusiyada fəaliyyətimizin qadağan edilməsindən beş il keçsə də, təslim olmuruq, cəsarətlə irəli gedirik

Dennis Kristensen. Apelyasiya şikayətinə baxılan zaman məhkəmə salonunun kamerasında (2019-cu ilin may ayı)

20 aprel 2022-ci il tarixində Rusiyada Yehovanın Şahidlərinin fəaliyyətinə qoyulan qanunsuz qadağanın beş ili tamam oldu a. Rusiya hakimiyyəti Yehovanın Şahidlərinə qarşı təqiblərini ildən-ilə daha da gücləndirir. Hətta bəzi hallarda dindaşlarımıza işgəncə verirlər. Lakin jw.org saytında dərc edilən xəbərlərdən göründüyü kimi, əziz bacı-qardaşlarımız bu təqiblərə cəsarətlə dözür.

Beş ilə yaxın həbsdə olan Dennis Kristensen bu sahədə gözəl nümunədir. 2019-cu ilin may ayında məhkəmə onun apelyasiya şikayətini rədd etdi. Bu zaman o, ona dəstək olmaq üçün məhkəmə zalına gələn bacı-qardaşlara əminliklə və təmkinlə demişdi: «Mən çalışıram, Yehovaya bütün qəlbimlə xidmət edim. Bu həmişə, əbədiyyən belə olacaq».

İqor Turik

Yeddi il müddətinə şərti həbs cəzasına məhkum edilmiş İqor Turik də eyni əzmi nümayiş etdirir. İqor sovet dövründə təqiblərlə üzləşmiş Nikolay Kalibaba adlı bir qardaşın ona dediyi sözləri xatırlayır. O demişdi: «Təqiblər Yehovanın kömək əlini görmək üçün bir fürsətdir». İqor deyir: «Başa düşdüm ki, iman uğrunda əzab çəkmək şərəfdir». Bu fikir ona əzmli olmağa kömək edir.

Yevgeni Fedin öz mövqeyini belə izah edir: «İndi öz hüquqlarımız uğrunda savaşmağın vaxtı deyil. Əsas odur, Yehovaya sadiq qalaq. O, vaxtı çatanda ədaləti bərpa edəcək. İndi Ondan nemət almaq üçün mübarizə aparmalıyıq... Bu fikir mənə sınaqlara düzgün yanaşmağa kömək edir və mənim üçün fərqi yoxdur onlar nə ilə bitəcək. Hər sınaq Yehovanın adını ucaltmaq və Ona sədaqətimizi sübut etmək üçün bir fürsətdir».

Tatyana Juk

Tatyana Juk da buna oxşar fikir söyləyir: «İndiyədək nələrin öhdəsindən gəldiyimizi yada salmaq bu sınaqlara dözməyə güc verir. Əmin oluruq ki, Yehova bizimlədir. Çünki səmavi Atamız Yehova kömək etməsəydi, belə çətin vaxtlarda sevincimizi qoruya bilməzdik».

Yuxarıda adı çəkilən Yevgeni qardaş əlavə edir: «Biz artıq qalibik! İstintaq təcridxanasında da, məhkəmə zalında da, həbsxanada da. Biz həmişə qalib olaraq qalırıq».

Yehovanın Şahidlərinin Sovet İttifaqındakı fəaliyyətini tədqiq edən tarixçi Emili Beran 2017-ci ildə fəaliyyətimiz qadağan olunandan bir qədər əvvəl yazmışdı: «Tarix göstərir ki, Rusiya Yehovanın Şahidlərini məhv etməyə müvəffəq olmayacaq».

Rusiya və Krımdakı bacı-qardaşlara baxanda aydın görünür ki, Əşiya 54:17 ayəsindəki sözlər yerinə yetir: «Sənə qarşı düzəldilən heç bir silah kara gəlməyəcək».

a Ali Məhkəmədə keçirilən iclas zamanı Rusiya hakimiyyət nümayəndələri bildirmişdilər ki, Yehovanın Şahidlərinin hüquqi şəxslərinin ləğv edilməsi Yehovanın Şahidlərinə ayrı-ayrılıqda öz dinlərinə etiqad etməyə mane olmayacaq. Amma faktlar bunun əksini göstərir.