21 YANVAR 2021
RUSİYA
Rusiyada həbsxanadan azad edilmiş Feliks Maxammadiyev Özbəkistana deportasiya edilib
31 dekabr 2020-ci il tarixində Feliks Maxammadiyev Rusiyada həbsxanadan azad edildi. Orenburq vilayətinin Belyayevski Rayon Məhkəməsi doğulduğu ölkəyə — Özbəkistana deportasiya sənədləri hazır olana qədər onun müvəqqəti olaraq deportasiya mərkəzində saxlanılmasını qərara aldı. 2020-ci ilin aprel ayında Rusiya onun vətəndaşlığını ləğv etmişdi. 20 yanvar 2021-ci il tarixində hakimiyyət nümayəndələri Feliksi qatara mindirib Özbəkistana göndərdilər. Sevinclə xəbər veririk ki, yanvarın 21-i o, sağ-salamat Özbəkistana çatdı. Feliksin həyat yoldaşı Yevgeniya iki gün əvvəl Özbəkistana gəlmişdi ki, onu qarşılasın.
Feliks Rusiyada 18 il yaşayıb. 2002-ci ildə, yeniyetmə olanda, anası ilə birgə Özbəkistandan Rusiyanın Saratov şəhərinə köçmüşdü. 2004-cü ildə, 19 yaşında vəftiz olundu. 2011-ci ildə Yevgeniya ilə evləndi.
12 iyun 2018-ci il tarixində Federal Təhlükəsizlik Xidmətinin (FTX) silahlı və maskalı əməkdaşları yerli polis əməkdaşları ilə birgə onların yaşadığı evə basqın etdi. Feliks həbs edildi və təxminən bir il məhkəməyədək həbsdə saxlanıldı. Dua ona həmişə güc verirdi. Feliks deyir: «Hər gün Yehovaya dua edib xahiş edirdim ki, həmin gün üçün mənə sülh və sevinc versin».
19 sentyabr 2019-cu il tarixində Feliksi və digər beş qardaşı həbsə məhkum etdilər. Apellyasiya şikayətləri rədd edildikdən sonra onu dörd qardaşla birgə yaşadıqları Saratov şəhərindən 800 kilometr uzaqlıqda yerləşən Orenburq həbsxanasına keçirdilər. Həbsxanaya gələndə onları bərk döydülər.
Bütün bunlara baxmayaraq, gülərüzlüyü ilə tanınan Feliks sevincini itirmədi və təbəssüm üzündən əskik olmadı. Yevgeniya deyir: «Onunla fəxr edirəm! Məhkəməyə və bundan sonra olan hadisələrə o, ləyaqətlə dözdü və mənə də dözməyə kömək edir».
Rusiyanın hakimiyyət orqanları Feliksə pislik etmək və imandan döndərmək istəyirdilər, lakin onun sözlərinə görə, uzun çəkən sınaqlar Yehovaya sadiq qalmaq əzmini daha da möhkəmləndirdi. Burada Yusifin qardaşlarına dediyi sözlər yadımıza düşür: «Siz mənə pislik etmək istəsəniz də, Allah hər şeyi xeyrə döndərdi» (Yaradılış 50:20).