Kontentə keç

1 MART 2019
RUSİYA

Rusiyada işgəncəyə məruz qalan qardaşın adından verilən ərizəyə AİHM-nın tez cavabı

Rusiyada işgəncəyə məruz qalan qardaşın adından verilən ərizəyə AİHM-nın tez cavabı

Qərbi Sibirdə yerləşən Surqut şəhərində hökumət orqanlarının nümayəndələri tərəfindən işgəncəyə məruz qalan yeddi Yehovanın Şahidindən biri olan Sergey Loqinovun adından 25 fevral 2019-cu il tarixində Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) təcili tədbir görülməsi barədə ərizə verilmişdir. İşgəncəyə məruz qalan digər altı qardaş azadlığa buraxılıb, lakin Sergey Loqinov tutulduğu andan məhkəməyəqədər həbsdə saxlanılır və xəsarətlərinə baxmayaraq, ona müvafiq tibbi yardım göstərilmir.

Ərizənin verilməsindən bir gün sonra, fevralın 26-sı AİHM qardaşın xeyrinə qərar çıxartdı. Məhkəmə Loqinov qardaşın xahişini təmin edərək ona vurulan «fiziki və psixoloji» ziyanın həcmini və səhhətinin bundan sonra da həbsdə saxlanılmasına imkan verib-vermədiyini müəyyən etmək məqsədilə «dərhal» müstəqil həkimlər tərəfindən müayinə edilməsini Rusiya hökumətinə həvalə etdi. Rusiya hökumətinin 11 mart 2019-cu il tarixinə kimi tədbir görmək üçün vaxtı var.

AİHM bu kimi xahişləri istisna hallarda, yəni şəxsin qaçılmaz və düzəlməz zərər almaq təhlükəsi olduqda təmin edir. Sevindirici haldır ki, AİHM bu qədər tez, yəni ərizənin verilməsindən cəmi bir gün sonra belə bir qərar çıxarıb. AİHM həmçinin qardaşlarımızın məruz qaldığı zorakılıq hallarını nəzarətdə saxlayacağını bildirib.

Hal-hazırda Surqutda 19 Şahid cinayət törətməkdə ittiham olunur, onlardan üçü isə məhkəməyəqədər həbsdə saxlanılır.

Qardaşlarımız üçün Yehovaya yalvarış duaları edərkən gəlin Ərəmya peyğəmbərin sözlərini unutmayaq: «Xoş o kəsin halına ki, Yehovaya bel bağlayır, Yehovaya arxalanır» (Ərəmya 17:7).