Kontentə keç

Maliyyə Monitorinqi üzrə Federal Xidmətin baş idarəsi

13 YANVAR 2023
RUSİYA

Rusiyada yüzlərlə Yehovanın Şahidinə qarşı iqtisadi məhdudiyyətlər

Rusiyada yüzlərlə Yehovanın Şahidinə qarşı iqtisadi məhdudiyyətlər

Rusiyanın Maliyyə Monitorinqi üzrə Federal Xidməti maliyyə cinayətlərinə, o cümlədən ekstremist fəaliyyətin maliyyələşdirilməsinə qarşı mübarizə aparır. Bu xidmət öz rəsmi saytında ekstremist fəaliyyətdə və ya terrorizmdə şübhəli bilinən şəxslərin siyahısını yerləşdirir. Bu siyahıya hətta təqsiri hələ məhkəmə tərəfindən təsdiqlənməyən şəxslər də salına bilər.

2017-ci ildə Rusiya Federasiyasının Ali Məhkəməsinin qərarı ilə Yehovanın Şahidlərinin fəaliyyətinə qadağa qoyulandan 525 bacı-qardaşımızın adı bu siyahıya salınıb a. Onların arasında 100-dən çox yaşlı bacı-qardaşımız da var.

Bu siyahıda olanlara qarşı ciddi iqtisadi məhdudiyyətlər tətbiq olunur. Məsələn, onların bank hesabları dondurulur və gündəlik ehtiyaclarını ödəmək üçün hər ailə üzvünə ayda təxminən 10 000 rubl (137 ABŞ dolları) pul çıxarmağa icazə verilir. Onların üzərinə həyatlarını çətinləşdirən bir sıra başqa məhdudiyyətlər də qoyulur. Məsələn, daşınmaz əmlak və avtomobil alqı-satqısı, sığorta, işsizlik müavinəti, vərəsəlik və bank kreditlərinin alınması müşkül məsələyə çevrilib. Bu məhdudiyyətlər təqaüddə olanlara və əlillərə xüsusilə təsir edir. Çünki onlar müalicə xərclərini ödəyə bilmirlər və tez-tez onlara pulsuz nəqliyyat kartlarından istifadə etməyə icazə verilmir.

2019-cu ilin dekabr ayında adı ekstremistlər siyahısına daxil edilmiş Ussuriyskdən olan qardaşımız Anton Çermnıx deyir: «Maaşımı almaq üçün qanunsuz gəlirimin olmadığını hər ay sübut etməliyəm. Mən banka çoxlu sayda sənəd gətirirəm, bank işçiləri də onları skan edib Moskvaya göndərir. Sənədlərin yoxlanışı iki həftə çəkir. Deyilən gün mən banka gəlirəm, bank işçisi hesabımdan maaşı çəkib mənə verir və dərhal hesabı yenidən dondurur. Yeni bank işçiləri adımın terroristlər siyahısında olduğunu öyrənəndə məndən qorxmağa başlayırlar».

Bütün bu çətinliklərə baxmayaraq, bacı-qardaşlarımız müsbət əhval-ruhiyyəni qoruyurlar. Altı il müddətinə həbs cəzasına məhkum edilməzdən hələ iki il yarım əvvəl adı ekstremistlər siyahısına salınmış Yuri Belosludtsev qardaş deyir: «Bank hesablarım dondurulsa da, bacı-qardaşlar mənə və həyat yoldaşıma kömək edirdilər. Onların göstərdiyi bu köməyə görə Yehovaya minnətdarıq».

Biz əminik ki, Yehova Rusiyadakı bacı-qardaşlarımızın üzləşdiyi ədalətsizliyi görür. Biz onlar üçün dua edirik və şübhə etmirik ki, Yehova Öz xidmətçilərinin həmişə qayğısına qalacaq (Mətta 6:33).

a 2022-ci ilin dekabr ayına olan məlumata görə həbs müddətini çəkmiş və ya cəriməni ödəmiş 35 bacı-qardaşımız bu siyahıdan çıxarılıb.