Kontentə keç

Soldan sağa: Anatoli Razdobarov yoldaşı Qreta ilə və Nikolay Merinov yoldaşı Liliya ilə (hücumdan əvvəl)

10 OKTYABR 2021
RUSİYA

Rusiyada zabitlər iki cütlüyü fiziki zorakılığa məruz qoyub

Rusiyada zabitlər iki cütlüyü fiziki zorakılığa məruz qoyub

Bazar ertəsi, 4 oktyabr 2021-ci il tarixində, OMON-un a silahlı döyüşçüləri dindaşlarımız Anatoli və Qreta Razdobarovlar, eləcə də Nikolay və Liliya Merinovları fiziki zorakılığa məruz qoydular. Bu iyrənc hücumlar hüquq-mühafizə orqanları əməkdaşlarının İrkutsk şəhərində Yehovanın Şahidlərinin yaşadıqları 12 evə keçirdikləri reyd zamanı baş vermişdi. Reyd nəticəsində bəzi dindaşlarımız tutuldu.

Səhər saat 6-da zabitlər Anatoli ilə Qretanın evinə soxuldular. Onlar Qretanı saçlarından darta-darta başqa otağa aparıb əllərini arxadan qandalladılar və çoxsaylı zərbələr endirdilər.

Bu vaxt Anatolini döşəməyə yıxdılar, əllərini arxadan qandallayıb ayaqları ilə başından və qarnından vurmağa başladılar. Sonra qandallarından tutub onu ayağa qaldırdılar. Bu zaman bədəninin çəkisi altında çiyinləri dartılaraq ona dözülməz ağrı verirdi. Zabitlər onu əllərindən vura-vura tələb edirdilər ki, törətmədiyi cinayəti boynuna alsın və dindaşları barədə məlumatları açıqlasın. Zabitlər şüşə butulkanı onun yanına soxmağa çalışırdılar. Razdobarovların evində axtarış səkkiz saatdan çox çəkdi.

Zabitlər Nikolay və Liliya Merinovların evinə soxulanda əvvəlcə Nikolayı ağır küt əşya ilə üzündən vurdular. O yıxılıb huşunu itirdi. Özünə gələndə gördü ki, üstündə zabit oturub və onu döyür. Zabit onun qabaq dişlərini sındırdı. Liliyanı saçlarından tutub sürütləyərək çarpayıdan apardılar. Zabitlər dəfələrlə ona hücum etdilər və yalnız bundan sonra ona normal geyinməyə icazə verdilər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları bu cür vəhşi hərəkətləri ilə səlahiyyətlərini aşıblar və buna görə Rusiya Federasiyasının Cinayət Məcəlləsində cəza nəzərdə tutulub. Bundan əlavə, Rusiya Federasiyası işgəncələri qadağan edən bir neçə beynəlxalq sazişə imza atıb. Hər iki cütlük həm Rusiya, həm də beynəlxalq məhkəmə instansiyalarında ədaləti bərqərar etməyə çalışacaq.

İrkutskda reydin ertəsi günü altı qardaş barədə qətimkan tədbirinin seçilməsi ilə əlaqədar keçirilən iclasa gəlmiş 300-ə yaxın bacı-qardaş Oktyabrski Rayon Məhkəməsinin qarşısında

Reyddən sonrakı iki gün ərzində altı qardaşımız məhkəmə qərarı ilə məhkəməyədək həbsə alındı. Həmin qardaşlar bunlardır: Yaroslav Kalin, Sergey Kosteyev, Nikolay Martınov, Mixail Moyş, Aleksey Solneçnı və Andrey Tolmaçyov. Ədalətsizliyin qurbanı olan bu qardaşlara dinc şəkildə dəstək olmaq üçün məhkəməyə 300-ə yaxın bacı-qardaş gəlmişdi.

Rusiyadakı bizə çox əziz olan dindaşlarımızın hər birinə həvari Bulusun Salonikidəki məsihilərə ünvanladığı sözləri demək istəyirik: «Allahın yığıncaqlarında sizinlə fəxr edirik, çünki bütün təqiblərə və çəkdiyiniz əziyyətlərə baxmayaraq, siz dözüm və iman göstərirsiniz» (2 Salonikililərə 1:4).

a Rusiya Milli Qvardiyasının xüsusi təyinatlı mobil dəstəsi.