Kontentə keç

Rusiyada həbsxanadan azad edilən Konstantin Bajenovu on dörd gündən sonra, 19 may 2021-ci il tarixində sərhədi keçən kimi Ukraynada həyat yoldaşı İrina qarşılayır

20 MAY 2021
RUSİYA

Rusiyadan deportasiya edilmiş Konstantin Bajenov sağ-salamat Ukraynaya çatıb

Rusiyadan deportasiya edilmiş Konstantin Bajenov sağ-salamat Ukraynaya çatıb

Konstantin Bajenov 5 may 2021-ci il tarixində Rusiyada həbsxanadan azad edildi a. O, bir müddət müvəqqəti saxlama mərkəzində saxlanıldıqdan sonra mayın 19-u Ukraynaya deportasiya edildi. Konstantinin həyat yoldaşı İrina ondan bir qədər əvvəl Ukraynaya gəldi ki, onu qarşılasın. 2020-ci ilin may ayında Konstantin Rusiya vətəndaşlığından məhrum edildiyi üçün o deportasiya edildi.

Sərhədi keçən kimi Konstantini və onun yoldaşı İrinanı əllərində Əşiya 54:17 ayəsində yazılan sözləri tutan ər-arvad qarşılayır: «“Sənə qarşı düzəldilən heç bir silah kara gəlməyəcək...” — deyə Yehova bəyan edir»

Qardaş barədə məlumat

Konstantin 1975-ci ildə Veliki Novqorod şəhərində (Rusiyanın qərbində yerləşir) qeyri-dindar ailədə dünyaya gəlib. Uşaqlıqda ailəlikcə Ukraynaya köçmüşdülər. Gənclik illərində gimnastika və musiqi ilə məşğul olurdu. Musiqi məktəbini bitirib. Nəfəs alətləri orkestrinə rəhbərlik edib.

Konstantin Müqəddəs Kitabı öyrənməyə başlamazdan əvvəl də zorakılıq və müharibələri mühakimə edirdi. Bu səbəbdən Ukrayna Silahlı Qüvvələrində hərbi xidmətə çağırılanda o, xidmət keçməkdən imtina etmişdi. Tələbəlik illərində həyat və din haqqında suallar onu narahat etməyə başladı. Suallarının cavabını bir neçə dində axtardı, amma yalnız Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı araşdırmağa başlayanda onlara cavab tapdı. 1996-cı ildə Konstantin vəftiz olundu.

2001-ci ildə o, İrina ilə evləndi. Ailəsini dolandırmaq üçün Konstantin daş ustası işləyir, əsas etibarilə, soba və ocaqlar düzəltməklə məşğul olurdu. 2009-cu ildə onlar Rusiyaya köçdülər.

Reyd və həbs

12 iyun 2018-ci il tarixində Rusiyanın xüsusi təyinatlı qüvvələri Saratov şəhərində reyd keçirdilər. Konstantinlə İrinanın evi də daxil olmaqla, Yehovanın Şahidlərinin yaşadığı yeddi evdə axtarış aparıldı. O və Saratov şəhərindən olan digər iki qardaş tutuldular və barələrində həbs qətimkan tədbiri seçildi.

İstintaq təcridxanasına gətirilən andan Konstantin başa düşürdü ki, ona Allahın Kəlamından təsəlli lazım olacaq, lakin orada Müqəddəs Kitab əldə etmək mümkün deyildi. Konstantin xatırlayır: «Yoldaşım mənə qeyd kitabçası göndərmişdi və mən yadıma düşən ayələri hər gün ora yazırdım». Yehovanın köməyilə qardaş iki aya 500 ayə yadına saldı. Əlinə Müqəddəs Kitab düşəndə isə onu dörd aya oxuyub qurtardı və xeyli möhkəmləndi. Ruhlandırıcı fikirləri məktublar vasitəsilə həyat yoldaşı və dostları ilə bölüşmək isə ona çoxlu sevinc gətirdi.

Konstantin xüsusilə özünü tənha hiss edəndə və yoldaşı üçün darıxanda tez-tez Yehovaya hərarətlə dua edirdi ki, təcridxana həyatına dözməyə kömək etsin. O xatırlayır: «Mən diz üstə durub ağlaya-ağlaya Yehovaya yalvarırdım. Allahdan istədiklərimi kağız üzərində yazırdım və cavab aldığım xahişlərimin üstündən xətt çəkirdim. Yehovanın mənə çox yaxın olduğuna əmin idim». 20 may 2019-cu il tarixində o, təcridxanadan azad edildi.

İttiham hökmü

19 sentyabr 2019-cu il tarixində Konstantin və Saratovdan olan digər beş qardaş həbsə məhkum edildi. Onların verdiyi apelyasiya şikayəti bir neçə aydan sonra rədd edildi. Qardaşlardan beşini Orenburq şəhərində yerləşən cəzaçəkmə müəssisəsinə keçirdilər. Konstantini isə Dimitrovqrad şəhərindəki həbsxanaya göndərdilər. Həmin həbsxana ailəsinin yaşadığı Saratov şəhərindən 500 kilometr aralıda yerləşirdi.

Konstantin həbsxanada 2020-ci ilin anma mərasimini qeyd edir

Konstantindən ayrı olduğu müddətdə İrina saytımızın «Xəbərlər» bölməsində təqiblərə cəsarətlə və sevinclə dözən bacı-qardaşların həyat hekayələrini oxuyurdu. Konstantinin əzmli qaldığını və qəlb rahatlığını qoruduğunu bilməsi də İrinanı ruhlandırırdı. Konstantin hələ həbsdə olanda ondan götürülmüş müsahibədə İrina demişdi: «O, həmişə ruhlandırıcı tərzdə danışır!» Ona Konstantinə zəng etməyə icazə veriləndə onlar birgə mahnı oxuyur, dua edir və mütaliə edirdilər. Bacı deyir ki, Müqəddəs Kitabı birgə müzakirə etmələri Yehovaya imanını möhkəmləndirirdi və çətinliklərə baxmayaraq, sevinclərini qorumağa kömək edirdi.

Konstantin 14 aydan bir az çox təcridxanada və bir il yarım müddətdən bir az çox həbsxanada qaldı. O, üç il yarım müddətinə həbsə məhkum edilmişdi, amma bu müddətin bitməsinə doqquz ay qalmış onu azad etdilər, çünki təcridxanada olduğu müddət həbsxanada keçirilmiş bir il yarım müddət kimi hesablandı. Qalan iki ayını isə həbsxanada çəkməli olmadı, çünki vaxtından əvvəl şərti azad olundu.

Biz çox şadıq ki, Konstantin artıq azadlıqdadır və öz ailəsinə qovuşub. Təqiblərə dözən bütün bacı-qardaşlar padşah Davudun sözlərində deyildiyi kimi davranır: «Dərd-bəla sovuşanacan qanadlarının altına sığınacağam» (Zəbur 57:1).

a Konstantin həbsxanadan çıxanda onu İrinadan başqa, 20-ə yaxın bacı-qardaş qarşılamağa gəlmişdi. Sonra onu deportasiya edilənlər üçün müvəqqəti saxlama mərkəzinə apardılar. Konstantini ora aparmazdan əvvəl, ona yoldaşı ilə 30 dəqiqə söhbət etməyə icazə verildi.