17 FEVRAL 2020
RUSİYA
Rusiyanın Orenburq şəhərində həbsxana nəzarətçiləri beş qardaşı döyüb
6 fevral 2020-ci il tarixində Rusiyanın Orenburq şəhərində yerləşən 1 saylı cəzaçəkmə müəssisəsində həbsxana nəzarətçiləri beş Yehovanın Şahidini — Aleksey Budençuk, Gennadiy German, Roman Qridasov, Feliks Maxammadiyev və Aleksey Miretskini dəyənəklərlə qəddarcasına döyüblər. Feliks Maxammadiyevin qabırğası sındırılmış, ağciyəri deşilmiş, eləcə də böyrəyi zədələnmiş və nəticədə o, xəstəxanaya yerləşdirilmişdi. Budençuk, German, Qridasov və Miretskini qondarma, cəfəng ittihamlarla, məsələn, icazə olmadığı yerdə guya siqaret çəkdiklərinə görə (halbuki Yehovanın Şahidləri siqaret çəkmir) cərimə təcridxanasına salıblar.
Bundan əvvəl xəbər verildiyi kimi, 19 sentyabr 2019-cu il tarixində Saratov şəhərinin Leninski Rayon Məhkəməsinin hakimi Dmitri Larinin qərarı ilə bu beş qardaş, eləcə də Konstantin Bajenov məhkum olunmuşdu. Onlara iki ildən üç il yarımadək həbs cəzası təyin edilmişdi. 20 dekabr 2019-cu il tarixində Saratov Vilayət Məhkəməsi onların apellyasiya şikayətini təmin etmədi. Bir neçə həftədən sonra qardaşların altısını da həbsxanaya keçirdilər. Konstantin Bajenov Ulyanovsk vilayətinin 3 saylı cəzaçəkmə müəssisəsinə göndərildi. Bu səbəbdən Orenburq şəhərində baş vermiş hadisə zamanı o, zərər çəkmədi.
Qardaşları 2020-ci il fevralın 6-sı, 1 saylı cəzaçəkmə müəssisəsinə gətirildikləri gün döyüblər. Həkimlər onları yalnız növbəti gün — Feliks qardaşın hərarəti qalxandan və onun sidiyində qan aşkar olunandan sonra müayinə ediblər. Həbsxana müdiriyyəti təcili yardımı Feliks qardaşı «ayaq yolunda ayağı sürüşüb yıxıldığını» deyən sənədi imzalamağa məcbur etdikdən sonra çağırıb. Qardaşı xəstəxanaya aparıb əməliyyat ediblər. Ciyərlərinə yığılmış mayeni çəkib çıxarmaq üçün ona drenaj qoyublar. Analizlər həmçinin göstərib ki, Feliks qardaşın orqanizmi lazımi qidalandırıcı maddələr almır, çünki həbsxana müdiriyyəti qlüten dözülməzliyindən əziyyət çəkən qardaşın özü ilə gətirdiyi yeməyi müsadirə etmişdi.
Rusiyada bu cür ədalətsizliyə və qeyri-insani rəftara dözən qardaşlarımız üçün ürəyimiz ağrıyır. Ancaq biz əminik ki, nə qədər ki onlar Yehovaya sadiqdir, Yehova onlara dayaq olacaq (Filippililərə 1:27, 28).