21 FEVRAL 2019
RUSİYA
Rusiyanın Surqut şəhərində Yehovanın Şahidlərinə işgəncə verilib
Dennis Kristensenin Rusiya məhkəməsi tərəfindən ədalətsiz olaraq məhkum olunmasından cəmi doqquz gün sonra Sibirin qərbində yerləşən Surqut şəhərində ən azı yeddi Yehovanın Şahidinə qarşı fiziki zor tətbiq olunub. Müstəntiqlər onları elektroşokerlə vurmuş, boğmuş və döymüşlər. İşgəncələr zamanı polis zabitləri tələb ediblər ki, qardaşlarımız onlara yığıncaqların yerini və digər Yehovanın Şahidlərinin adlarını açıqlasınlar.
Hadisə 15 fevral 2019-cu il tarixində hakimiyyət orqanlarının Surqut şəhərində səhər saatlarında keçirdiyi reydlə başlayıb. Bəzi Şahidləri həbs edib İstintaq Komitəsinə gətirəndən sonra hakimiyyət nümayəndələri qardaşlarımızı sorğu-suala çəkib, lakin onlar dindaşları barədə məlumat verməkdən imtina ediblər. Zərərçəkmişlərin sözlərinə görə, yeganə hüquqi nümayəndələri gedəndən sonra onların başlarına torba salıb sıxıblar və əllərini arxadan bərk bağlayıb döyüblər. Şahidləri tam soyundurub üstlərinə çoxlu su tökdükdən sonra elektroşokerlə vurublar. Bu sadist işgəncələr iki saat davam edib.
Ən azı üç Şahid hələ də həbsdədir. Azadlığa buraxılanlar həkimə müraciət etməli olub və nəzarəti həyata keçirən aidiyyəti orqanlara şikayətlər veriblər.
Bundan əlavə, kütləvi axtarışlar bitəndən sonra Rusiya hakimiyyət orqanları ümumilikdə on doqquz Yehovanın Şahidinə qarşı «ekstremist fəaliyyətdə iştirak» və «ekstremist təşkilatın təşkili» ittihamı üzrə cinayət işləri açıb.
Hakimiyyətdən bu cür dəhşətli şəkildə sui-istifadə Rusiya Cinayət Məcəlləsinə görə cinayət hesab olunur. Bundan başqa, Rusiya Federasiyası insanları işgəncədən müdafiə edən bir sıra beynəlxalq təşkilatlar qarşısında məsuliyyət daşıyır. Bu səbəbdən biz həm daxili, hər də beynəlxalq hüquqi müdafiə vasitələrinə müraciət edəcəyik.
Biz bilirik ki, Yehova Rusiyada qardaşlarımızın təqibini görür və hökmən yardımçı və xilaskar kimi hərəkətə keçəcək (Zəbur 70:5).