Kontentə keç

Sergey Sergeyev (solda) və Yuri Belosludtsev (sağda)

18 MART 2021
RUSİYA

Rusiyanın Uzaq Şərq bölgəsində iki qardaş 12 il müddətinə həbs edilə bilər | YENİLƏNİB. ŞİKAYƏT RƏDD EDİLDİ

Rusiyanın Uzaq Şərq bölgəsində iki qardaş 12 il müddətinə həbs edilə bilər | YENİLƏNİB. ŞİKAYƏT RƏDD EDİLDİ

18 oktyabr 2022-ci il tarixində Doqquzuncu Ümumi Yurisdiksiya Kassasiya Məhkəməsi Yuri Belosludtsev və Sergey Sergeyevin ikinci apelyasiya şikayətini rədd etdi. Cəza şərti olduğu üçün bu dəfə qardaşlar həbsə salınmayacaq.

21 aprel 2022-ci il tarixində Primorsk Vilayət Məhkəməsi Yuri Belosludtsev və Sergey Sergeyevin apelyasiya şikayətlərini təmin etmədi.

31 yanvar 2022-ci il tarixində Pojarski Rayon Məhkəməsi (Primorsk vilayəti) Yuri Belosludtsev və Sergey Sergeyevi altı il müddətinə şərti həbs cəzasına məhkum etdi.

Qardaşlar barədə məlumat

Yuri Belosludtsev

  • Doğulduğu il: 1964 (Yəhudi Muxtar Vilayəti, Smidoviç qəsəbəsi)

  • Bioqrafiya. Yurini kiçik kənddə yaşayan nənəsi böyüdüb. Elektrik stansiyasında mühəndis işləyib. Balıq tutmağı və ayaq xizəyi sürməyi sevir.

    1985-ci ildə Yelena ilə evləndi. Hər ikisini də Allahın pisliyə və əzab-əziyyətlərə son qoymaq vədi, eləcə də yerinə yetən Müqəddəs Kitab peyğəmbərlikləri valeh etdi. Bu həqiqətləri biləndən sonra Müqəddəs Kitabı öyrənmək təklifini qəbul etdilər. 1994-cü ildə vəftiz olundular.

Sergey Sergeyev

  • Doğulduğu il: 1955 (Saratov vilayəti, Duxovnitskoye kəndi)

  • Bioqrafiya. Pensiyaya çıxana qədər kömür hasilatında işləyib. 1991-ci ildə Nelli ilə evləndi. İki qızı və bir oğlu var. Sergey və Nelli itləri sevirlər.

    Evlənəndən qısa müddət sonra Müqəddəs Kitabı araşdırmağa başladılar. Müqəddəs Kitabın dəqiq peyğəmbərlikləri və praktiki faydası onları heyran etdi. 1996-cı ildə vəftiz olundular.

Cinayət işi haqda məlumat

17 mart 2019-cu il tarixində Federal Təhlükəsizlik Xidməti (FTX) Luçeqorskda (Primorsk vilayəti) Yehovanın Şahidlərinin yaşadığı evlərə kütləvi reydlər keçirmişdi. Bacı-qardaşlar sorğu-sual edildi, bəzilərinin sorğu-sual edilməsi yeddi saat çəkdi. Yuri və Sergey tutuldular.

İki gündən sonra qardaşların ikisini də istintaq təcridxanasına saldılar. Onlar altı aydan çox orada qaldılar. 2019-cu ilin sentyabr ayında onları ev dustaqlığına keçirdilər. Təxminən beş ay onlar ev dustaqlığında qaldılar.

Qardaşlar deyir ki, istintaq təcridxanasındakı şəraitə dözməyə onlara dua kömək etdi. Sergeyin sözlərinə görə, ona nikbinliyi qorumağa həmçinin Müqəddəs Kitab kömək etdi: «Mən İsanın sözlərini yadıma saldım: “Məni təqib ediblərsə, sizi də təqib edəcəklər” (Yəhya 15:20). Düşündüm: “İşə bir bax! Bizimlə baş verənlər İsa Məsihin, onun şagirdlərinin və həvarilərinin də başına gəlmişdi. Görünür, Yehova mənə etibar edir, O bilir ki, mən burada da yaxşı şahidlik verə biləcəyəm”. Bu kimi fikirlər və Yehovanın dualarıma cavab verməsi mənə güc verir və nikbin qalmağa kömək edirdi».

Yuri bölüşür ki, əvvəllər onun üçün Müqəddəs Kitabı hər gün oxumaq çətin idi. Lakin bir məsihi qardaşın köməyilə o, bu sahədə düzəldi. Sergey deyir ki, istintaq təcridxanasında olanda bunun faydasını gördü. O bölüşür: «Mən Müqəddəs Kitabda yazılan və əvvəllər nəşrlərimizdə oxuduğum nümunələri xatırlayırdım. Bu mənə güc verirdi, sevincimi qorumağa və narahatçılığımı azaltmağa kömək edirdi».

Rusiyadakı bacı-qardaşlar üçün dua etməyə davam edirik. Biz tam əminik ki, Yehova dar günlərində onların pənah yeri və gücü olacaq (Zəbur 46:1).