20 MAY 2021
RUSİYA
Rustam Seyidkuliyev iki il yarım müddətinə həbsə məhkum edildi
İmanına görə üçüncü dəfə həbsə məhkum edilən qardaş
YENİLƏNİB | Rustam Seyidkuliyevin şikayəti təmin edilmədi
5 avqust 2021-ci il tarixində Saratov Vilayət Məhkəməsi Rustam Seyidkuliyevin şikayətini təmin etmədi, amma ona təyin edilmiş iki il yarım müddətli həbs cəzasını iki il dörd ay müddətinə qədər azaltdı. Tezliklə onu istintaq təcridxanasından həbsxanaya keçirəcəklər. Qardaş 20 may 2021-ci il tarixində məhkum olunandan təcridxanada saxlanılır.
20 may 2021-ci il tarixində Saratovun Leninski Rayon Məhkəməsi Rustam Seyidkuliyevi iki il yarım müddətinə həbsə məhkum etdi. Məhkəmədən dərhal sonra qardaş həbs edildi.
Qardaş barədə məlumat
Rustam Seyidkuliyev
Doğulduğu il: 1977 (Türkmənistan, Aşqabad şəhəri)
Bioqrafiya. Anası onu tək böyüdüb. Müqəddəs Kitabı Yehovanın Şahidləri ilə 1993-cü ildən araşdırır. İki ildən sonra anası da Müqəddəs Kitabı araşdırmağa başladı. Vəftiz olunmazdan əvvəl Müqəddəs Kitab əsasında tərbiyə edilmiş vicdanına görə hərbi xidmətdən imtina etdiyi üçün iki dəfə həbsə məhkum edilmişdi.
Müqəddəs Kitabın yerinə yetmiş peyğəmbərlikləri və işə yarayan məsləhətləri onu özünü Allaha həsr edib 1998-ci ildə vəftiz olunmağa təşviq etdi. Ögey atası Yehovanın Şahidi olduğu üçün deportasiya edildiyinə görə ailəsi 2000-ci ildə Rusiyaya köçdü.
Telefon ustası və tikintidə işləyib. Həyat yoldaşı Yuliya ilə 2001-ci ildə tanış olub. Onlar boulinq, stolüstü tennis oynamağı, piknikləri sevirlər. 2019-cu ilin sentyabr ayından Rustamın valideynlərinin qeydinə qalırdılar.
Cinayət işi haqda məlumat
2019-cu ilin mart ayında Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşı Rustamla Yuliyanın yaşadığı evə gəldi. Maşını ilə onların yolunu kəsib hər birini ayrı-ayrılıqda sorğu-sual etdi, sonra bildiriş verib FTX-ya əlavə sorğu-sual üçün çağırdı.
15 fevral 2020-ci il tarixində Rustamla Yuliyanı alış-veriş məkanlarının birində tutdular. Rustam məhkəmənin qərarı ilə ev dustaqlığına göndərildi. İlk iki ayı onu başqa evdə saxladılar, çünki həyat yoldaşı ilə görüşməyə icazə vermirdilər. Evinə keçirildikdən sonra isə ona internetdən və digər əlaqə vasitələrindən istifadə etmək qadağan edildi. O yalnız evdəkilərlə danışa bilərdi. Qətimkan tədbirinin müddəti yeddi dəfə uzadılmışdı. Rustam ev dustaqlığında ümumilikdə 217 gün keçirib.
Ev dustaqlığında olarkən Rustam bir çox problemlər yaşadı. Bir müddət ona evini yalnız səhər saat 9-dan 11-ə qədər tərk edib çöldə gəzməyə icazə verilirdi. Ona hətta evin həyətini səliqə-səhmana salmaq, su buraxan damı təmir etməyə belə icazə verilmirdi. Görün, qardaşın sözlərinə görə, ona nikbinliyi qorumağa nə kömək etdi: «Ev dustaqlığında olarkən dua və ruhani şeylər barədə düşünmək üçün vaxtım daha çox idi. Daima hansısa işlə məşğul olmağım, günü planlaşdırmağım sayəsində ruhdan düşmürdüm. Mən başa düşürdüm ki, həbsxanalarda saxlanılan bəzi dindaşlarımın vəziyyəti mənimkindən qat-qat pisdir».
Əvvəlki məhkəmə işləri də Rustama güc verir. Türkmənistanda həbsxanada olduğu vaxtları yada salaraq o deyir: «Keçmişdə Yehova dəfələrlə mənə dayaq olub, xüsusilə gənc yaşlarımda həbsxanaya düşəndə. Hələ o vaxt mən hər şeyi Onun öhdəsinə buraxmağı və sakitliyi qorumağı öyrəndim».
Rustam öz şəraitində Yehovaya xidmət etmək üçün əlindən gələni edir. Qardaş deyir: «Biz yığıncaqlarımızı buraxmamalıyıq və ibadətlə bağlı hər şeyi vaxtlı-vaxtında görməliyik. Vaxta az qalıb, ona görə yol verməməliyik ki, nəsə bizi şahidlik verməkdən və dindaşlarımızı möhkəmləndirməkdən yayındırsın. Yehovaya məqbul bildiyi yerdə bundan sonra da xidmət etməyə qəti qərarlıyam».
Biz əminik ki, Yehova «Onun iradəsini icra etmək üçün» Rusiyadakı bacı-qardaşları «hər cür yaxşı şeylə» təchiz edəcək (İbranilərə 13:21).