Kontentə keç

Yuliya Kaqanoviç

11 FEVRAL 2021
RUSİYA

Sınaqlara hazırlaşmaq Yuliya Kaqanoviçə onlara tab gətirməyə kömək etdi

Sınaqlara hazırlaşmaq Yuliya Kaqanoviçə onlara tab gətirməyə kömək etdi

Qərarın elan ediləcəyi tarix

18 fevral 2021-ci il tarixində a Yəhudi Muxtar Vilayətinin Birobican Rayon Məhkəməsinin Yuliya Kaqanoviç bacımızın işi üzrə qərarını elan edəcəyi gözlənilir. Prokuror onun üçün istədiyi cəza növünü hələ bildirməyib.

Bacı barədə məlumat

Yuliya Kaqanoviç

  • Doğulduğu il: 1966 (Volqoqrad vilayəti, Mixaylovka şəhəri)

  • Bioqrafiya. Mülki mühəndisliyi oxuyub. Gənc yaşlarında rəqs dərnəyinə gedirdi, musiqi məktəbini bitirib, orkestrda çalıb və xorda oxuyub. Həyat yoldaşı Aleksandr onun dininə şərik olmasa da, Yuliyanı dəstəkləyir və inanır ki, barəsində açılmış cinayət işi haqsızlıqdır.

    Əziz insanlarının ölümü Yuliyanı həyatın mənası barədə düşünməyə vadar etmişdi. Müqəddəs Kitabın verdiyi cavablar ona qəlb rahatlığı tapmağa kömək etdi və ümid verdi. 1998-ci ildə vəftiz olundu. Müqəddəs Kitab prinsipləri ona nikahını möhkəmləndirməyə, insanlarla münasibətlərini yaxşılaşdırmağa və oğlu Arturu Yehovanın Şahidi kimi böyütməyə kömək etdi.

    Cinayət işi onun zəif sağlamlığına pis təsir edib.

Cinayət işi barədə məlumat

Yuliya bacı xatırlayır: «Həmin səhər qapımız döyüləndə mən artıq bilirdim bu, kimdir. Ürəyim şiddətlə döyünməyə başladı. Bircə: “Yehova, mənə kömək et. Yehova, mənə kömək et”, — kəlməsini təkrar-təkrar deyirdim».

Rusiyanın Birobican şəhərində yaşayan 53 yaşlı bacımız barədə cinayət işi 10 oktyabr 2019-cu il tarixində açıldı. Həmin gün Federal Təhlükəsizlik Xidməti (FTX) Yuliyanın evindən başqa, o ərazidə bacı-qardaşlarımızın yaşadığı iyirmidən çox evə basqın etmişdi.

Reyd çox gərgin keçdi, lakin Yuliya və digər bacı-qardaşlar reydə qabaqcadan hazırlaşmışdılar və bu, onlara güc verdi.

Yuliya deyir: «Yığıncaq görüşlərində tez-tez deyirdik ki, axtarış ola bilər və buna hazır olmalıyıq. Mən bunun böyük ehtimalla baş verəcəyini dərk edirdim, ona görə özümü necə aparacağıma və nə deyəcəyimə əqlən hazırlaşırdım... Yalnız sonradan hərəkətlərimi qabaqcadan düşünməyin nə qədər vacib olduğunu bildim. Əks halda, çaşqınlıq içində olacaqdım, təlaşa düşəcəkdim və yuxulu halda nə etmək lazım olduğunu bilməyəcəkdim».

Gözlənildiyi kimi, basqından dərhal sonra cinayət işləri açıldı. Yuliya və digər dindaşlarımız ekstremist fəaliyyətdə ittiham edildilər.

3 mart 2020-ci il tarixində bacının işi Birobican Rayon Məhkəməsinə göndərildi. COVID-19 pandemiyasına görə məhkəmə iclası beş ay müddətinə təxirə salındı. 22 oktyabr 2020-ci il tarixində Yuliya məhkəmə qarşısına çıxdı.

Yuliya deyir: «Bir tərəfdən belə vəziyyətdə olmaq istəmirdim, digər tərəfdən isə Yehovanın ali hökmranlığını müdafiə etmək sevindirici idi.

Əşiya 41:10 ayəsi lap yerinə düşmüşdü. Həmin ayəni çap edib evimdə asdım ki, Yehova Allahımın ürəkləndirici sözləri həmişə gözümün qabağında olsun. Yehovanın titrəyən dizlərimi necə möhkəmləndirdiyini şəxsən gördüm».

Yuliya ona gərgin vəziyyətlərdə sakitliyi qorumağa kömək edən, cəsarət və sevinc verən bir neçə ayə əzbərləmişdi.

Gəlin biz də hikmətlə davranaraq gələcək sınaqlara əqli, emosional və ruhani cəhətdən hazırlaşaq. Yehova bizi əmin edir ki, «kamillik yolunda yeriyənlərdən... yaxşılığını əsirgəməz» (Zəbur 84:11).

a Tarix dəyişə bilər.