24 MART 2021
RUSİYA
Smolenskdə dörd qardaş iman sınaqlarına cəsarətlə dözür
YENİLƏNİB| Qardaşların apelyasiya şikayəti təmin edilmədi
31 avqust 2021-ci il tarixində Smolensk Vilayət Məhkəməsi Yevgeni Deşko, Ruslan Korolyov və Valeri Şalevin apelyasiya şikayətini təmin etmədi. Birinci instansiya məhkəməsinin qərarı qüvvədə qaldı. Cəza şərti olduğu üçün onlar həbsə salınmayacaq.
Üç qardaş «ekstremizmdə» təqsirli bilindi
23 aprel 2021-ci il tarixində Smolensk şəhərinin İndustrialnı Rayon Məhkəməsində Yevgeni Deşko, Ruslan Korolyov və Valeri Şalev barədə qərar elan edildi. Ruslan və Valeri atlı il yarım müddətinə, Yevgeni isə altı il müddətinə şərti həbs cəzasına məhkum edildi.
Qardaşlar barədə məlumat
Yevgeni Deşko
Doğulduğu il: 1989 (Soçi şəhəri)
Bioqrafiya. Masajçı-terapevt, sürücü və elektrik işləyib. Yehovanın Şahidlərinin ailəsində böyüyüb. Müqəddəs Kitab qanunlarına dərin hörmət bəslədiyi üçün həqiqi hərbi xidmətdən imtina etmişdi. 2012-ci ildə vəftiz olundu. 2012—2014-cü illərdə gerontologiya mərkəzində sanitar işləyərək alternativ mülki xidməti icra etmişdi.
Ruslan Korolyov
Doğulduğu il: 1982 (Smolensk)
Bioqrafiya. Uşaqlıqda elektron cihazları təmir etməyi sevirdi. Sonra mexanik sənətinə yiyələndi. Rusiyanın hərbi qüvvələrində xidmət edib. Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyə başlayanda orada açıqlanan həqiqətdə təsəlli tapdı. 2004-cü ildə vəftiz olundu.
Viktor Malkov
Doğulduğu il: 1959 (Smolensk)
Bioqrafiya. Mexanik, dülgər və dam ustası işləyib. 1992-ci ildə Vera ilə evləndi. Gənclik illərində futbol oynamağı sevirdi. Gözdən əlil olan qardaşına qulluq edirdi.
Keçmişdə zorakı insan olub. Bunun ucbatından həbsdə yeddi il keçirib. Yoldaşı ilə boşanmaq üzrə idi. Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı araşdırmağa başlayanda dinc insan, qanuna tabe olan vətəndaş və nümunəvi ər oldu. 2008-ci ildə vəftiz olundu. 26 aprel 2020-ci il tarixində vəfat etdi.
Valeri Şalev
Doğulduğu il: 1977 (Yartsevo şəhəri)
Bioqrafiya. Gənclik illərində ingilis dilini öyrənib. Hərbi institut bitirib. Hərbi maliyyəçi işləmək üçün Rusiyanın Uzaq Şərqinə köçmüşdü. Hərbi qüvvələri tərk etdikdən sonra maliyyə məsləhətçisi işləmişdi. 1999-cu ildə hələ tələbəlik illərində tanış olduğu Svetlana ilə evləndi və onun dördyaşlı oğlunu övladlığa götürdü. Futbol oynayır və qaçışla məşğul olur.
Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı araşdıran anası öyrəndiklərini onunla bölüşürdü. Əvvəl-əvvəl Valeri anasının səhv yolda olduğunu sübut etməyə çalışırdı, amma sonda dərk etdi ki, bu, həqiqətdir. 2002-ci ildə vəftiz olundu.
Cinayət işi haqda məlumat
Smolenskdə təqiblər 2017-ci ildə Ali Məhkəmənin təşkilatın fəaliyyətinə qadağa qoymasından əvvəl başlamışdı. 18 dekabr 2016-cı il tarixində 15 nəfərdən ibarət silahlı polis dəstəsi Smolenskdəki ibadət evində keçirilən yığıncaq görüşünü pozmuşdu. Həmin vaxt zalda təxminən 60 bacı-qardaş var idi. Reyd zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları Rusiyanın «ekstremist materiallar» siyahısına daxil edilən nəşrləri gizlicə zala qoymuş, sonra onları «aşkar etmişlər».
2018 və 2019-cu illərdə axtarış və həbslər baş verdi. 25 aprel 2019-cu il tarixində bir neçə evə reyd keçirildi. Ruslan Korolyov, Valeri Şalev və Viktor Malkov həbs edildi. Viktor hüquq-mühafizə orqanlarının əməkdaşlarından soruşdu: «Dalaşdığım üçün yeddi il həbsdə yatmışam. İndi mən dindar insanam və siz məni xoş xəbəri təbliğ etdiyimə görə… həbs etmək istəyirsiniz?»
Yevgeni Deşkonu digər qardaşların həbsindən bir neçə gün sonra həbs etdilər. Yevgeni xatırlayır: «Mən gözləyirdim ki, nə vaxtsa məni də həbs edə bilərlər və buna hazır idim». Yehovanın Yuşəyə dediyi sözlər onu ruhlandırır: «Cəsur ol, möhkəm ol. Qorxma, təlaşa düşmə, çünki Mən, Allahın Yehova hər yerdə səninlə olacağam» (Yuşə 1:9). Yevgeni davam edir: «Burada Yehovanın həm çağırışı, həm də xidmətçisinə dəstək olacağı barədə vədi yazılıb».
Ruslan həbsdə olanda İsanın Mətta 6:34 ayəsində yazılan sözləri üzərində düşünürdü. O baş verə biləcək şeylərin fikrini çəkmirdi. Qardaş xatırlayır: «Mən məktublar yazırdım, Müqəddəs Kitabı oxuyurdum, kamera yoldaşlarımla həqiqət barədə danışırdım, ona görə də nəyinsə fikrini çəkməyə vaxt qalmırdı».
2020-ci ilin mart ayında Federal Təhlükəsizlik Xidmətinin (FTX) müstəntiqi Q. P. Bezrukov qardaşların qətimkan tədbirini dəyişdi və onlar ev dustaqlığından buraxıldılar. Onlar istintaq təcridxanasında və ev dustaqlığında təxminən bir il keçirdilər. Şübhə yoxdur ki, qətimkan tədbiri sadiq qardaşlarımız nikbin qaldıqları və həbsdə olarkən hakimiyyət orqanları ilə əməkdaşlıq etdikləri üçün yumşaldıldı. Müstəntiq əmin idi ki, qardaşlara daha çox azadlıq versə, onlar istintaqa mane olmayacaq və əlavə sorğu-sual zamanı onlardan təhlükə gəlməyəcək.
Əfsuslar olsun ki, bundan bir qədər sonra Viktor vəfat etdi. İstintaq təcridxanasındakı pis şərait və cinayət işinə görə keçirdiyi stres onun sağlamlığına düzəlməz zərər vurdu.
Ruslan, Valeri və Yevgeni Viktorun və sonadək sadiq qalmış digər çoxsaylı bacı-qardaşların nümunəsini izləməyə qəti qərarlıdırlar. Baş verən hadisələrə ruhani gözlə baxmaları sayəsində onlar təqiblərə tab gətirməklə yanaşı, ruhən tərəqqi edirlər.
Valeri deyir: «Həbsə düşəndən Yehova mənə daha yaxın oldu. İndiyə qədər Ona belə yaxın olmamışdım. Müqəddəs Kitabı daima oxuyurdum. Həbsxana elə də gözəl yer deyil, amma insanlar Yehovanın köməyi olmadan oradakı şəraitə dözə bilir. Bizim isə Yehova Allahımız var. Məgər biz dözə bilmərik?»
Yevgeni deyir ki, indi o, Yehovanın ona kömək edəcəyinə daha çox əmindir. Qardaş bölüşür: «Mən əminəm ki, Atamız bizi darda qoymur, xüsusilə ciddi sınaqlarla üzləşəndə. Ona görə gələcəkdə ola biləcək sınaqların fikrini çox çəkmirəm».
Məhkəmənin qərarı hər nə olsa da, Yevgeni bütün çətinliklərə dözmək və sadiq qalmaq əzmindədir.
Biz əminik ki, Yehovanın köməyilə bu qardaşlar və onların ailələri çətinliklərə sevinclə sinə gərəcəklər (2 Salonikililərə 3:5).