Kontentə keç

Dmitri Vinoqradov həyat yoldaşı Janargül və iki qızı ilə: Arina (solda) və Olesya (sağda)

18 MAY 2021
RUSİYA

Təqiblərə dözən Dmitri Vinoqradov Yehovanın dəstəyini hiss edir

Təqiblərə dözən Dmitri Vinoqradov Yehovanın dəstəyini hiss edir

YENİLƏNİB | Dmitri Vinoqradovun apelyasiya şikayəti təmin edilmədi

28 oktyabr 2021-ci il tarixində Çelyabinsk Vilayət Məhkəməsi Dmitri Vinoqradovun apelyasiya şikayətini təmin etmədi. Birinci instansiya məhkəməsinin onun barəsində çıxardığı qərar qüvvədə qaldı. Cəza şərti olduğu üçün bu dəfə qardaş həbsxanaya salınmayacaq.

7 iyun 2021-ci il tarixində Çelyabinskin Tsentralnı Rayon Məhkəməsi Dmitri Vinoqradovu iki il müddətinə şərti həbs cəzasına məhkum etdi.

Qardaş barədə məlumat

Dmitri Vinoqradov

  • Doğulduğu il: 1963 (Çelyabinsk)

  • Bioqrafiya. Valideynləri boşanandan sonra anası onu tək böyüdüb. Uşaqlıqdan şahmat oynamağı sevir. Peşəkar şahmatçı olub. Özəl şahmat məktəbində dərs deyir. 1990-cı ildə Janargül ilə evləndi. Onların dörd övladı var, iki kiçik uşağı onlarla yaşayır.

    Şüurlu insanların nəyə görə yer kürəsini çirkləndirdiyi və məhv etdiyi sualı onu həmişə narahat edirdi. Suallarına qaneedici cavabı Müqəddəs Kitabda tapdı. 2014-cü ildə Yehovanın Şahidi kimi vəftiz olundu.

Cinayət işi haqda məlumat

2018-ci ilin sonunda hüquq-mühafizə orqanlarına işləyən bir neçə şəxs özlərini Müqəddəs Kitabla maraqlanan insanlar kimi qələmə verərək Dmitrini ruhani mövzularda söhbətlərə cəlb etdi. Kifayət qədər «sübut» toplandıqdan sonra 2020-ci ilin yanvar ayında onun barəsində cinayət işi açıldı. İki aydan sonra Dmitri evdə olmayanda onun evində axtarış aparıldı.

Dmitrinin görmə qabiliyyəti zəifdir və o, yüksək qan təzyiqindən əziyyət çəkir. Qardaş deyir: «Allahla münasibətlərim fiziki sağlamlığımdan asılı deyil… Məhkəmədə şahidlik vermək şərəfinə görə həm sevinir, həm də qürur duyuram».

Uzun illərdir Dmitri ailəsi ilə birgə müntəzəm şəkildə Müqəddəs Kitabı mütaliə edir, yığıncaqlara hazırlaşır, onlarda iştirak edir və şərhlər verir. Bunun sayəsində bütün ailə Yehova Allah və bir-biriləri ilə münasibətlərini möhkəmləndirib və təqiblər başlayanda onlara hazır olub. Dmitri əlavə edir: «Bacı-qardaşların duaları bizə ən çox kömək edən şeylərdən biridir. Yehova bu saleh adamların dualarını cavabsız qoymur. Yehovanın ailəmizə verdiyi xeyir-duaların sayı-hesabı yoxdur».

Təqiblərə sevinclə və cəsarətlə dözən sadiq bacı-qardaşlarımızın nümunəsindən çox şey öyrənirik. Biz həvari Bulusun sözlərinə şərikik: «Allahın yığıncaqlarında sizinlə fəxr edirik, çünki bütün təqiblərə və çəkdiyiniz əziyyətlərə baxmayaraq, siz dözüm və iman göstərirsiniz» (2 Salonikililərə 1:4).