Kontentə keç

Soldan sağa: İlxam Karimov, Konstantin Matraşov, Vladimir Myakuşin və Aydar Yulmetyev

19 MAY 2021
RUSİYA

Tatarıstanda qardaşlar dəstəyinə görə Yehovaya minnətdardırlar | YENİLƏNİB

Tatarıstanda qardaşlar dəstəyinə görə Yehovaya minnətdardırlar | YENİLƏNİB

2 sentyabr 2022-ci il tarixində Tatarıstan Respublikasının Ali Məhkəməsi İlxam Karimovun, Konstantin Matraşovun, Vladimir Myakuşinin və Aydar Yulmetyevin apelyasiya şikayətini rədd etdi. Cəza şərti olduğu üçün onlar həbsə salınmayacaq.

16 dekabr 2021-ci il tarixində Tatarıstan Respublikasının Naberejnıye Çelnı Şəhər Məhkəməsinin qərarı ilə İlxam və Konstantin iki il yarım, Vladimir üç il bir ay, Aydar isə iki il doqquz ay müddətinə şərti həbs cəzasına məhkum edildilər.

Qardaşlar barədə məlumat

İlxam Karimov

  • Doğulduğu il: 1981 (Özbəkistan, Cambay şəhəri)

  • Bioqrafiya. Şüşəçi ixtisasına yiyələnib. Özbəkistandakı ailəsini dolandırmaq üçün bir neçə işdə işləyirdi. 2000-ci ildə Rusiyaya köçdü. 2001-ci ildə, bir gün duada Allahdan kömək istədi. Növbəti gün Yehovanın Şahidləri ilə rastlaşdı və Müqəddəs Kitabı öyrənməyə başladı. 2004-cü ildə vəftiz olundu. 2012-ci ildə Yuliya ilə evləndi.

Konstantin Matraşov

  • Doğulduğu il: 1988 (Prokopyevsk şəhəri)

  • Bioqrafiya. Uşaq ikən atası vəfat etdi. Mexanik işləyir. Səkkiz yaşı olanda anası Yehovanın Şahidi oldu. Müqəddəs Kitabın verdiyi ümid onu cəlb etdi. İndi anasına baxır. 2018-ci ildə vəftiz olundu.

Vladimir Myakuşin

  • Doğulduğu il: 1987 (Nijnekamsk şəhəri)

  • Bioqrafiya. Texnikum, daha sonra isə mühəndislik akademiyasını bitirib. Avtomobillər üçün elektroavadanlıq istehsal edən zavodda aparıcı mühəndis işləyir. Müqəddəs Kitabda həyat üçün hikmətli, aydın və məntiqli məsləhətlər tapıb. 2013-cü ildə vəftiz olunub. 2017-ci ildə Svetlana ilə evlənib.

Aydar Yulmetyev

  • Doğulduğu il: 1993 (Nijnekamsk şəhəri)

  • Bioqrafiya. Musiqi məktəbində oxuyub. Avtomexanik peşəsinə yiyələnib. Peşəsi üzrə işləyir. Müqəddəs Kitab prinsiplərinin valideynlərinə müsbət təsirini görəndən sonra özü də onu araşdırmaq qərarına gəldi. 2012-ci ildə vəftiz olundu. 2013-cü ildə Albina ilə evləndi. Müqəddəs Kitab əsasında tərbiyə edilmiş vicdanı hərbi xidmət keçməyə qoymadı. Alternativ mülki xidməti icra etdi.

Cinayət işi haqda məlumat

27 may 2018-ci il tarixində Tatarıstanda təhlükəsizlik xidmətinin əməkdaşları on Yehovanın Şahidinin evinə reyd keçirdilər. Nəticədə, İlxam, Konstantin, Vladimir və Aydar istintaq təcridxanasına göndərildilər və 160 gündən çox orada saxlanıldılar. Sonra onları ev dustaqlığına keçirdilər.

Daha ev dustaqlığında olmasalar da, bu qardaşların adı Rusiyanın federal «ekstremistlər» siyahısına salınıb və onlardan başqa yerə getməmək barədə iltizam götürülüb. Bu səbəbdən bank hesablarındakı puldan istifadə edə bilmirlər və iş tapmaqda çətinlik çəkirlər.

Təcridxanada keçirdiyi vaxtı xatırlayaraq Aydar deyir: «Çoxlu-çoxlu Müqəddəs Kitab ayələri yadıma düşürdü... Yehova yadıma salmasaydı, çətin ki, bu qədər fikri özüm xatırlaya bilərdim».

Konstantin istintaq təcridxanasına təzə-təzə gələndə narahatçılıq keçirirdi. Amma dərhal məhkəmə işçiləri, nəzarətçilər, digər məhbuslar, polislər və təcridxana işçiləri ilə imanı haqda danışmaq üçün imkanlar axtarmağa başladı. Qardaş xatırlayır: «Həbsdə təbliğ xidmətim azadlıqda olduğum vaxtdan daha yaxşı gedirdi. Hər şey həvari Bulusun Filippililərə 1:12, 13 ayəsində yazdığı kimi idi: “Qardaşlar, istəyirəm biləsiniz ki, başıma gələnlər müjdənin yayılmasına xidmət etmişdir. Belə ki, Məsih uğrunda həbs olunduğum hamıya, o cümlədən imperator qvardiyasına da məlum olub”».

Vladimir bacı-qardaşların praktiki köməyinə görə onlara çox minnətdardır. O deyir: «Həyat yoldaşım mənə deyib ki, dostlar tez-tez ona pul verirdilər ki, mənim üçün ərzaq alıb göndərsin. İstintaq təcridxanasında ay ərzində alınan ərzaqlara limit qoyulur. Mənə göndərilən ərzaqlar çox vaxt bu limitə çatırdı».

İlxam Yehova ilə münasibətlərinin necə möhkəmləndiyindən danışdı: «Bu sınaq məni səmavi Atamıza daha da yaxınlaşdırdı. İndi Ona daha çox etibar edirəm, dualarım isə uzun, daha məzmunlu və daha hərarətlidir».

Biz əminik ki, bu ailələr sınaqlar zamanı «mömin həyat» sürdüklərinə görə Yehovadan bol mükafat alacaqlar (1 Timutiyə 2:2).