2 APREL 2021
RUSİYA
Uzun müddət ev dustaqlığında olan iki qardaş işləri üzrə qərarın elan edilməsini gözləyir
YENİLƏNİB | Qardaşların apelyasiya şikayəti təmin edilmədi
16 fevral 2022-ci il tarixində Kemerovo Vilayət Məhkəməsi Aleksandr Bondarçuk və Sergey Yavuşkinin apelyasiya şikayətini təmin etmədi. Onlar həbsə salınmayacaq.
22 iyun 2021-ci il tarixində Kemerovo Şəhərinin Zavodskoy Rayon Məhkəməsi Aleksandr Bondarçuku və Sergey Yavuşkini dörd il müddətinə şərti həbs cəzasına məhkum etdi.
Qardaşlar barədə məlumat
Aleksandr Bondarçuk
Doğulduğu il: 1974 (Kemerovo vilayəti, Topki şəhəri)
Bioqrafiya. Atası vəfat edəndə 19 yaşı var idi. Ağır texnika sürücüsü, daha sonra isə dülgər peşəsinə yiyələnib. Hal-hazırda koks sobalarının təmiri ilə məşğul olur. Velosiped və ayaq xizəyi sürməyi, balıq tutmağı və qaçışla məşğul olmağı sevir.
1992-ci ildə Yelena ilə evlənib. Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı ailədə birinci Yelena öyrənməyə başlamışdı. Müqəddəs Kitab prinsiplərini tətbiq etmələri sayəsində ailələrini qoruya bildilər. Onların iki oğlu var.
Sergey Yavuşkin
Doğulduğu il: 1960 (Altay vilayəti, Rubtsovsk şəhəri)
Bioqrafiya. Uzun illər elektrik və qaz qaynaqçısı işləyib. Hal-hazırda çilingər işləyir. Uşaqlıqdan gitara çalmağı və müxtəlif idman növlərini sevir.
1990-cı ildə Tatyana ilə evlənib. Çox keçməmiş Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı araşdırmağa başladılar. Onlara ən çox təsir bağışlayan o oldu ki, qədim kitab olmasına baxmayaraq, o, bu gün də aktualdır. Onların bir qızı və bir oğlu var.
Cinayət işi haqda məlumat
22 iyul 2019-cu il tarixində səhər saat 6-da hüquq-mühafizə orqanlarının əməkdaşları ikinci dəfə Bondarçuk Aleksandrın və Yavuşkin Sergeyin yaşadıqları evlərə reyd keçirdilər. Bu dəfə qardaşları tutdular, yoldaşlarını isə sorğu-sual etdilər. Onların elektron cihazları müsadirə edildi.
İki gündən sonra Kemerovo Şəhərinin Tsentralnı Rayon Məhkəməsinin qərarı ilə onları iki ay müddətinə ev dustaqlığına saldılar. Bu müddət altı dəfə uzadıldı.
Ev dustaqlığında olan qardaşlar evlərindən ən çoxu 300 metr məsafəyə qədər uzaqlaşa bilərlər. Bu səbəbdən onlar işləyə bilmir. Hər iki qardaş tanışları arasında gözəl ad qazanıb və müdirləri onları çox qiymətləndirir. Bu səbəbdən müdirləri hətta onların işini aparan müstəntiqdən xahiş etdilər ki, qardaşların məhdudiyyəti götürülsün, ancaq onların xahişləri təmin edilmədi.
Aleksandr və onun ailəsi Yehovanın dəfələrlə onlara necə kömək etdiyini görüblər. O işləyə bilmədiyi və bank hesabları dondurulduğu üçün maddi vəziyyətləri çətindir. Bununla belə, qardaş deyir: «İndi mən Yehovaya daha çox güvənməyi öyrənmişəm. Sanki əvvəllər Yehovanın mənə necə kömək etdiyini bu dərəcədə görmürdüm, lakin indi Onun mənə hər gün, günün hər saatı necə kömək etdiyini görürəm. O, heç vaxt ailəmi və məni darda qoymur və sevgisini əsirgəmir».
Cinayət işi Sergeyə böyük stres yaşadıb. O, insult keçirib. Səhhətindəki problemlərə baxmayaraq, Sergey nikbin qalır. Qardaş deyir: «Başımıza gələn müvəqqəti çətinliklərə bəzən dözmək çətin olsa da, onlara xırda problemlər kimi baxmalıyıq».
Sergey 1 Korinflilərə 15:58 ayəsindən təsəlli tapır. Orada deyilir ki, Allahın «yolunda [çəkdiyimiz] zəhmət hədər deyil». Sergey deyir: «Yehova hər şeyi yadda saxlayır və O, yaxşı işlərimizi heç vaxt unutmur».
Sınaqlara illərlə səbirlə dözən Rusiyadakı bacı-qardaşlarımız üçün dua edirik. Qoy Allahın Kəlamında yazılan növbəti sözlər bundan sonra da onlara təsəlli olsun: «Yehova Ondan qorxanlardan, məhəbbətinə ümid bağlayanlardan xoşlanır» (Zəbur 147:11).