Kontentə keç

Azadlığa buraxılmış Valeri Moskalenko məhkəmə binasının qarşısında

4 SENTYABR 2019
RUSİYA

Valeri Moskalenko həbsdən azad edilib

Valeri Moskalenko həbsdən azad edilib

Xabarovskun Jeleznodorojnı Rayon Məhkəməsinin (Rusiya) 2 sentyabr 2019-cu il tarixli qərarı ilə Valeri Moskalenko iki il iki ay müddətinə ictimai işlərə cəlb olunub və ona yarım il sınaq müddəti təyin edilib. O artıq həbsdə qalmayacaq.

Qərar elan edildikdən sonra Valeri Moskalenko elə məhkəmə zalında həbsdən azad edilərək sevinc içində olan ailə üzvlərinə və dostlarına qovuşub. O, 2 avqust 2018-ci il tarixindən həbsdə saxlanılırdı. Həbsindən əvvəl Valeri elektrovoz maşinisti köməkçisi işləyir və xəstə anasına baxırdı. Sınaq müddətinin şərtlərinə əsasən, o, Xabarovsku tərk edə bilməz və hər ay məhkumun üzərində nəzarəti həyata keçirən orqanda qeydiyyata alınmalıdır.

Məhkəmə qarşısında son sözü ilə çıxış edən zaman Valeri Moskalenko deyib: «Müqəddəs Kitabda aydın ifadə olunmuş Allahın iradəsinə zidd davranmaq mənim üçün ağlasığmazdır. Fərqi yoxdur mənə hansı təzyiqlər göstəriləcək, yaxud hansı cəza təyin olunacaq, mən bəyan edirəm ki, məni hətta ölümə belə məhkum etsələr də, Kainatı yaradan Külli-İxtiyar Yehova Allahdan üz döndərən deyiləm!»

Yehovanın Şahidlərinin Avropa Assosiasiyasının təmsilçisi Yaroslav Sivulski deyib: «Məhkəmənin ittiham hökmü ilə razı olmasaq da, biz çox sevinirik ki, Valeri evinə qayıdacaq».

Xabarovsk diyarında daha yeddi qardaşın cinayət işi üzrə qərarın verilməsi gözlənilir.

Qardaşımız Valeri Moskalenkoya həbsdə olduğu müddətdə imanını möhkəm saxlamağa kömək etdiyinə görə Yehovaya minnətdarıq. Müqəddəs Kitab əsasında tərbiyə edilmiş vicdanlarına uyğun davrandıqlarına görə təqib olunan bütün bacı-qardaşlarımız üçün Yehovadan güc diləyirik (Əşiya 40:31).