14 OKTYABR 2019
RUSİYA
Valeri Moskalenkonun məhkəmədə son sözünün stenoqramı
30 avqust 2019-cu il tarixində, cümə günü Valeri Moskalenko məhkəmədə son sözü ilə çıxış edib. Aşağıda onun nitqinin stenoqramından çıxarışlar gətirilib (rus dilindən tərcümə olunub):
«Möhtərəm hakim və məhkəmə iclasına gələnlər, mənim 52 yaşım var. Son bir ilimi həbsdə keçirmişəm. Daha dəqiq desəm, artıq bir ildən çoxdur ki, həbsdəyəm.
Bu iclasdakı son sözümdə özüm, ittihamlara münasibətim və həyata baxışım barədə qısaca danışmaq istəyirəm. Mən çox ümid edirəm ki, Siz, möhtərəm hakim, başa düşəcəksiniz niyə Allaha iman etməkdən imtina etmək fikrim yoxdur və niyə Allaha iman etmək cinayət deyil.
Mən həmişə Yehovanın Şahidi olmamışam. Valideynlərim mənə gözəl, layiqli tərbiyə veriblər, lakin uşaqlıqdan ətrafda bu qədər ədalətsizliyin olması məni narahat edirdi. Mən düşünürdüm ki, axı belə olmalı deyil: niyə pis insanlar və fırıldaqçılar firavan yaşayır, dürüst və xeyirxah insanlar isə əziyyət çəkir?
24 yaşım olanda, bir neçə ay çəkən ciddi Müqəddəs Kitab araşdırmalarından sonra məni narahat edən suallara cavab tapdım.
O vaxtdan etibarən qərar qəbul edərkən Müqəddəs Kitabda qələmə alınmış Allahın nöqteyi-nəzərini, eləcə də Onun keçmişdə yaşamış xidmətçilərinin öz həyatlarında tətbiq etdikləri qanun və prinsiplərini nəzərə almağa çalışıram.
Anamla bir mənzildə yaşayırıq. O, qocadır və mənim qulluğuma ehtiyacı var. 2018-ci ilin avqust ayının 1-i anam evdə tək olanda FTX-nın müstəntiqi xüsusi təyinatlı dəstəyə giriş qapısının həncamalarını kəsməyi əmr etdi. Bu yolla müstəntiq evimə daxil olub orada axtarış aparmaq istəyirdi.
Anam bərk qorxdu. Maskalı xüsusi təyinatlılar evimizə daxil olanda anamın ürəyi tutdu və təcili yardım çağırmaq lazım oldu. Evdə polisin olduğunu xəbər tutan kimi 30 dəqiqəyə özümü ora çatdırdım. Anamın vəziyyətini görəndə təzyiqim qalxdı. Buna baxmayaraq, qəzəblənmədim və sakitliyimi qorumağa çalışdım. Məsihiyə yaraşan tərzdə — xeyirxahcasına davrandım. Bunu mənə Allahım Yehova öyrədib və mən Onu məyus etmək istəmirəm.
Məni üzürlü hesab edin, möhtərəm hakim, adətən özüm barədə bu qədər danışmıram. Lakin indi məcburam.
Mən 25 ildən çoxdur ki, Yehovanın Şahidiyəm. Bu, həyatımın böyük hissəsidir. Bu müddət ərzində heç kim mənim ekstremist olduğumu deməyib. Əksinə, hamı məni yaxşı qonşu, vicdanlı işçi və qayğıkeş oğul kimi tanıyıb.
2017-ci ilin aprelin 20-dən sonra məni qəfildən ekstremistlərə aid etdilər. Hansı əsasla? Nə dəyişdi? Mən pis oldum? Xeyr. Bəlkə, kiməsə zorakılıq tətbiq etmişəm? Kiməsə əzab-əziyyət vermişəm? Xeyr. Bəlkə, Rusiya Federasiyası Konstitusiyasının 28-ci maddəsində zəmanət verilən hüquqdan yararlanmaq imkanını itirmişəm? Bu da yox. Mənim adım Ali Məhkəmənin qərarında çəkilmir. Məni heç kim Rusiya Federasiyası Konstitusiyasından, xüsusilə də 28-ci maddədən istifadə etmək hüququndan məhrum etməyib. Onda niyə məni məhkəmə qarşısına çıxardıblar?
Müstəntiqlə söhbətlərimizdən mənə daha da aydın oldu ki, həbsdə saxlanılmağıma səbəb dindar insan olmağım, eləcə də dua və söhbətlərimdə Külli-İxtiyar Yehova Allahın adını çəkməyimdir. Axı bu, cinayət deyil! Allah Özü Özünə ad seçib və onu Müqəddəs Kitabda yazdırıb.
Mən bir daha təkrar edirəm: Müqəddəs Kitabda aydın ifadə olunmuş Allahın iradəsinə zidd davranmaq mənim üçün ağlasığmazdır. Fərqi yoxdur mənə hansı təzyiqlər göstəriləcək, yaxud hansı cəza təyin olunacaq, mən bəyan edirəm ki, məni hətta ölümə belə məhkum etsələr də, Kainatı yaradan Külli-İxtiyar Yehova Allahdan üz döndərən deyiləm!
Möhtərəm hakim, bütün dünyada Yehovanın Şahidlərini mehriban və sülhpərvər insanlar kimi tanıyırlar. Onların dindar insanlar kimi malik olduqları hüquqlarına dünyanın əksər ölkələrində hörmət edilir. Mən çox istərdim ki, Rusiyada da dindarların və mənim bir dindar kimi hüquqlarıma hörmət edilsin.
Mən ittiham edildiyim cinayətdə təqsirli deyiləm və xahiş edirəm ki, məhkəmə mənə bəraət versin!
Çox sağ olun!»