20 MAY 2021
RUSİYA
Vitali Popov etiqadına görə həbs olunmaq təhlükəsi ilə üz-üzədir
YENİLƏNİB | Vitali Popovun ikinci şikayəti təmin edilmədi
16 fevral 2022-ci il tarixində Səkkizinci Ümumi Yurisdiksiya Kassasiya Məhkəməsi Vitali Popovun ikinci şikayətini təmin etmədi. Qardaş həbsə salınmayacaq.
23 iyul 2021-ci il tarixində Novosibirsk Vilayət Məhkəməsi Vitali Popovun apelyasiya şikayətini təmin etmədi və ona təyin edilmiş üç il müddətli şərti həbs cəzasını dəyişməz saxladı.
21 may 2021-ci il tarixində Novosibirsk Şəhərinin Leninski Rayon Məhkəməsi Vitali Popovu üç il müddətinə şərti həbs cəzasına məhkum etdi.
Qardaş barədə məlumat
Vitali Popov
Doğulduğu il: 1967 (Novosibirsk)
Bioqrafiya. Elektrik və qaynaqçı işləyib. Sovet ordusunda hərbi xidmət keçib. Ayaq xizəyi sürməyi, voleybol oynamağı və mahnı oxumağı sevir. İki qardaşı və iki bacısı var idi. Vitali gənc olanda böyük qardaşı və bacısı faciəvi şəkildə vəfat etdilər. Bundan sonra ölüm və gələcəklə bağlı çoxlu sualları yarandı.
Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı 1990-cı illərin əvvəlində öyrənməyə başladı. İnsanların nəyə görə öldükləri sualına qaneedici cavab tapdı. Yehovanın Şahidləri arasında hökm sürən məhəbbət, hörmət və qayğı onu laqeyd qoymadı. 1994-cü ildə vəftiz olundu. 2011-ci ildə Natalya ilə evləndi.
Cinayət işi haqda məlumat
27 iyun 2019-cu il tarixində Vitaliyə qarşı cinayət işi açıldı. 9 aprel 2020-ci il tarixində hüquq-mühafizə orqanlarının əməkdaşları Vitalinin evinə gəlib onu sorğu-suala apardılar və dörd saatdan çox sorğu-sual etdilər.
Onun adını federal ekstremistlər siyahısına saldılar. Onun bank hesabı donduruldu. İki aydan sonra Vitali işdən çıxmalı oldu. Bu, ailəsi üçün ciddi maddi çətinliklərlə nəticələndi.
Yehova Vitalinin ailəsinin qayğısına qalmağa davam edir. Qardaş deyir: «O, bütün tələbatlarımızın — ruhani, maddi və emosional tələbatlarımızın qayğısına qalır... Ailəm Yehovaya köməyinə görə minnətdardır və bu bizə hər şeyin öhdəsindən gəlməyə və nikbin qalmağa kömək edir».
Görün Vitaliyə sınaqlara tab gətirməyə əsasən nə kömək edir: «İbadətlə bağlı hər şeyi öz vaxtında görməyim sayəsində Yehova ilə möhkəm münasibətlərə yiyələndim. İndi O mənim üçün daha realdır. Ona hər vəziyyətdə etibar etməyi öyrənmişəm». Qardaş ailəvi ibadət, yığıncaq görüşlərində iştirak etmək və şərhlər vermək, müntəzəm xidmət etmək və dua etmək kimi ruhani işlərdən qalmır. O deyir: «Əgər bütün bunları müntəzəm şəkildə etməsəydim, çətin ki, indi Yehovaya etibar edərdim və hər şeyin öhdəsindən gələrdim».
Məhkəmənin qərarını gözləyən Vitali üçün dua edirik. Biz bilirik ki, bizə qüvvət verən Yehova Rusiyada sınaqlarla üzləşən cəsarətli bacı-qardaşlarımızı bundan sonra da möhkəm edəcək (Filippililərə 4:13).