Kontentə keç

Soldan sağa: Andrey Maqliv, Vladimir Kulyasov, Qaliya Olxova, Tatyana Aluşkina, Vladimir Aluşkin və Denis Timoşin Leninski Rayon Məhkəməsində, 5 dekabr 2019-cu il

17 DEKABR 2019
RUSİYA

Vladimir Aluşkin altıillik həbsə məhkum edilib, beş nəfərə şərti həbs cəzası təyin edilib

Vladimir Aluşkin altıillik həbsə məhkum edilib, beş nəfərə şərti həbs cəzası təyin edilib

Cümə günü, 13 dekabr 2019-cu il tarixində Penza şəhərinin Leninski Rayon Məhkəməsinin qərarı ilə Vladimir Aluşkin təqsirli bilinərək altı il müddətinə həbsə məhkum edilib. Elə məhkəmə zalında onun əllərini qandallayıb həbsxanaya aparıblar. Vladimir Aluşkinin həyat yoldaşı Tatyana da daxil olmaqla, digər beş nəfər də eyni ittiham üzrə təqsirləndirilən şəxs qismində çıxış edirdi. Məhkəmənin qərarı ilə onların hamısına (üç qardaş və iki bacı) iki il müddətinə şərti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilib. Onların hamısı ittiham hökmlərindən apellyasiya şikayətləri verəcəklər.

Bir qədər öncə xəbər verildiyi kimi, Vladimir Aluşkin 15 iyul 2018-ci il tarixində həbs olunmuşdu. Həmin gün avtomatlarla silahlanmış təxminən 10 nəfərlik maskalı polis dəstəsi onun evinə basqın etmişdi. Polislər onun evində təxminən dörd saat axtarış aparmış, mobil telefonları, elektron cihazları, Müqəddəs Kitabları və ona əsaslanan digər nəşrləri müsadirə etmişdi. Həmin gün polis Yehovanın Şahidlərinin yaşadığı digər beş evdə də axtarış aparmışdı. Təxminən 40 bacı-qardaş sorğu-sual üçün polis şöbəsinə aparılmışdı.

Hüquq-mühafizə orqanları Vladimir Aluşkini iki gün müvəqqəti saxlama kamerasında saxlayıb. İki gündən sonra Penza şəhərinin Pervomayski Rayon Məhkəməsi onun istintaq təcridxanasına keçirilməsinə qərar verib. Rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirinin müddəti iki dəfə uzadılıb. Altı aydan sonra həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. Dekabrın 13-ü ittiham hökmü verilənə qədər o, ev dustaqlığında saxlanılıb.

Bu cinayət işi üzrə digər beş iştirakçıdan üçü Vladimir Kulyasov, Andrey Maqliv və Denis Timoşindir. İstintaq və məhkəmə araşdırması getdiyi müddətdə onlar ev dustaqlığında saxlanılırdı. Həmin cinayət işi üzrə qalan iki nəfərdən — Tatyana Aluşkina və Qaliya Olxovadan 2019-cu ilin fevral ayında başqa yerə getməmək haqqında iltizam alınmış, onların başqaları ilə ünsiyyətinə məhdudiyyət qoyulmuşdu.

2019-cu ilin avqust ayında BMT-nin Özbaşına Həbs üzrə İşçi Qrupu (ÖHİQ) 12 səhifəlik Rəy dərc etdi. Rəydə Rusiya Vladimir Aluşkini tutub həbs etdiyinə görə mühakimə edilirdi. ÖHİQ-nın Rəyinə əsasən, Vladimir Aluşkin «həbs edilməməli, istintaq təcridxanasında saxlanılmamalı və cənab Aluşkin üçün məhkəmə işi açılmamalı idi». ÖHİQ təkidlə bildirib ki, «münasib müdafiə vasitəsi cənab Aluşkini dərhal azad etməkdir». Penzada altı bacı-qardaşı müdafiə edən vəkillər beynəlxalq səviyyədə tanınan ÖHİQ-nın Rəyinə istinad edirdilər. Bununla belə, 13 dekabr tarixli ittiham hökmünü elan edərkən hakim bildirib ki, Yehovanın Şahidlərinin ibadətini qadağan edən Ali Məhkəmənin 2017-ci il tarixli qərarı ÖHİQ-nın Rəyindən üstündür.

Bu il Rusiyada 18 bacı-qardaş məhkum edilib, onlardan 9 qardaş müxtəlif həbs müddətlərinə məhkum edilib. 40-dan çox bacı-qardaş barədə həbs qətimkan tədbiri seçilib, 19 nəfər ev dustaqlığında saxlanılır, 300-ə yaxın bacı-qardaş imanına görə cinayət təqibinə məruz qalır.

Rusiyada dindaşlarımızın üzləşdiyi sınaqlar bizi kədərləndirsə də, biz təəccüblənmirik. Müqəddəs Kitabda bu sınaqlar haqda qabaqcadan xəbər verilmişdi, lakin eyni vaxta Yehova belə sınaqlarla üzləşənlərə məhəbbətlə dəstək olacağına da söz vermişdi. Biz dua edirik ki, «şərəf ruhu, yəni Allahın ruhu» Rusiyadakı qardaşlarımızın üstündən əskik olmasın (1 Butrus 4:12—14).