25 YANVAR 2021
RUSİYA
Yuri Zalipayevin bəraət hökmü dəyişməz qaldı
25 yanvar 2021-ci il tarixində Kabarda-Balkar Respublikasının Ali Məhkəməsi prokurorun 7 oktyabr 2020-ci il tarixli qərardan verdiyi apellyasiya şikayətini rədd etdi və Yuri Zalipayevin bəraət hökmünü dəyişməz saxladı. Prokurorun bu qərardan da şikayət vermək hüququ var. Bununla belə, qərar artıq qüvvəyə minib. Yuri qardaşın üzərindən bütün ittihamlar götürülüb. İndi onun yanlış ittihamlara görə təzminat istəmək hüququ var.
Yuri qardaş Yehovaya bel bağlayırdı və məhkəmə zamanı cəsarətli idi, halbuki bəraət hökmünün ləğv ediləcəyi ehtimalı var idi. Qərar elan edilməzdən əvvəl, Yuri məhkəmə qarşısında cəsarətlə bildirdi ki, Allah bütün pisliklərə, o cümlədən Yehovanın Şahidlərinin Rusiyada təqib edilməsinə tezliklə son qoyacaq. O dedi: «Hücumlar nə qədər mütəşəkkil olsa da, Yehovanın Şahidlərini təqib edənlər bir şeyi bilməlidir: onlar Allahın yer üzündə bütün pisliklərə tezliklə son qoyacağı barədə vədinə imanımı sarsıda bilməz. Mən iman edirəm ki, müxtəlif millətlərdən olan insanlar bacı-qardaş kimi yaşayacaq və onların arasında parçalanma olmayacaq. Müqəddəs Kitabda Allah barədə deyilir: “O, xalqlar arasında hakim olacaq, çox xalqlara aid məsələləri həll edəcək. Onlar qılınclarından gavahın, nizələrindən oraq düzəldəcək. Xalq xalqın üstünə qılınc qaldırmayacaq, artıq müharibə etməyi öyrənməyəcəklər” (Əşiya 2:4).
Mən əminəm ki, bu vədin gerçəkləşəcəyi gün çox yaxındır!»