21 İYUL 2017
RUSİYA
Yehovanın Şahidlərinin beynəlxalq nümayəndə heyəti Ali Məhkəmənin Apellyasiya baxışı zamanı Rusiyadakı dindaşlarına dəstək oldu
NYU-YORK. Yehovanın Şahidlərinin Rəhbərlik Şurası Rusiyadakı bacı-qardaşlara beynəlxalq qardaşlıq dəstəyi göstərmək üçün üç qitədən olan qardaşlardan ibarət nümayəndə heyətini Moskvaya göndərdi.
Rusiyadakı bacı-qardaşlar heyəti böyük sevinclə qarşıladı. Onları qarşılamaq üçün hətta uzaq Sibirdən də gələnlər var idi. Nümayəndə heyəti Rusiyadakı dindaşları üçün çox narahat olduqlarını və bütün dünyadakı bacı-qardaşların onlar üçün hərarətlə dua etdiklərini söylədi. Onlardan biri belə sözlər demişdi: «Rusiyadakı bacı-qardaşların cəsarəti mənə dərin təsir bağışladı. Halbuki fəaliyyətlərinə qadağa qoymaqla bağlı çıxarılan ədalətsiz qərarın dəyişəcəyinə heç bir ümidləri yox idi».
Üç hakimdən ibarət heyətin çıxardığı mənfi qərara rəğmən, məhkəmə zalında əsl birlik və məhəbbət hökm sürürdü. Lakin ictimaiyyət qarşısında Yehovanın adına ləkə yaxıldığının şahidi olmaq hamını çox məyus edirdi. Hər kəs başa düşürdü ki, Rusiyadakı bacı-qardaşları ağır sınaqlar gözləyir. Bununla belə, məhkəmə zalındakı bacı-qardaşların hörmətcil, ləyaqətli davranışı və bir-birinə göstərdikləri məhəbbət apellyasiya məhkəməsinin bizim ekstremist olduğumuza dair qüvvədə saxladığı qərarın əsassız olduğunu göstərən ən güclü sübut idi.
Rəhbərlik Şurasının üzvü Mark Sanderson nümayəndə heyətinə rəhbərlik edirdi. O, məhəbbətlə qardaşları bundan sonra da «cəsarətli və möhkəm» olmağa təşviq edirdi. Qardaşlar məhkəmə zalından çıxan kimi yerli bacı-qardaşlar onları qucaqlayıb, bu çətin günlərdə onlara dayaq olduqlarına görə minnətdarlıqlarını bildirdilər.
Qardaşlar heyəti həmçinin Moskvada 21 səfirliyi ziyarət edərək, onlara Rusiya hökumətinin Yehovanın Şahidlərinə qarşı kəskin münasibətinin nələrə gətirib çıxardığı ilə bağlı məlumat verdilər. Məsələn, Yehovanın Şahidlərinin işdən çıxarılması, evlərinin yandırılması, uşaqların məktəbdə sıxışdırılması, yığıncaq təşkil etdiyi üçün bir neçə ağsaqqalın cinayətə cəlb olunması barədə danışdılar. Bu ağsaqqallardan biri də istintaq müddətində həbsdə saxlanılan Dennis Kristensen qardaşdır. Bu hadisələrin təsvir olunduğu ikidəqiqəlik video səfirlərin bəzilərinə çox təsir etdi. Bütün rəsmi nümayəndələr eyni sualı verirdilər: «Niyə məhz Yehovanın Şahidləri?» Qardaşlar bu suala cavab verərək gözəl şahidlik verdilər. Onlar Yehovanın Şahidlərinin siyasətə qarışmadığını və etdiyimiz təbliğ nəticəsində Rusiyada yaşayan bir çox insanın həyatının yaxşılığa doğru dəyişdiyini bildirdilər. Səfirlərdən biri demişdi: «Sizin Pravoslav Kilsəsinin bostanına girməyiniz onların xoşuna gəlmir». 10-dan çox səfirliyin göndərdiyi nümayəndə 8 saat davam edən məhkəmə dinləməsi başa çatana qədər orada iştirak etmişdi.
Rusiyadakı bacı-qardaşların sadiq qalmaq əzmi və dövlət nümayəndələrinə şahidlik vermək imkanlarının olması Yehovanın Şahidlərinin beynəlxalq nümayəndə heyətinin imanını bir daha möhkəmləndirdi.
Əlaqə üçün:
Beynəlxalq məlumat xidməti: Deyvid Semonian, İctimai əlaqələr şöbəsi, tel.: +1 845 524 3000