Kontentə keç

7 MAY 2018
RUSİYA

Sankt-Peterburq Şəhər Məhkəməsi Yehovanın Şahidlərinin əleyhinə qərar verir

Sankt-Peterburq Şəhər Məhkəməsi Yehovanın Şahidlərinin əleyhinə qərar verir

3 may 2018-ci il tarixində Sankt-Peterburq Şəhər Məhkəməsi Yehovanın Şahidlərinin apellyasiyanı rədd etdi. Apellyasiya Solneçnoye qəsəbəsində yerləşən yerli filialın dövlət tərəfindən müsadirəsinin qarşısını almaq üçün verilmişdi. Qərar artıq qüvvədədir və dövlət istənilən vaxt əmlakı müsadirə edə bilər.

Bu qərar daha öncə Sestroretskiy Rayon Məhkəməsi tərəfindən verilən qərarı qüvvədə saxlayır. Həmin qərarda bildirilirdi ki, Solneçnoye qəsəbəsində yerləşən əmlakın Gözətçi Qülləsi, Müqəddəs Kitab və Traktatlar Cəmiyyətinin (Pensilvaniya, ABŞ) mülkiyyətinə köçürüldüyünü təsdiq edən müqavilə etibarsızdır. Müqavilənin etibarsız hesab olunması məhkəməyə imkan verdi ki, bu əmlakın həmişə Yehovanın Şahidlərinin Rusiyadakı İdarə Mərkəzinin mülkiyyətində olduğu iddiasını irəli sürsün. Nəticədə, dövlət bu əmlakı müsadirə edə bilər, çünki 2017-ci ilin aprelində Ali Məhkəmə İdarə Mərkəzini ləğv etmişdi. Bu ədalətsiz «mühakimə» hökumətə qanuni don altında əmlakı özbaşına müsadirə etməyə imkan yaratdı.

Yehovanın Şahidlərinin nümayəndəsi Filip Bramli qeyd edir: «Bu qərar ədalətin amansız şəkildə pozulmasıdır. Həmin əmlak Allaha həsr edilmişdi və Rusiyadakı Yehovanın Şahidlərinin sülhyönümlü dini fəaliyyətlərini dəstəkləmək üçün istifadə olunurdu. Əslində, hökumət bu əmlakı oğurlayır və biz bu ədalətsizliyi Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim edirik».