29 NOYABR 2018
RUSİYA
Dennis Kristensen beynəlxalq dəstək alır
Dennis Kristensen əqidəsinə görə 525 gündən çoxdur ki, həbsdə yatır və təxminən 50 dəfə məhkəmə qarşısına çıxıb. Dennis Kristensenin işinə baxan Oryol şəhərindəki Jeleznodorojnı Rayon Məhkəməsi dekabrın ortasına kimi dinləmələr planlaşdırıb. Qardaş 18 aydan çoxdur ki həbsdə yatmasına baxmayaraq, müsbət əhval ruhiyyəsini itirmir. Şübhəsiz, bu sübut edir ki, Yehova ona arxa-dayaqdır və bütün dünyadakı milyonlarla bacı-qardaşın duasını cavabsız qoymur.
Dennis Kristensen Rusiyadakı və digər ölkələrdəki dindaşlarından sevgi dolu yüzlərlə açıqcalar və şəkillər alıb. O, 30 oktyabr tarixindəki dinləmə zamanı saxlandığı kabinənin şüşəsindən bu açıqcalardan və uşaqların ona göndərdiyi şəkillərdən bəzilərini göstərdi. Belə ki, onu dəstəkləmək üçün dinləməyə gələn hər kəs bunları gördü və çox ruhlandı.
Bütün dünyadakı bacı-qardaşlarımızdan savayı, beynəlxalq ictimaiyyət də Dennis Kristensenin məsələsinə böyük maraq göstərib. 21 iyul 2017-ci il tarixində Moskva «Memorial» Hüquq-Mühafizə Mərkəzi bildirmişdi ki, Dennis Kristensen siyasi məhbusdur. 20 iyun 2018-ci il tarixində Rusiyanın İnsan Hüquqları Şurası Baş Prokurorluqdan xahiş etmişdi ki, Yehovanın Şahidlərinin əqidələrinə görə həbsə salınmalarının qanuni olub-olmadığını yoxlasın. 26 sentyabr 2018-ci il tarixində isə Birləşmiş Ştatların Beynəlxalq Dini Azadlıq üzrə Komissiyası Dennis Kristenseni rəsmi olaraq «vicdan məhbusu» olduğunu qəbul etmişdi.
Rusiya açıq məhkəmədə zəmanət vermişdi ki, Yehovanın Şahidlərinin hüquqi şəxslərinin qadağa olunması onların fərdi şəkildə ibadətinə təsir etməyəcək. Yerli və federal hüquq-mühafizə orqanları bu zəmanətə məhəl qoymadı, Dennis Kristensenin və digərlərinin həbsinə haqq qazandırmaq üçün onları «ekstremist» fəaliyyətdə ittiham etdi. Bu il Rusiya bütün Federasiya boyunca çoxlu reydlər keçirib. Hal-hazırda 25 bacı-qardaşımız həbsdədir, 18-i ev dustaqlığındadır və 40-dan çoxunun azadlığına başqa yollarla məhdudiyyətlər qoyulub. Dennis Kristensenin məhkəmə işinin yekunu Rusiyanın təxminən 30 bölgəsində yaşayan və cinayət istintaqlarının nəticəsini gözləyən 90-dan çox Yehovanın Şahidi üçün bir presedent olacaq.
Əminik ki, beynəlxalq ailəmiz səngimədən Yehovaya dua edəcək və Yehova imanlarına görə təqib olunan bacı-qardaşlarımıza daima güc və cəsarət verəcək. Yehovanın onların naminə «ədaləti bərpa» edəcəyi günü səbirsizliklə gözləyirik (Luka 18:7).