Kontentə keç

2 DEKABR 2015-Cİ İL
RUSİYA

Taqanroq Şəhər Məhkəməsi 16 Yehovanın Şahidini dini fəaliyyətə görə təqsirli bilir

Taqanroq Şəhər Məhkəməsi 16 Yehovanın Şahidini dini fəaliyyətə görə təqsirli bilir

11 ay davam edən məhkəmə prosesindən sonra Taqanroq Şəhər Məhkəməsi 16 Yehovanın Şahidini dinc şəraitdə keçirilən dini görüşlərin təşkilində və iştirakında təqsirli bilib cinayətkarlıqda ittiham etdi. Məhkəmə qərarını ekstremist fəaliyyətin təşkilatçılarını və iştirakçılarını cəzalandıran cinayət hüququna əsasən verib. Bu ittihama səbəb Taqanroq məhkəmələrinin 2009-cu ildə Rusiyanın ekstremist fəaliyyətlə mübarizə ilə bağlı qanununu icra etməməsidir *.

2015-ci il 30 noyabr tarixində hakim Vasyutçenko A. V. dörd Yehovanın Şahidinə beş il həbs və 100000 rubl (1511 ABŞ dolları) cərimə kəsdi. Digər 12 nəfərə isə 20000—70000 rubla (300—1050 ABŞ dolları) qədər cərimələdi. Ancaq hakim dərhal cəzaların və cərimələrin icrasını təxirə saldı. Bu təxirəsalınmanın müttəhimlərə necə təsir edəcəyi aydın deyil. Buna baxmayaraq, qərar müttəhimləri kriminallaşdırır.

Çətin seçim qarşısında

Taqanroqda yaşayan 800-dən çox Yehovanın Şahidi birlikdə toplaşıb dinc şəraitdə Müqəddəs Kitabı araşdırdıqları və dua etdikləri üçün üzləşəcəkləri şeylərdən narahatdırlar. Məhkəmə zamanı müttəhimlər bildirmişdilər ki, onlar Yehovanın Şahidləri kimi ibadətlərinə davam edəcəklər. Çıxarılan hökm isə onların qərarını sınağa çəkəcək. İttiham olunanlardan biri olan Aleksandr Skvorçov deyir: «Məhkəmənin sözündən belə çıxır ki, imanınızdan dönməliyik, əks təqdirdə təkrar cinayətkarlar kimi cəzalandırılacağıq».

Rusiyanın digər bölgələrindəki Şahidlər Taqanroqda verilən hökmdən sonra narahat olmağa başlayıblar. Taqanroqda olduğu kimi, Samara və Abinsk şəhərlərinin yerli hakimiyyəti də «Ekstremist fəaliyyətə qarşı» Qanunu Yehovanın Şahidlərinin dinc şəraitdə keçən ibadətlərinə qarşı icra etməmiş və yerli Şahidlərin hüquqi şəxslərini ləğv etmişdilər. Nə qədər ki, Rusiya rəsmiləri bu üsuldan istifadə edəcəklər, oradakı Yehovanın Şahidləri azad şəkildə ibadət etməyə çətinlik çəkəcək.

Din azadlığı uğrunda gedən mübarizə

Bu qərar göstərir ki, Yehovanın Şahidləri dinini qadağan etmək üçün Rusiya hökuməti əlindən gələni edir. Ötən il Rusiya rəsmiləri Yehovanın Şahidlərinin digər iki hüquqi şəxsini ekstremist elan ediblər. 2015-ci ilin mart ayından etibarən hökumət Müqəddəs Kitab da daxil olmaqla, Yehovanın Şahidlərinin bütün dini ədəbiyyatlarının idxalına qadağa qoyub. İyul ayında isə, Yehovanın Şahidlərinin jw.org rəsmi veb-saytını qadağan edərək dünyada bu saytı qadağan edən yeganə ölkə kimi «şöhrət» qazandı. Şahidlər bu qərarları yerli məhkəmələrdə mübahisələndirirlər və Rusiyada insan hüquqlarının bərpa olunması üçün Avropa İnsan Hüquqları Məhkəməsinə 28 ərizə göndəriblər.

Taqonroqdakı 16 Yehovanın Şahidi bu qərarı apellyasiyaya verəcəklər. Bununla da uzun müddətdir davam edən hüquq müharibəsində yeni mərhələ başlayacaq. Rusiyada Yehovanın Şahidlərinin mərkəzi idarəsindəki təmsilçisi Yaroslav Sivulskiy qeyd edir: «Onlar məhkəmələrdə iki il yarımdan çox olmalarına baxmayaraq, təəssüf ki, yenə ora getməli olacaqlar. Bunu da konstitusiyanın təmin etdiyi din azadlığı hüquqlarını müdafiə etmək məqsədilə edəcəklər».

Yehovanın Şahidləri ekstremist deyillər. Onlar Allahı və insanları sevməyi öyrədirlər. Taqanroqdakı Şahidlər həftəlik görüşlərdə bütün dünyadakı dindaşlarının keçdiyi mövzuları keçirlər. Rusiya hökumətinin Yehovanın Şahidlərinə qarşı pis rəftarı ilə bağlı 1700-dən artıq qanun pozuntusu qeydə alınsa da, Yehovanın Şahidləri qisas almaq məqsədilə bir dəfə də olsun vətəndaş itaətsizliyi göstərməyiblər.

Yehovanın Şahidləri ümid edirlər ki, Rusiya hökuməti onların dini fəaliyyətlərinin təhlükəsiz olduğunu qəbul edəcək və Taqanroqda və digər şəhərlərdə onları təqib etməyi dayandıracaq. Hökumət başqa tanınmış dinlərə dini azadlıq hüququnu verdiyi kimi, Yehovanın Şahidlərinə də verməlidir.

Məhkəmə prosesi *

  1. 22 yanvar 2015-ci il

    Taqanroq Şəhər Məhkəməsində 16 Yehovanın Şahidinin işinə yenidən baxılır.

  2. İyun 2015-ci il

    Hakim dinləmə prosesini və qərarı payıza kimi təxirə salır.

  3. 13 noyabr 2015-ci il

    Hakim qərar çıxarmaq məqsədilə məhkəməni təxirə salır.

  4. 30 noyabr 2015-ci il

    Taqanroq Şəhər Məhkəməsi 16 Yehovanın Şahidini təqsirli bilir. Onların hamısı cərimələnir, 4-ü isə beş ildən çox həbs cəzası alır. Hakim çıxarılan hökmləri təxirə salır.

^ Bu məhkəmə işinin ilkin baxışının icmalına «Taqanroqda 16 Yehovanın Şahidinin məhkəmə işinə yenidən baxılması uzadılır» məqaləsindən baxa bilərsiniz.