Kontentə keç

24 NOYABR 2017
RUSİYA

Oryol məhkəməsi Dennis Kristensenin məhkəməyədək həbs müddətini yenidən uzatdı

Oryol məhkəməsi Dennis Kristensenin məhkəməyədək həbs müddətini yenidən uzatdı

YENİLƏNİB: 22 dekabr 2017-ci il tarixində Oryol Vilayət Məhkəməsi Dennis Kristensenin məhkəməyədək həbsdən azad edilməsi barədə onun vəkilinin verdiyi apelyasiya şikayətini təmin etmədi. Onun məhkəməyədək həbs müddəti 23 fevral 2018-ci il tarixində bitir. O vaxta qədər o, məhkəmə qarşısına çıxarılmalıdır və ola bilsin, ona cinayət ittihamı oxunacaq.

20 noyabr 2017-ci il tarixində Oryol Şəhərinin Sovetski Rayon Məhkəməsi üç saat çəkən məhkəmə iclasından sonra Dennis Kristensenin məhkəməyədək həbs müddətini 23 fevral 2018-ci il tarixinədək uzatdı. Onun məhkəməyədək həbs müddəti artıq ikinci dəfədir üç ay müddətinə uzadılır. 2017-ci ilin may ayında polis Oryol şəhərində dinc dini görüşə reyd keçirdiyi gün Dennis Kristensen məhkəmə qərarı olmadan həbs edilmişdi.

Yehovanın Şahidi olan Dennis Kristensen Danimarka vətəndaşıdır. Onun həbsindən bir qədər əvvəl Rusiya Federasiyasının Ali Məhkəməsi Yehovanın Şahidlərinin dini fəaliyyətini ekstremist elan edərək onu faktiki olaraq qadağan etmişdi. Rayon məhkəməsi müstəntiqə Dennis Kristensenin qeyri-qanuni dini fəaliyyətlə məşğul olduğunun «sübutlarını» toplamağa vaxt vermək məqsədilə onun məhkəməyədək həbs müddətini uzatdı. Məhkəmə onu ev dustaqlığına keçirməkdən imtina etdi və Danimarka hökumətinin Dennis Kristensenə təzə pasport verməyəcəyinə və ona ölkəni tərk etməyə kömək etməyəcəyinə dair zəmanətlərinə məhəl qoymadı.

Dennis Kristensen Rusiya vətəndaşı olan həyat yoldaşı ilə birgə əsas insan hüquqlarına aid olan din və toplaşmaq azadlığı hüquqlarını həyata keçirdiyi zaman həbs olunub. Məhkəmə onun məhkəməyədək həbs müddətini iki ilədək uzatmaq səlahiyyətinə malikdir. O, altı ilədək həbsə məhkum edilə bilər.